Zelenski Liviyada Rusiya hərbi gəmisini Ukraynanın vurduğunu təsdiqləyib

Liviyanın Benqazi limanında partlayışdan sonra alovlanan "Merkuri" korvetinin peyk görüntüsü.

Ukrayna prezidenti Volodimir Zelenski Liviya sahillərində Rusiyanın iki gəmisinə ölkəsinin təhlükəsizlik xidmətlərinin zərbə endirdiyini bildirib. Bunlardan hərbi gəmi Benqazi limanında batırılıb. Digəri isə Aralıq dənizi vasitəsilə silah və sursat daşıyan yük gəmisi olub.

Liviyanın şərqindəki hökumətin rəsmiləri bundan əvvəl bildiriblər ki, noyabrın 22-də Benqazi yaxınlığındakı hərbi dəniz bazasında dayanmış Rusiya gəmisinə dəniz dronu hücumu olub. Rusiya və Liviya vətəndaşlarından ibarət ekipajın 10 üzvü yaralanıb.

Zelenski noyabrın 23-də X sosial şəbəkəsində yazıb ki, Liviya sahillərində Rusiya korvetini və yük gəmisini hədəf alan əməliyyatda Ukrayna istehsalı olan yeddi dəniz dronu iştirak edib: "Düşmənin hücumun qarşısını almaq üçün göstərdiyi bütün səylərə baxmayaraq, Rusiyanın "Merkuri" korveti batırılıb".

2025-ci ilin dekabrında Ukrayna Aralıq dənizində Rusiya ilə əlaqəli neft tankerini hava dronları ilə vurduğunu açıqlamışdı. Amma zərbənin dəqiq yeri məlum deyildi.

2026-cı ilin martında Moskva Ukraynanı Liviya sahillərindən buraxılan dəniz dronları ilə Rusiyaya məxsus mayeləşdirilmiş təbii qaz (LNG) tankerinə hücum etməkdə günahlandırıb. Kiyev həmin hadisəyə münasibət bildirməyib.

BMT missiyası narahatdır

Noyabrın 23-ü səhər saatlarında BMT-nin Liviyadakı missiyası (UNSMIL) dron hücumlarından "ciddi narahatlıq" ifadə edib, "dərhal" müstəqil və şəffaf araşdırma aparılmasına çağırıb. Missiya baş verənlərə görə heç bir tərəfi günahlandırmayıb.

"Reuters" agentliyi peyk görüntülərinə istinadla hər iki gəminin Rusiyaya məxsus olduğunu yazır. Agentlik Liviyanın hərbi dəniz qüvvələrinin hər iki gəminin ekipajını xilas etdiyini bildirir.

Liviyada iki rəqib hakimiyyət mövcuddur. Paytaxt Tripolidə yerləşən qərb hökuməti BMT ilə birlikdə vahid hakimiyyətin qurulmasına çalışır. Benqazidəki şərq qüvvələri isə ayrıca baş nazirin və nazirlər kabinetinin rəhbərlik etdiyi rəqib administrasiya yaradıblar.

Rusiya Şimali Afrikada yerləşən Liviyada güclü mövqe qazanmaq üçün ölkədəki siyasi parçalanmadan yararlanmağa çalışır.

Liviyanın şərqindəki hökumət hücumu ölkənin suverenliyinin pozulması və dəniz təhlükəsizliyinə təhdid kimi pisləyib.

Tripolidəki rəqib hökumət isə mülki limanların və obyektlərin xarici münaqişələrdə istifadə olunmasının yaratdığı risklərdən narahatlığını bildirib.