Baydenin seçki sınağı

Qlen Yanqkin

Gələn il Konqresə seçkilər olacaq və bu fakt demokratları narahat etməyə başlayır

ABŞ-ın Virciniya ştatında respublikaçının qələbəsi Demokrat Prezident Co Bayden üçün geriləmə sayılır. O, cəmi bir il öncə həmin ştatda asanlıqla qələbə qazanmışdı.

Zəngin keçmiş şirkət rəhbəri, indiyədək heç vaxt dövlət qulluğunda olmayan Qlen Yanqkin keçmiş qubernator Terri Makolif üzərində qələbə çalıb.

Bu seçki yanvarda vəzifəyə gələn Baydendən ötrü seçici rəyi üzrə ilk sınaq idi. Gələn il Konqresə seçkilər olacaq və bu fakt demokratları narahat etməyə başlayır.

Buna da bax: Ərdoğan Qlazqoya getməyib, Baydenlə…

Nyu Cersi ştatında isə demokrat qubernator Fil Mörfi respublikaçı Cək Siatarellini geridə qoymağa çalışır. Bülletenlərin 78 faizinin sayıldığı bildirilir, amma demokratların bəzi dayaq nöqtələrindən səslər hələ sayılmaqdadır.

Bayden bir il öncə prezident seçkisində hər iki ştatda asanlıqla qələbə çalmışdı. ABŞ hərbçilərini Əfqanıstandan xaotik vəziyyətdə çıxarandan onun reytinqi düşməyə başlayıb, qanunvericilik aktlarını Konqresdən keçirməyə çalışır.

Buna da bax: Pfizer/BioNTech vaksininin 5-11 yaşlılara vurulmasına icazə verildi

Bayden Virciniyada qələbə gözləyirdi

Şotlandiyada BMT-nin COP26 iqlim konfransından ölkəsinə yola düşən Bayden deyib ki, seçkinin sərt rəqabətlə keçəcəyini hamı bilirdi. “Məncə, Virciniyada qalib gələcəyik”, – deyən Bayden prezident seçkisindən sonrakı bir ilin həmişə gözlənilməz olduğunu sözlərinə əlavə edib.

Gələn ilki seçkilərdə Konqresə nəzarət üçün mübarizə aparılacaq.

Virciniyada səsvermədə mədəniyyət məsələləri üstünlük təşkil edib. Yanqkin valideynlərə söz verib ki, dövlət məktəblərində irqi, gender və COVID-19 qaydalarına daha çox nəzarət edə biləcəklər. Makolif isə abort və seçki hüquqlarını qoruyacağını bildirib.

CNN-in keçirdiyi ekzit polla görə, seçicilər iqtisadiyyatla bağlı narahatlığı təhsil, vergi və pandemiyadan önə çəkiblər.

Noyabrın 2-də amerikalılar onlarla şəhərə mer də seçiblər.

Buna da bax: Bayden və Makron silah ticarəti qaydalarını müzakirə ediblər

Nyu York, Boston, Minneapolis

Nyu York şəhərində keçmiş polis kapitanı, demokrat Erik Adams seçkini udaraq şəhərin ikinci qaradərili meri olub.

O, yanvarda vəzifə başına keçəcək. Yeni mer koronavirus pandemiyasının 34 mindən çox sakinin həyatına son qoyduğu, yüzminlərlə iş yerinin bağlandığı şəhəri iqtisadi baxımdan dirçətlməyə çalışacaq.

Bostonda seçicilər ilk dəfə olaraq Asiya mənşəli qadını mer seçiblər. Mişel Vu şəhər şurasının üzvü, tayvanlı emiqrantların qızıdır. Boston indiyədək mer postuna yalnız ağdərili kişiləri seçirdi.

Buna da bax: Floydun ölümünə görə keçmiş polis 22,5 il azadlıqdan məhrum edilib

Minneapolisdə seçicilər şəhərin polis departamentini yeni İctimai Təhlükəsizlik Departamenti ilə əvəzləmək təklifini rədd ediblər. Təklifdə hüquq-mühafizə orqanına ayrılan pulların sosial işə, cinayətkarlığın kökünü kəsəcək digər proqramlara yönəltmək təklif olunurdu.

Təklif tərəfdarları bu addımın Minneapolisdə asayişin təminatında radikal dəyişiklik edəcəyinə ümid bəsləyirdilər. 2020-ci ildə afroamerikalı Corc Floydun ağdərili polis Derek Şovin tərəfindən öldürülməsi bütün dünyada irqi ədalətsizliyə qarşı nümayişlərə səbəb oldu.