Xaçaturovun oğlu həbsdə qaldı

Yerevanda etirazlar, 18 may, 2022-ci il

Xaçaturov mayın 17-də saxlanıb, onun polisi vurduğu iddia olunur

Yerevanda məhkəmə Ermənistan silahlı qüvvələrinin keçmiş başçısı Yuri Xaçaturovun oğlu İqor Xaçaturovun həbs qərarını qüvvədə saxlayıb. O, müxalifətin buhəftəki etirazlarında polis əməkdaşına hücumda ittiham olunur.

Xaçaturov mayın 17-də saxlanıb, onun polisi vurduğu iddia olunur.

Atası vaxtilə Rusiyanın lideri olduğu KTMT-nin baş katibi olmuş Xaçaturov isə iddianı rədd edir. Müxalifət liderləri polisi adamları etirazlardan çəkindirmək üçün nümayişçiləri “saxta, qondarma ittihamlar”la saxlamaqda suçlayır.

Buna da bax: İlham Əliyev Ermənistanla danışıqların yubanmasından danışır

Ermənistanda müxalifət Baş nazir Nikol Paşinyanı Azərbaycanla danışıqlarda Dağlıq Qarabağı güzəştə getməkdə ittiham edərək, istefasını tələb edir.

Paşinyan ötən ay Azərbaycan Prezidenti İlham Əliyevlə Brüssel görüşündə sülh sazişinin hazırlanmasına başlamağa razılaşıb. Azərbaycan sazişin beş elementə əsaslanmasını, iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını istəyir.

Buna da bax: Paşinyan KTMT-ni tənqid edib, Putinlə görüşüb

Paşinyanın bu elementlərin Yerevan üçün qəbuledilən olduğunu açıq şəkildə bəyan etməsi müxalifəti qızışdırıb. Onlar hakimiyyətin Dağlıq Qarabağ üzərində Azərbaycanın suverenliyini tanımağa hazır olduğunu deyirlər.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Laçın dəhlizinə və Qarabağda ermənilərin yaşadığı ərazilərə Rusiya hərbçiləri yerləşdirilib.