Ermənistanla Azərbaycan münasibətlərində bir neçə min itkin düşmüş şəxsin taleyinə aydınlıq gətirilməsi məsələsi hələ də həllini gözləyir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 24-də Nyu-Yorkda, BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışında bildirib. O, bu məsələ üzrə Azərbaycanla əməkdaşlığa dair razılıq əldə olunduğunu deyib.
"Ermənistan mina təmizlənməsi məsələsində Azərbaycanla əməkdaşlığı davam etdirməyə və dərinləşdirməyə hazırdır. Təbii ki, Ermənistan cəmiyyəti münaqişə nəticəsində Azərbaycanda saxlanılan ermənilərin geri qayıtmasını gözləyir", – o vurğulayıb.
Hazırda Azərbaycanda 19 erməni saxlanılır. Onların əksəriyyəti terrorçuluq, insanlığa qarşı cinayətlərdə təqsirli bilinərək uzunmüddətli həbsə məhkum edilib.
1990-cı illərin əvvəllərində başlayan Qarabağ münaqişə nəticəsində itkin düşənlərə gəlincə, Paşinyan çıxışında dəqiq say göstərməsə də, Ermənistan Xarici İşlər Nazirliyi (XİN) bu rəqəmin 1008 olduğunu açıqlayıb.
Azərbaycan isə münaqişə nəticəsində 4010 azərbaycanlının itkin kimi qeydiyyata alındığını bildirib.
Ritorika
Paşinyan həm Ermənistan, həm də Azərbaycanın bəzi dairələrində, o cümlədən bəzən rəsmi səviyyədə münaqişə ritorikasından istifadə edilməsinin bədbinliyi artıran əsas səbəblərdən biri olduğunu deyib: "Düşünürəm ki, biz – Ermənistan və Azərbaycan – kifayət qədər ciddi nəticələr əldə etmişik. Bu müsbət nəticələr bizim üçün istər tarix, istər tarixi-mədəni abidələr, istərsə də digər mövzularla bağlı münaqişə ritorikasından daha dəyərli olmalıdır".
Baş nazir Azərbaycanla bərqərar olmuş sülhün regionda yeni imkanlar açdığını bildirib: "1990-cı illərin əvvəllərindən bəri ilk dəfə Ermənistan Azərbaycan ərazisindən keçməklə dəmir yolu əlaqəsi əldə edəcək".
Paşinyan Rusiya ilə münasibətlərin "transformasiya" mərhələsində olduğunu, dostluq və qarşılıqlı hörmət əsasında inkişaf edəcəyinə ümidini bildirib. O, Türkiyə ilə yüksək səviyyəli dialoqun davam etdiyini, İran və Gürcüstanla isə mehriban qonşuluq münasibətlərinin genişləndiyini vurğulayıb.
Xatırlatma
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətrafdakı yeddi rayonu işğal edilib.
2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini tam bərpa edib.
Ötən ilin avqustunda Vaşinqtonda prezident Donald Trampın vasitəçiliyi ilə 30 ildən çox münaqişədə olan Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Paraflanmış mətndə tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə qarşılıqlı iddiaların geri götürüləcəyi vurğulanır.
Artıq iki ölkə arasında yükdaşımalar bərpa edilib.