Virciniyada qəzaya düşən təyyarədən sağ çıxan olmayıb

Arxiv fotosu

Vaşinqton səmasında uçan təyyarənin Virciniya ştatında qəzaya düşməsi nəticəsində sağ qalan olmayıb. Rəsmilərin məlumatına görə, bazar günü günortadan sonra heç bir reaksiya alınmayan şirkət təyyarəsi qəzaya düşməmişdən öncə uçuş ərazisinə döyüş təyyarəsi göndərilib.

Bir neçə saat sonra polis bildirib ki, xilasedicilər Şenandoah vadisinə, təyyarənin qəzaya uğradığı yerə çatıblar və qəzadan sağ çıxan olmayıb.

Federal Aviasiya Administrasiyası təyyarəni bazar günü Tennessi ştatının Elizabettaun şəhərindən havaya qalxdığını və Lonq Aylenddəki MakArtur hava limanına doğru getdiyini açıqlayıb. Təyyarə anlaşılmaz şəkildə Lonq Aylend üzərindən geri dönüb, 15:30 radələrində Virciniya ştatının Montebello yaxınlığındakı dağlıq əraziyə çırpılıb.

Buna da bax: Boeing direktorları korporasiyaya 225 milyon dollar ödəyəcək

Təyyarənin niyə reaksiya vermədiyi, qəzaya hansı səbəbdən düşdüyü və göyərtəsində neçə nəfərin olduğu, hələlik, bəlli deyil.

Adının açıqlanmaması şərti ilə “Associated Press” agentliyinə danışan ABŞ rəsmisi, radio siqnallarına cavab verməyən və daha sonra qəzaya uğrayan kiçik biznes təyyarəsinə görə qırıcının havaya qalxdığını təsdiqləyib.

“İnsident zamanı “NORAD” təyyarəsi, pilotun diqqətini cəlb etmək üçün ictimaiyyətə də görünən siqnal raketlərindən istifadə edib. Bu raketlər, təyyarənin və yerdəki insanların təhlükəsizliyini nəzərə almaqla istifadə olunur”, – Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının açıqlamasında deyilir.

Buna da bax: Çin ABŞ-la qarşıdurma ehtimalını qlobal fəlakət sayır

Şirkət rəhbərinin açıqlaması

Qəzaya uğrayan təyyarə Floridada yerləşən “Encore Motors of Melbourne Inc” şirkətində qeydiyyatdan keçib. Şirkətin rəhbəri Con Rampel (John Rumpel) “New York Times” qəzetinə təyyarədə qızının, 2 yaşlı nəvəsinin, dayə və pilotun olduğunu bildirib.

Pilot olan Rumpel rəsmi orqanlardan kifayət qədər məlumat ala bilmədiyini deyib. O, təyyarənin kabin təzyiqini itirmiş ola biləcəyini düşünür.

Qırıcı havaya qalxan zaman prezident Co Bayden (Joe Biden) “Joint Base Andrews”də qolf oynayırmış. ABŞ Məxfi Xidmətinin sözçüsü Entoni Quqlielmi (Anthony Guglielmi) insidentin prezidentin bazar günü planlarına heç bir təsir göstərmədiyini açıqlayıb.

Ağ Ev rəsmisi prezidentin qəza ilə bağlı məlumatlandırıldığını bildirib.