Rusiya qoşunları Ukraynanın şərqi Zaporojye bölgəsindəki Qulyaypole şəhərində irəliləyiblər. Son aylar bu şəhər uğrunda ağır döyüşlər gedir. Xəbəri Ukraynanın cəbhədə vəziyyəti izləyən "DeepState" layihəsi yayıb.
"Təəssüf ki, Qulyaypole ərazisində vəziyyət əlverişli deyil. Düşmən şəhəri praktiki işğal edib, çoxlu sayda piyada cəlb edib, əlavə qüvvələr atır,.. fəal şəkildə əməliyyat keçirir", – portal bildirir.
AzadlıqRadiosunun Ukrayna xidmətinin "Donbass.Realities" layihəsi isə qeyd edir ki, şəhərin qərb hissəsi hələ də "boz" infiltrasiya zonası olaraq qalır. Yəni, bu hissə tərəflərdən heç birinin tam nəzarəti altında deyil. "Donbass.Realities" Birinci Əlahiddə Hücum Alayının komandiri Dmitro "Perun" Filatovdan sitat gətirir. O, Qulyaypolenin "demək olar" işğal edildiyini, ancaq bunun "daha böyük planın bir hissəsi" olduğunu bildirib. "Fikrimcə, hamı tezliklə vəziyyətin niyə məhz belə inkişaf etdiyini anlayacaq", – o, "Donbass.Realities"ə müsahibəsində deyib.
Qulyaypole və cəbhə xəttinin Donetsk, Dnepropetrovsk və Zaporojye vilayətlərinin kəsişməsi son aylar ən aktiv döyüş bölgələrindən biri olub. Rusiya Qulyaypoledə əhəmiyyətli şəkildə irəliləyib, Ukrayna qüvvələri isə şimalda xeyli ərazi azad edib.
Rusiyanın Dnepr və Xarkova hücumunda 14 nəfər yaralanıb
Martın 10-na keçən gecə Rusiya qüvvələri Ukraynaya qarşı 137 dron hücumu gerçəkləşdirib, Dnepr və Xarkovda 14 nəfər yaralanıb. Məlumatı Ukrayna Hərbi Hava Qüvvələri komandanlığı yayıb.