Venesuelada müxalif siyasətçi Xuan Pablo Quanipa azadlığa buraxılandan bir neçə saat sonra oğurlanıb. Məlumatı Venesuela müxalifətinin lideri, Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçado verib.
O, X sosial şəbəkəsində silahdaşının Karakasda qaçırıldığını yazıb: "Mülki geyimdə, dişinə qədər silahlanmış şəxslər dörd avtomobillə gələrək onu zorla aparıblar. Onun dərhal azad olunmasını tələb edirik".
Hüquq müdafiəçiləri və ailələri Quanipa, Freddi Superlano və Perkins Roça daxil, azı 35 siyasi məhbusun azadlığa buraxıldığını bildiriblər. "Foro Penal" hüquq müdafiə qrupunun prezidenti Alfredo Romeroya görə, fevralın 8-də 35 siyasi məhbus azad edilib. O, hüquq müdafiəçilərinin Quanipanı kimin qaçırdığını hələlik bilmədiyini əlavə edib.
"Reuters" yazır ki, Quanipa, Superlano və Roça Maçadonun yaxın silahdaşlarıdır. Roça 2024-cü ilin avqustunda terrorçuluq və digər cinayətlərdə ittiham olunaraq saxlanılıb. Quanipa isə 2025-ci ilin mayında bir neçə ay gizləndikdən sonra sui-qəsd planında ittiham olunaraq həbs edilib. Superlano 2024-cü il prezident seçkilərindən sonra saxlanılıb.
"Foro Penal"ın məlumatına görə, 2026-cı il yanvarın 8-dən fevralın 5-dək Venesuela hakimiyyəti 383 siyasi məhbusu azad edib.
M.K.Maçado 2014-cü ildəki kütləvi etirazların əsas fiqurlarından biri olub. 2024-cü ilin avqustunda onun prezident seçkisində iştirakına icazə verilməyib. O, müxalifətin digər namizədi Edmundo Qonsalesi dəstəkləyib. Müxalifət və bir sıra xarici hökumətlər Qonsalesi prezident seçkilərinin qanuni qalibi hesab edirlər. Maçado Venesuelanı tərk edib, 2025-ci il dekabrın 11-nə keçən gecə Osloya gedib. Müxalifətçi Nobel Sülh Mükafatı təqdim olunandan bir neçə saat sonra ictimaiyyət qarşısında çıxış edib.
Venesuela hakimiyyəti isə fevralın 8-də bildirib ki, Quanipanı ev dustaqlığına göndərmək üçün məhkəmədən icazə almağa çalışır. Bu açıqlama Karakasda silahlı şəxslər müxalifətçini saxlayandan az sonra verilib.
"Reuters"in xəbərinə görə, Venesuelanın Baş Prokurorluğu Quanipanın azadlığa buraxılma şərtlərini pozduğunu bildirib, amma detallı informasiya verməyib. Qurum onun yenidən həbs edilib-edilməməsinə də aydınlıq gətirməyib.