Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 09:40

Pfizer/BioNTech vaksininin 5-11 yaşlılara vurulmasına icazə verildi


Arxiv fotosu
Arxiv fotosu

Ekspertlər vaksinin uşaqlara faydasının risklərini üstələdiyini bildiriblər

Birləşmiş Ştatlarda 5-11 yaşlılara COVID-19-a qarşı Pfizer-BioNtech vaksini vurula bilər. Ölkənin səhiyyə orqanları noyabrın 2-də bu yaş qrupunun peyvəndlənməsinə yekun icazə veriblər.

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) direktoru vaksinin üçdə bir dozasının azyaşlılara vurulmasına icazə verib.

Artıq noyabrın 3-dən 5-11 yaşlılar üçün dozalar paylana bilər. ABŞ-da bu yaş qrupunda 28 milyon uşağın olduğu bildirilir.

Prezident Co Bayden qərarı pandemiya ilə mübarizədə “irəliyə böyük addım” adlandırıb.

Azyaşlıların peyvəndlənməsi “valideynlərin övladları sarıdan aylarla çəkən narahatlığına son qoyacaq, uşaqların virusu digərlərinə yaymasının miqyasını azaldacaq”, – Bayden Ağ ev tərəfindən yayılmış bəyanatda vurğulayır.

Faydası riskindən çoxdur

İndiyədək Çin, Kuba, Birləşmiş Ərəb Əmirlikləri daxil az sayda ölkə bu yaş qrupundan, yaxud da azyaşlı uşaqlara COVID-19 vaksininin vurulmasını təsdiqləyib.

Ekspertlər vaksinin uşaqlara faydasının risklərini üstələdiyini bildiriblər.

Pfizer və BioNTech 5-11 yaşlılar üzərində klinik sınaqların vaksinin 90.7 faiz effektini üzə çıxardığını bildirib.

CDC Direktoru Roçel Valenski yoluxmaların son dalğası zamanı uşaqların hospitalizasiyasının artdığını deyirdi.

Onun sözlərinə görə, COVID-19-un uşaqlara riski böyük, məhvedicidir, onların peyvənd olunduğu bir çox digər xəstəliklərdən xeyli yüksəkdir.

Birləşmiş Ştatlarda 5-11 yaşlılar arasında COVID-19-a 1.9 milyon yoluxma, 94 ölüm qeydə alınıb.

Britaniya

Britaniyada isə hökumətin koronavirus üzrə aparıcı müşavirlərindən biri istefa verib, ölkədə xəstəliyinin indiki yayılma səviyyəsinin “narahatedici” olduğunu deyib.

Ser Ceremi Farrar Fövqəladə Vəziyyətlər üzrə Elmi Müşavirlər Qrupundan (Sage) oktyabrın sonunda çıxdığını bəyanatında təsdiqləyib.

Onun sözlərinə görə, qrup hökumətə elmi tövsiyəni adətən “böyük təzyiq” altında verir.

Ser Ceremi “Wellcome Trust” səhiyyə araşdırmaları fondunda işinə fokuslanmaq üçün istefa verdiyini söyləyib. “COVID-19 böhranının bitməsinə çox var, qlobal vəziyyət isə dərin narahatlıq yaradır”, – o deyib.

Bu arada Britaniya hökuməti maska və testlərlə bağlı qayda tətbiq etmək çağırışlarını rədd edir. Havalar soyuduqca adamlar qapalı məkanlarda daha çox vaxt keçirirlər və bu da yoluxmalara təsir göstərir.

Hökumətin sözçüsü isə deyib ki, data hələlik qadağalara qayıdışın gərəkmədiyini göstərir və nazirlər elmi və tibbi ekspertlərin tövsiyələri ilə hərəkət edirlər.

Rekord yoluxma və ölüm halları

Noyabrın 3-də Rusiyada COVID-19-dan gündəlik ölüm hallarında ikinci gün ardıcıl rekord qeydə alınıb. Hökumətin koronavirusa qarşı işçi qrupu 1189 ölümün aşkarlandığını bildirib. Bir gün öncəki ölü sayı 1178 nəfər idi.

Son 24 saatda 40 min 443 yoluxma qeydə alınıb. Onların 6 min 827-si Moskvanın payına düşür.

Pandemiya başlanandan Rusiyanın 146 milyonluq əhalisi üzrə 8.5 milyon yoluxma, 242 mindən çox ölüm təsdiqlənib. Ölkə ölü sayına görə Avropada birinci, dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncüdür.

Ancaq işçi qrup yalnız virusla birbaşa əlaqəli ölümləri sayır. Rosstat dövlət statistika xidməti isə daha geniş kriteriyaya əsaslanır. Oktyabrın 29-da qurum sentyabrın sonunadək Rusiyada 462 minin vəfat etdiyini açıqlayıb.

Yoluxmaları səngitmək üçün ölkədə oktyabrın 30-dan noyabrın 7-dək “qeyri-iş” günləri elan olunub.

Mərkəzi Avropa ölkələrindən Çex Respublikası və Polşada yazdan bəri ilk dəfə olaraq yoluxmalarda sıçrayış qeydə alınır.

Noyabrın 3-də Çex Respublikasında 9 min 900-dən artıq yoluxma aşkarlanıb. Noyabrın 2-dək 10.7 milyonluq əhalinin 6 milyondan çoxunun tam peyvəndləndiyi bildirilir.

Polşada isə ötən həftədən 24 faiz çox, 10 min 400-dən çox yoluxma qeydə alınıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG