“Keçmiş müstəntiq Rüfət Səfərov həbs edilən vaxtdan davamlı olaraq süni əsəb gərginliyinə və psixoloji təsirlərə məruz qalır. Sifarişli məhkəmədən sonra belə, ona qarşı təxribatlar səngimək bilmir”.
Hazırda həbsdə olan keçmiş müstəntiq Rüfət Səfərovun hüquqlarını Müdafiə Komitəsinin dövlət qurumlarına, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlara, xarici ölkələrin səfirliklərinə və mediaya müraciətində belə yazılır.
Müraciət baş prokuror Zakir Qaralova, Ədliyyə naziri Fikrət Məmmədova, ombudsman Elmira Süleymanovaya da göndərilib.
Buna da bax: 'Rüfətlə bir kameraya epilepsiya xəstəsi salıblar'
Müraciətdə qeyd edilir ki, Kürdəxanı təcridxanasında R.Səfərovun kamerasına 25 il məhkum edilmiş şəxs salınıb. 9 saylı cəzaçəkmə müəssisəsinə köçürüldükdən sonra isə keçmiş müstəntiqin yanına epilepsiyalı xəstə yerləşdirilib.
“Görünür, R. Səfərova qarşı bu təxribatlar hakimiyyətin yuxarı təbəqələrindən qaynaqlanır. Belə davranış bizdə olduqca ciddi narahatlıq yaradır”, müraciətdə bildirilir.
Müdafiə Komitəsi əlaqəli qurumları Rüfət Səfərova təzyiqlərə son qoymağa, mövcud qanunlara vicdanla riayət etməyə çağırır.
Buna da bax: Eldar Sabiroğludan prezidentə: 'Edəcəyinizi etmisiniz'
Xatırlatma
R.Səfərov 2015-ci il dekabrın 20-nə kimi Zərdab Rayon Prokurorluğunun müstəntiqi olub. Dekabrın 20-də hüquq-mühafizə orqanlarında qanunsuzluqların baş verdiyini bildirərək bəyanatla bu sistemdən çıxıb.
Bundan sonra, rüşvət almaqda ittiham olunaraq barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. 2016-cı il yanvarın 22-də həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
Daha sonra Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.
Buna da bax: Rüfət Səfərov 9, Tofiq Həsənli 6 saylı həbsxanaya köçürülüb
Kürdəxanı təcridxanasında saxlandığı vaxtlarda R.Səfərovun yanına 25 il həbs həyatı yaşamış bir şəxsin salındığı bildirilirdi. Bundan sonra atası, vəkili və Müdafiə Komitəsi Penitensiar Xidmətə müraciət edərək onun yerinin dəyişməsini istədi. Sonradan O, 9 saylı cəzaçəkmə müəssisəsinə köçürüldü. Ancaq indi də Müdafiə Komitəsində keçmiş müstəntiqlə bağlı narahatlıqlar davam edir
Müdafiə Komitəsinin son açıqlamasına, hələlik, Penitensiar Xidmətdən və başqa hökumət orqanlarından münasibət bildirilməyib.
R. Səfərovun atası Eldar Sabiroğlu özü vaxtilə YAP-dan deputat seçilib, uzun müddət Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri olub.