ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonla Kiyev arasında "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raket istehsalı lisenziyasının verilməsinə dair danışıqlar aparıldığını təsdiqləyib. Prezident Donald Tramp cəmi bir neçə həftə əvvəl bu ideyanın əhəmiyyətini azaltmağa çalışmışdı.
Dövlət katibi açıq şəkildə bildirib ki, lisenziya verilsə belə, bu, Kiyevin tutucu raket çatışmazlığını dərhal aradan qaldırmayacaq.
Rubio sentyabrın 2-də "The Brian Kilmeade Show" proqramında Ukraynaya öz "Patriot" raketlərini istehsal etmək üçün lisenziya verilməsinə qarşı olub-olmadığı barədə sualı cavablandırıb.
"Biz danışdığımız müddətdə bununla bağlı danışıqlar gedir. Ancaq bu, problemin dərhal həll olunması demək deyil", – Rubio söyləyib.
Dövlət katibi belə mürəkkəb silahların istehsalının artırılmasının, bunun üçün zavodların tikilməsinin bir neçə il çəkəcəyini bildirib.
Ukrayna daha bir qış ərəfəsində Rusiyanın raket və dron hücumlarına qarşı əlavə hava hücumundan müdafiə raketləri əldə etməyə çalışır. Rubio deyib ki, ABŞ-nin də öz müdafiə ehtiyacları var və başqa ölkələrə raket tədarük etməzdən əvvəl öz ehtiyatlarını lazımi səviyyədə saxlamalıdır.
"Patriot" məsələsi bu qış həll olunmayacaq
AzadlıqRadiosunun Vaşinqton müxbiri Aleks Raufoğlu yazır ki, Rubionun açıqlaması razılaşmanın mütləq əldə olunacağı demək deyil.
Ukraynada "Patriot" raketlərinin istehsalı faydalı olar, ancaq yaxın perspektivdə müharibənin gedişinə ciddi təsir göstərməyəcək. Bunu AzadlıqRadiosuna Demokratiyaların Müdafiəsi Fondunun baş direktoru, istefada olan kontr-admiral Mark Montqomeri bildirib.
"ABŞ-nin Ukrayna ilə işləyərək gələcəkdə bu ölkəyə lisenziya verməsi, Ukraynanın "Patriot" sistemləri istehsal etməsi ideyası təqdirəlayiqdir. Lakin bu, illər çəkəcək", – Montqomeri deyib.
Onun hesablamasına görə, lisenziyanın verilməsi və istehsalın qurulması ən azı 18 ay, ümumilikdə iki və ya üç il çəkə bilər.
Montqomeri Birləşmiş Ştatların hazırda Ukraynaya yetərincə "Patriot" raketi verdiyinə inanmadığını, bunun qarşıdakı qışı çətinləşdirə biləcəyini deyib.
Əvəzində Vaşinqton Ukraynaya Rusiya raketlərini start meydançasındaca vurmağa kömək edə bilər. Təhlilçinin fikrincə, ABŞ Kiyevə hədəf koordinatları ötürməklə Ukraynanın ortamənzilli dronlarının "İskəndər" ballistik raket komplekslərini məhv etməsinə şərait yarada bilər.
ABŞ HHM hərbçisi "Patriot" raket kompleksinə texniki xidmət göstərir
Kiyevə və Moskvaya mesaj
Müşahidəçilər lisenziya danışıqlarının böyük siyasi və strateji əhəmiyyət daşıdığını bildirirlər.
Ukrayna dəniz piyadalarının veteranı Yevgeni Malik AzadlıqRadiosuna açıqlamasında bu əməkdaşlığın hərbi cəhətdən çox, bir siyasi mesaj xarakteri daşıdığını vurğulayıb. Kiyev İqtisadiyyat Məktəbində milli təhlükəsizlik və müdafiə proqramlarına rəhbərlik edən Malikin sözlərinə görə, əsas məqsəd Vaşinqtonun qabaqcıl müdafiə sahəsində Kiyevlə tərəfdaşlığa sadiq olduğunu göstərməkdir. Ekspert Rusiyanın da bu münasibətləri diqqətlə izlədiyini əlavə edib.
İstehsal fərqi
Ukrayna raket istehsalı üçün lisenziya alsa belə, ballistik raket təhlükəsinin miqyası hələ də ciddi bir problem olaraq qalır.
Malikin sözlərinə görə, Rusiya ildə təxminən min və ya daha çox ballistik raket istehsal etmək gücünə malikdir. Birləşmiş Ştatlarda "Patriot" PAC-3 tutucu raketlərinin illik istehsalı isə 600-dən bir qədər çoxdur. Bir ballistik raketi vurmaq üçün tək bir tutucu raketin kifayət etməməsi bu fərqi daha da artırır. Belə ki, bir hədəfin zərərsizləşdirilməsi üçün bəzən iki, hətta üçdən çox tutucu raket tələb oluna bilər.
Malik Rusiyanın Şimali Koreya və İranla hərbi əməkdaşlığına da diqqət çəkib.
Kiyevin yolu uzundur
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin baş elmi əməkdaşı, Ukrayna hökumətinin keçmiş müşaviri Katerina Bondar da layihənin yaxın perspektivdə təsirinə skeptik yanaşır.
Bondar bu yaxınlarda Ukraynadan qayıdıb. O, Ukraynanın raket mütəxəssisləri ilə ölkədə "Patriot" raketlərinin istehsalı imkanlarını müzakirə edib.
Bondar AzadlıqRadiosuna deyir ki, danışdığı ekspertlərin fikrincə, təkcə istehsala başlamaq bir neçə il çəkə bilər. Hətta istehsalı artıq qurmuş şirkətlər də istehsal həcmini artırmaqda ciddi məhdudiyyətlərlə üzləşirlər.
O, layihənin uzunmüddətli perspektivdə mühüm məqsədə xidmət edə biləcəyini düşünür.
"Rusiyanın ballistik raketlərini vurmaq gücünə malik tutucu raketlərə sahib olmaq Rusiyanın irəliləməsini dayandıra biləcək amildir", – Bondar vurğulayıb.
Ancaq Moskva da bu arada ballistik raket istehsalını sürətləndirə bilər.
"Rusiyalılar, şübhəsiz ki, mesajı alırlar. Onlar yalnız mesajı qəbul etmirlər, əks-tədbirlər barədə düşünməyə başlayıblar", – Bondar söyləyir.