Ukraynanın keçmiş səfiri qanunsuz varlanmada ittiham olunur: 134 min dollar girov ödəməlidir

Olqa Stefanişina

Ukrayna Ali Antikorrupsiya Məhkəməsi ölkənin ABŞ-dəki keçmiş səfiri Olqa Stefanişina barəsində qanunsuz varlanma və gəlirləri gizlətmə ittihamları üzrə 6 milyon qrivna (134 min dollar) məbləğində girov qətimkan tədbiri seçib. Bu barədə "Suspilne" və "Hromadske" telekanalları məlumat yayıb.

Prokurorun sözlərinə görə, Stefanişina 13.9 milyon qrivna (311 min dollar) məbləğində qanunsuz varlanma ilə bağlı bir, gəlirlərin düzgün bəyan edilməməsi ilə bağlı isə iki epizod üzrə ittiham olunur.

"Məndə nə 13 milyon, nə də 6 milyon qrivna var. Amma girovu ödəyə bilmək üçün bu vəsaiti tapmağa çalışacağam", – keçmiş səfir məhkəmədən sonra jurnalistlərə deyib.

Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) bildirib ki, Stefanişina bir sıra əmlaklarını gəlir bəyannaməsində göstərməyib. Bura "Fayna Taun" yaşayış kompleksində rəfiqəsinin adına rəsmiləşdirilmiş iki mənzil, "Lvovska Ploşşa" kompleksində anasının adına olan mənzil, eləcə də atasının adına qeydiyyatdan keçmiş avtomobil dayanacağı və bir neçə qeyri-yaşayış sahəsi daxildir. Bundan başqa, Stefanişinanın "Mercedes-Benz GLC 220d" markalı avtomobili keçmiş tabeçiliyində olmuş şəxsin adına rəsmiləşdirdiyi bildirilir.

İstintaqın versiyasına görə, keçmiş səfir həmçinin Kiyev yaxınlığında təxmini dəyəri 550 min dollar olan fərdi evin alınması ilə bağlı danışıqlar aparıb, amma sonradan sövdələşmədən imtina edib.

NABU bildirir ki, Stefanişinanın rəsmi gəlirləri bu həcmdə əmlak əldə etməyə imkan vermirdi. Keçmiş səfirin müdafiə tərəfi isə ittihamları rədd edir.

+++

Ukraynanın "Hromadske" nəşri 2025-ci ilin iyununda yazıb ki, Stefanişinanın anası Nadejda Kravets 2022-ci ilin oktyabrında Kiyevdə 100 kvadratmetrlik üçotaqlı mənzili 83.2 min ABŞ dollarına alıb. Halbuki həmin yaşayış kompleksində tikinti şirkətinin belə mənzillər üçün tələb etdiyi minimum qiymət 300 min dollardan başlayırdı.

Avqustun 3-də Ukrayna prezidenti Volodimir Zelenski Stefanişinanın səfir vəzifəsindən azad edilməsi barədə fərman imzalayıb. Bundan sonra Stefanişina öz ərizəsi ilə istefa verdiyini açıqlayıb.

Stefanişina səfir postundan əvvəl Ukraynanın ədliyyə naziri, eyni zamanda baş nazirin Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə müavini vəzifəsində çalışıb.

Bir il öncə açılmış cinayət işi

Ukrayna mediası onun istefasının cinayət işi ilə əlaqəli ola biləcəyini yazıb. Məlumatlara görə, Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğu (SAP) Stefanişinaya "yeni şübhə" barədə məlumat verib, amma bu şübhələrin nədən ibarət olduğu açıqlanmayıb.

2025-ci ilin iyulunda SAP-dan "Hromadske" nəşrinə bildirilib ki, həmin il iyunun 11-də Stefanişina barəsində "ağır nəticələrə yol açan vəzifə səlahiyyətlərindən sui-istifadə" maddəsi ilə cinayət işi başlanıb. Bu iş "Ukrainska Pravda"nın dərc etdiyi araşdırmada göstərilən faktlar əsasında açılıb.

Araşdırma Stefanişinanın keçmiş əri Mixail Stefanişinlə bağlı idi. "Ukrainska Pravda" iddia edirdi ki, o, qeyri-rəsmi söhbətlərdə Ukraynanın Aktivlərin Axtarışı və İdarə Edilməsi Agentliyinin (ARMA) qeyri-rəsmi kuratoru kimi təqdim olunur və onunla bağlı şirkət artıq dörd aktivin idarəçiliyini ələ keçirib.

Stefanişina isə jurnalistlərə bildirib ki, keçmiş ərinin biznesi və ya fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur və araşdırma dərc olunduqdan sonra onunla ünsiyyəti dayandırıb.

2023-cü ilin sentyabrında Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi 2013-2014-cü illərdə keçirilmiş tender zamanı 2.5 milyon qrivnanın (55 min ABŞ dolları) mənimsənilməsi ilə bağlı cinayət işinin icraata qəbul edildiyini açıqlamışdı. Həmin iş üzrə təqsirləndirilən şəxslərdən biri də O.Stefanişina idi.