Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qax rayonunda yerləşən Kürmük məbədi ilə bağlı Gürcüstan Patriarxlığının açıqlamasını iki ölkə arasında dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna zidd adlandırıb. Patriarxlıq bundan bir gün öncə sözügedən məbəddə aparılan işlərlə bağlı narahatlığını bildirmişdi.
XİN Azərbaycan ərazisində yerləşən coğrafi və tarixi toponimlərin başqa adlarla təqdim edilməsini "qəbuledilməz" adlandırır. Qurum Gürcüstan Patriarxlığının Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə münasibətdə "ərazi iddialarını ehtiva edən" yanaşmasının anlaşılan olmadığını vurğulayır.
Gürcüstan Patriarxlığı sentyabrın 24-də yaydığı bəyanatda sözügedən məbədi "Kümrüxi Müqəddəs Georgi Kilsəsi" adlandırmış, orada hansı işlərin aparıldığını müəyyənləşdirməyin vacibliyini qeyd etmişdi. Bəyanatda kilsənin tarixi Hereti ərazisində yerləşdiyi bildirilir. "Hereti" deyilən tarixi coğrafi bölgə vaxtilə Azərbaycanın şimal-qərb ərazilərini də əhatə edib.
Patriarxlıq məbədin "Gürcüstanın tarixi və mənəvi irsinin mühüm abidəsi" olduğunu iddia edərək, orada görülən işlər barədə Azərbaycanın aidiyyəti dövlət qurumlarından heç bir məlumat almadıqlarını bildirib. Qurum həm öz nümayəndələrinin, həm də gürcü mütəxəssislərin bu prosesə cəlb olunmasını və abidənin lazımi qaydada qorunub saxlanmasını vacib sayır.
Kürmük məbədi
Ermənistanla kilsə məsələsi xatırladılır
Azərbaycan XİN iki ölkənin bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdığını vurğulayır. Nazirliyin bəyanatında deyilir ki, Gürcüstan Patriarxlığına "Ermənistan kilsəsinin məlum yanaşmalarını təkrarlamaması və onun yolu ilə getməməsi məsləhət görülür".
Hər üç Cənubi Qafqaz respublikasında zaman-zaman bir-birlərinə qarşı ərazi və mədəni irs iddiaları səslənib. Lakin Azərbaycanla Gürcüstan arasındakı bənzər hallar heç vaxt kəskin münaqişələrə çevrilməyib.
Bu ay Ermənistanla da oxşar məsələ gündəmə gəlmişdi. Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin Qarabağdakı 13-cü əsr kilsəsini "Qafqaz Albaniyasının qədim xristian irsinin ayrılmaz hissəsi" adlandırması Ermənistanın müxalifət dairələrində və bəzi ictimai xadimlər arasında narazılıq doğurmuşdu. Rəsmi dairələr isə bu məsələdə daha təmkinli mövqe nümayiş etdiriblər.
Bu hadisələrin fonunda Ermənistan və Azərbaycan ekspertlərinin bugünlərdə Yerevanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. Ermənistan görüşün Azərbaycan tərəfinin istəyi ilə "gərginlik azalanadək" təxirə düşdüyünü bildirib. Azərbaycanda hökumətyönlü media bunu "Ermənistan cəmiyyətində Azərbaycanla bağlı yaranmış vəziyyət" ilə izah edib, Azərbaycana qarşı xarici lobbiçilik və ekspert dairələrinin iştirakı ilə genişmiqyaslı informasiya kampaniyasının aparıldığı iddia olunub.
Xatırlatma
Ötən əsrin 80-ci illərinin sonunda gərginləşən Qarabağ münaqişəsi Azərbaycanla Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycan ərazilərinin 20 faizinə nəzarəti itirsə də, sonradan həmin torpaqlarda öz suverenliyini tam bərpa edib.
Ötən ilin avqustunda Vaşinqtonda prezident Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Paraflanmış mətndə tərəflər qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüyünü tanıyır.