Ukrayna ABŞ ilə 20-bəndlik sülh planını imzalayacaq, ABŞ Rusiya ilə də ayrıca sənəd imzalayacaq. Bunu xarici işlər naziri Andriy Sibiqa "Yevropeyskaya Pravda"ya deyib.
"Məhz 20-bəndlik plandan danışırıqsa, bu, ABŞ və Ukraynanın imzalayacağı ikitərəfli sənəddir. Rusiya ilə də sənədi ABŞ imzalamalıdır. Hazırda məhz bu cür model müzakirə olunur, amma danışıqlar davam edir, bu, bir prosesdir", – o vurğulayıb.
Sibiqanın sözlərinə görə, sazişdə Aİ-nin imzası olmayacaq, ancaq "Avropa bizimlədir, o, sülh prosesində və təhlükəsizlik zəmanətləri üzrə razılaşmalarda iştirak edir".
Nazir əlavə edib ki, gələcək razılaşmaların vacib elementləri Ukraynada xarici qoşunların mövcudluğu və "qabaqlayıcı paket"dir.
Sibiqanın dediyinə görə, prezident Volodimir Zelenski ərazi məsələsinin və Zaporojye AES-ə nəzarətin həlli üçün Vladimir Putinlə görüşməyə hazırdır.
Yanvarın 23 və 24-də Ukrayna, ABŞ və Rusiya təmsilçiləri Əbu-Dabidə görüşüb. Ukrayna prezidenti Zelenski ölkəsinin nümayəndə heyətinin hesabatını qəbul edəndən sonra yeni görüşlərin keçiriləcəyini açıqlayıb. Medianın yazdığına görə, Rusiya ordusunun Ukraynada irəliləmə tempi ötən ilin martındakı həddə enib, bu isə Kremli sülh danışıqlarında üstünlükdən məhrum edə bilər.
Xarkovda sərnişin qatarına dron zərbəsindən 5 nəfər həlak olub
Ukraynanın Xarkov vilayətində sərnişin qatarına Rusiyanın dron zərbəsindən 5 nəfər həlak olub.
Ukrayna prezidenti Volodimir Zelenski qatarın vurulması nəticəsində ilkin olaraq dörd nəfərin həlak olduğunu, daha dörd nəfərin axtarıldığını, iki nəfərin yaralandığını bildirib. Dronlarından birinin düşdüyü vaqonda 18 nəfər olub. Zelenski qatarda ümumilikdə 200-dən çox insanın olduğunu yazıb.
Xarkov vilayət Prokurorluğunun məlumatına görə, iki dron qatarın yaxınlığında partlayıb, daha biri isə birbaşa vaqona düşüb.
Ukrayna baş nazirinin müavini Aleksiy Kuleba isə sosial şəbəkələrdə yazıb ki, "Şahed" tipli üç dron "Barvenkovo-Lvov-Çop" marşrutu ilə hərəkət edən qatara hücum edib. Kulebanın sözlərinə görə, dronlar teplovozun önünə və sərnişin vaqonuna düşüb, vaqonda yanğın başlayıb.
Kuleba sərnişin qatarına zərbəni "Rusiyanın mülki əhaliyə birbaşa terror aktı" adlandırıb. Rusiya hakimiyyəti isə indiyədək oxşar ittihamları rədd edir.
Rusiya ilk dəfə deyil Ukraynanın sərnişin qatarlarına hücum edir. 2025-ci ilin oktyabrında Sumı vilayətində Şostka stansiyasında qatara Rusiya mərmisi dəyib, 71 yaşlı kişi həlak olub. Elə həmin ay Lvov-Kramatorsk marşrutu üzrə hərəkət edən qatara dron hücumuna cəhd olub.
+++
Yanvarın 28-nə keçən gecə Rusiya qoşunları Kiyev vilayətinin Buça rayonunda çoxmərtəbəli yaşayış binasını vurub. İki nəfər həlak olub.
Hücum nəticəsində binanın dam örtüyü, yeddinci mərtəbədə yerləşən bir mənzil yanıb.