Astana Moskvaya nota verdi - Qazaxıstanlılar Ukrayna müharibəsinə məcbur edilir

Miras Taşarqanov

Qazaxıstan Rusiyanın Xarici İşlər Nazirliyinə (XİN) rəsmi nota göndərərək öz vətəndaşlarının vətənə qaytarılması üçün kömək istəyib. Həmin şəxslərdən biri Rusiyaya işləməyə gedən və daha sonra ailəsinə Ukraynadakı müharibəyə göndərilməyə məcbur edildiyini deyən Miras Taşarqanovdur. Bu barədə Qazaxıstan XİN "Azattık" radiosunun sorğusuna cavab olaraq bildirib

Nazirlik bildirir ki, bu il sentyabrın 17-də səfirliyin konsulluq şöbəsi Güljan Taşarqanova və onun oğlu M.Taşarqanov ilə əlaqə saxlayaraq ananın iddialarını təsdiqləyib. M.Taşarqanov telefon söhbətində çətin vəziyyətə düşdüyünü, yanında daha bir neçə Qazaxıstan vətəndaşının da olduğunu bildirib, vətənə qaytarılmaları üçün kömək istəyib. Sentyabrın 18-də Qazaxıstan səfirliyi həmin vətəndaşların ölkəyə qaytarılmasına köməklik göstərilməsi xahişi ilə Rusiya XİN-ə rəsmi nota göndərib.

AzadlıqRadiosunun qazax xidməti ötən həftə Astanada yaşayan M.Taşarqanovdan yazıb. O, növbəli işdə çalışmaq üçün Rusiyaya getsə də, sonradan bu ölkənin silahlı qüvvələrinin sıralarına düşüb. Anasının sözlərinə görə, oğlu Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa məcbur edilib. Oğlunun Ukrayna cəbhəsinə göndəriləcəyindən narahatlıq keçirən ana onun evə qaytarılması üçün Qazaxıstanın dövlət qurumlarına müraciət edib.

Hazırda Ukraynada Rusiyanın tərəfində döyüşən Qazaxıstan vətəndaşlarının dəqiq sayı barədə rəsmi məlumat yoxdur. Ukraynanın "Yaşamaq istəyirəm" dövlət layihəsinin daha əvvəl açıqladığı statistikaya əsasən, azı 2 min 389 Qazaxıstan vətəndaşı Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb. Ümumilikdə isə Mərkəzi Asiyadan 12 mindən çox insanın Rusiya ordusunun tərkibində döyüşlərə cəlb edildiyi bildirilir.

Qazaxıstan qanunvericiliyinə görə, xarici ölkələrdəki silahlı münaqişələrdə iştirak və muzdluluğa görə 9 ildən ömürlük həbsədək ağır cəzalar kəsilə bilər.

Rusiyada miqrantlara yardım göstərən hüquq müdafiəçilərinin sözlərinə görə, hərbi müqavilə imzalandıqdan sonra, bir qayda olaraq, hüquqi yolla geri qayıtmaq şansı qalmır və insanlar birbaşa cəbhə xəttinə göndərilir. Bəziləri yaralandıqdan və hospitalda müalicə aldıqdan sonra vətənlərinə qaçmağı bacarırlar. Orada isə xarici ölkədəki müharibədə iştirak və muzdluluq ittihamları ilə cinayət məsuliyyətinə cəlb olunurlar. Onlara adətən 3 ildən 5-6 ilədək həbs cəzası verilir.