Bu vaksinlər hamilə qadınlar üçün təhlükəsizdir

Arxiv fotosu

Son araşdırmalar vaksinlərin uşaqsalma riskini artırmadığını üzə çıxarıb

ABŞ-ın səhiyyə orqanları hamilə qadınları COVID-19-a qarşı peyvənd olunmağa çağırıb. Son araşdırmalar vaksinlərin uşaqsalma riskini artırmadığını üzə çıxarıb.

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) direktoru Roçel Valenski avqustun 11-də deyib ki, qurum bütün hamilə qadınları və hamilə qalmağı planlaşdıranları, eləcə də uşaq əmizdirənləri peyvənd vurdurmağa çağırır.

Buna da bax: 1769 yeni yoluxma aşkarlanıb, 16 ölüm

2 min 500-ə yaxın hamilə qadın

“Vaksinlər təhlükəsiz və effektivdir, yüksək yoluxucu delta ştammı vaksinasiyanı gücləndirməyi vacib edir və peyvənd olunmamış hamilə qadınlar arasında COVID-19-un ağır nəticələrini görürük”, – Valenski deyib.

CDC mövcud datanın təhlilinə əsasən bildirir ki, hamiləliyin 20 həftəsinə qədər mRNA vaksini vurdurmuş 2 min 500-ə yaxın qadında uşaqsalma riski artmayıb. Pfizer və Moderna mRNA vaksinləridir.

“Hamilə qadınlar üçün Covid-19-a qarşı vaksinin faydaları hər hansı bəlli, yaxud potensial riskləri üstələyir”, – CDC bildirir.

Buna da bax: Almaniyada peyvənd olunmayanlar üçün qadağalar gəlir

Kaliforniya

Bu arada Kaliforniya ilk ştat olaraq müəllimlərdən və digər işçilərdən peyvənd olunmağı, yaxud COVID-19-a qarşı mütəmadi testdən keçməyi tələb etməyə başlayıb. Qubernator Gavin Nyusom bu tələbi uşaqların təhlükəsizliyinin təminatından ötrü “məsuliyyətli addım” adlandırıb.

İndiyədək ştatda dövlət qulluqçuları və tibb işçilərindən peyvənd olunmaq tələb edilirdi.

Birləşmiş Ştatlarda koronavirusa yoluxmalar son altı ayın ən yüksək həddinə çatıb, avqustun 10-da yeddi günlük orta say 118 min olub.

Hökumət və bir sıra ştatlar, eləcə də xəstəxanalar, universitetlər və özəl şirkətlər işçilərindən peyvənd olunmağı tələb edəcəklərini deyiblər.

Buna da bax: Türkiyədə gündəlik yoluxmaların sayı artır

Yeni Zelandiya

Yeni Zelandiya isə az riskli ölkələrdən peyvənd olunanların ölkəyə karantinsiz girişinə icazə vermək üçün 2022-ci ili gözləyəcəyini bildirib.

Sərhədə sərt nəzarət Yeni Zelandiyanın COVID-19-un digər ölkələrdən daha tez nəzarətə almasına kömək edib. Amma 5 milyon əhalisi olan ölkə 18 aydır dünyanın qalan hissəsindən təcrid olunmuş vəziyyətdədir.

Baş nazir Casinda Ardern avqustun 12-də deyib ki, ölkə hələ tamamilə açılmağa hazır deyil, gəlin ilin əvvəlindən mərhələli acılıma gedəcək.

Ardern kəskin strategiya ilə COVID-19-un yerli səviyyədə yayılmasını önlədiyinə görə beynəlxalq səviyyədə alqışlanıb. Ölkədə cəmi 2 min 500 yoluxma və 26 ölüm qeydə alınıb.

Buna da bax: Yoluxma, ölüm artır, bəs karantin sərtləşsin, sərtləşməsin...

Avstraliya

Avstraliya paytaxtı Kanberrada avqustun 12-dən yeddi günlük lokdaun elan olunub. Səbəb şəhərdə COVID-19-a bircə yoluxmanın aşkarlanmasıdır.

Kanberrada 400 minədək şəxs yerli vaxtla axşam 5-dən evdə qalmalı olacaq. Avstraliyanın cənub-şərqində isə milyonlarla insan lokdaun rejimindədir.

Bir neçə aylıq “sıfır COVID” strategiyasından sonra Avstraliya yüksək yoluxucu delta ştammını önləməyə çalışır.

Ölkənin ən böyük şəhərləri olan Melburn və Sidneydə 10 milyondan çox insan hazırda lokdaun altındadır.