Yerevanda balıqçıların etirazı

Balıq istehsalçıları hökumət binası qarşısında

İyulun 21-də Ermənistanda fermerlər hökumət binasının qarşısında baş nazirin müavini Mqer Qriqoryanla görüş tələb ediblər.

AzadlıqRadiosunun erməni xidməti xəbər verir ki, Armavir və Ararat bölgələrinin balıqçılıq təsərrüfatları Avropa bazarına məhsul çıxara bilmirlər və bu sahəyə təcili dövlət dəstəyinin ayrılmasını istəyirlər. İstehsalçıların sözlərinə görə, kredit öhdəlikləri səbəbindən bəzi müəssisələr bağlanma riski ilə üzləşib.

"Vanka Retail" balıq təsərrüfatının rəhbəri Rafael Poqosyanın sözlərinə görə, iki aydan çoxdur istehsal prosesini şəxsi vəsaitləri hesabına ayaqda saxlaya biliblər. O deyir ki, təxminən bir ay əvvəl balıq istehsalçıları İqtisadiyyat Nazirliyində toplaşıblar, hazırda məsələnin həlli üçün qida təhlükəsizliyi qurumu ilə birgə addımlar atılır.

Poqosyan iddia edir ki, zəruri yoxlamalardan sonra erməni siyənəyinin keyfiyyəti ilə bağlı heç bir problem qeydə alınmayıb. O deyir ki, iqtisadiyyat naziri Gevorq Papoyanla müzakirələrdə balıq istehsalçılarına dəstək proqramının hazırlanması barədə razılığa gəliblər. Bununla belə, o, yüksək risk zonası sayılmasına baxmayaraq, balıqçılıq sektoruna yönəlik heç bir maliyyələşdirmə layihəsinin nəzərdə tutulmadığını vurğulayıb.

"Azatutyun" yazır ki, aksiyaya yığışanlara hökumətə məktub ünvanlamaq təklif olunsa da, onlar baş nazirin müavini ilə birbaşa dialoq tələb edirlər.

Ermənistanda 7 iyun parlament seçkilərindən öncə Rusiya bu ölkədən meyvə-tərəvəz və balıq daxil olmaqla, xeyli sayda kənd təsərrüfatı məhsulunun idxalını qadağan edib.