Vens Paşinyanın yenidən seçilməsinə dəstək bildirib

Sizin brauzer HTML5-i dəstəkləmir

Vensin gəlişini Ermənistanda necə yozurlar...

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ermənistana səfəri zamanı baş nazir Nikol Paşinyanı tərifləyib, 7 iyun parlament seçkilərində ona dəstək bildirib.

Vens deyib ki, Paşinyanın yenidən seçilməsi Vaşinqtonun vasitəçiliyi ilə əldə olunmuş Ermənistan-Azərbaycan razılaşmalarının gerçəkləşməsi üçün vacibdir.

Azərbaycanı Naxçıvan eksklavı ilə Ermənistanın Syunik regionundan keçməklə birləşdirəcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) isə danışıqların əsas mövzusudur. Vens Paşinyanla mətbuat konfransında bu layihənin əhəmiyyətini vurğulayıb.

Vens TRIPP-lə bağlı deyib ki, bu marşrut regionda ticarət, tranzit və enerji axınları üçün tamamilə yeni bir mərhələ açacaq, Ermənistanla qonşuları arasında misilsiz əlaqələr yaradacaq.

Vaşinqton və Yerevan ötən ay TRIPP-in ilk əsas detallarını ictimailəşdiriblər. Ermənistanın İranla sərhədi boyunca infrastrukturu ABŞ hökumətinin nəzarətində olan xüsusi şirkət quracaq və onları ən azı 49 il idarə edəcək.

Məsələ pulda deyil, Paşinyanın yenidən seçilməyindədir

Vens layihənin icra qrafikini, tələb olunan maliyyənin həcmini açıqlamayıb.

"Məncə, məsələ pulda deyil. Düşünürəm ki, konkret bu layihədə maraqlı yetərincə kapital var. Dünyada bu layihəyə, Ermənistana investisiya qoymaqla yaxşı gəlir götürə biləcəklərini düşünən çoxlu insanlar var. Məncə, əsas sual budur: sülh sazişini növbəti yaxşı mərhələyə necə keçirək? Ermənistanın baş nazirini necə yerində saxlayaq ki, o, gələcəyə fokuslana bilsin?", – Vens jurnalistlərə bildirib.

"Bilirəm ki, qarşıdan seçki gəlir. Bu haqda danışmayacağam, amma dəstəyimin hər hansı bir əhəmiyyəti varsa, şübhəsiz, onu dəstəkləyirəm. Çünki o, bu layihələri təmin edə etmək üçün uzunmüddətli tərəfdaşlıq qura biləcək insandır", – Vens deyib. AzadlıqRadiosunun erməni xidməti yazır ki, ABŞ tarixində ilk dəfə Ermənistan seçkilərində namizədə açıq dəstək bildirir.

Elə Paşinyan da həm ABŞ prezidenti Donald Trampı, həm də Vensi tərifləyib. O deyib ki, Vensin səfəri Ermənistanla ABŞ-nin dərinləşən strateji tərəfdaşlığını vurğulayır.

"Azatutyun" Ermənistanın müxalifət liderlərinin Paşinyanın hakimiyyətinə son qoymaq istədiklərini, TRIPP sarıdan ciddi narahatlıq bildirdiyini yada salır. Onların fikrincə, bu marşrut Ermənistanın Syunikin bur hissəsinə nəzarətini sarsıda bilər.

İran da bu layihədən narazıdır, TRIPP-in Ermənistan-İran sərhədində ABŞ-nin mövcudluğu ilə nəticələnəcəyini bildirir.