VTsIOM sorğu metodologiyasını dəyişdi, Putinin reytinqi yüksəldi

Vladimir Putin illik marafon mətbuat konfransında

Rusiyanın dövlət sosioloji agentliyi — Ümumdünya İctimai Rəyin Öyrənilməsi Mərkəzi (VTsIOM) sorğuların keçirilmə metodologiyasını rəsmi şəkildə dəyişib. Bir neçə həftə ardıcıl olaraq prezident Vladimir Putinin reytinqinin düşdüyünü açıqlayan agentlik bu dəyişiklikdən sonra göstəricilərin yenidən yüksəldiyini bəyan edib. Məsələyə ilk olaraq "Agentstvo" müstəqil nəşri diqqət çəkib.

Yeni reytinq göstəriciləri mayın 15-də — ikihəftəlik fasilədən sonra dərc olunub. VTsIOM rəhbərliyi hesabatların gecikməsini may bayramları ilə əlaqədar yarandığını açıqlayıb.

Son sorğunun nəticələrinə görə, respondentlərin 66.8 faizi Putinin prezident kimi fəaliyyətini bəyəndiyini bildirib. Bu göstərici iki ay əvvəlki rəqəmlərdən aşağı olsa da, aprelin sonundakı əvvəlki sorğu ilə müqayisədə 1.2 faiz artım deməkdir. Hakim "Vahid Rusiya" partiyasının reytinqinin isə 3.5 faiz yüksəldiyi iddia olunur. Bunun əksinə olaraq, Rusiya hökumətinin fəaliyyətinə ictimai dəstək azalıb.

Metodologiya niyə dəyişdirilib?

Artıq rəy sorğuları təkcə telefon zəngləri vasitəsilə deyil, həm də respondentlərin evlərinə şəxsi baş çəkməklə (üzbəüz sorğu) keçirilir.

Agentliyin rəsmi açıqlamasında deyilir: "Təkcə telefon sorğusu keyfiyyətli elektoral proqnozlaşdırma üçün lazım olan mənzərəni tam əks etdirmir. Məhz buna görə də telefon və ev sorğularının birləşdirilməsi bizim üçün sadəcə münasib metod deyil, həqiqətən zəruri bir addımdır".

Qurum xüsusilə vurğulayıb ki, yaşlı nəslin nümayəndələri son vaxtlar telefon dələduzlarından ehtiyat edərək zənglərə cavab verməkdən və rəy bildirməkdən daha çox yayınırlar.

Kremllə sıx əməkdaşlıq edən digər bir sosioloji mərkəz — FOM (İctimai Rəy Fondu) da Putinə müsbət münasibətin 73 faizdən 75 faizə yüksəldiyini açıqlayıb. Lakin sözügedən qurum metodologiyada hər hansı bir dəyişiklik edib-etmədiyi barədə məlumat verməyib.

Aprelin sonuna qədər VTsIOM-un hesabatlarında Putinin reytinqi yeddi həftə ardıcıl olaraq enirdi. Müstəqil şərhçilər bu düşüşü ölkədə internetin bloklanmasından yaranan kütləvi narazılıq və artan iqtisadi problemlərlə əlaqələndirirdilər.

Kreml Putinin reytinqinin düşməsi ilə bağlı şərh verməyib.