Ukrayna dronlarının müştərisi çoxalır

Sizin brauzer HTML5-i dəstəkləmir

İldə 10 min dron: AzadlıqRadiosu onları istehsal edən ilk Alman-Ukrayna zavodunu ziyarət edib.

İki il qabaq ukraynalı IT mütəxəssisi, 35 yaşlı Anastasiya doğma Zaporojye şəhərindən Almaniyaya iş dalınca gedib. Anası və bacısı isə vətəndə qalıb.

Ölkəsindən çıxmağa onu Rusiyanın Ukraynadakı təcavüzkar müharibəsinin səbəb olduğu elektrik kəsintiləri, daimi bombardmanlar vadar edir.

İndi o, Münxen ərazisindəki aeroport yaxınlığında bir anqarda fəaliyyət göstərən startap şirkətində çalışır. Bu şirkət Ukrayna ordusu üçün dronlar istehsal edir.

Bu, Kiyevdəki "Frontline Robotics" şirkəti ilə Almaniyanın "Quantum Systems" texnologiya firmasının birgə təşəbbüsüdür, ilk belə layihə sayılır. Burada təxminən 60 nəfər işləyir, 80 faizi ukraynalıdır, bir çoxu müharibə qaçqınlarıdır.

Anastasiya deyir, hamı həftədə altı gün, gündə 10-12 saat işləyir. Çox vaxt işə elə aludə olurlar ki, naharı belə unudurlar.

"Bu, mənim üçün sadəcə iş deyil. Şənbə günləri də işləməyə gəlirik, məqsədimiz var axı, ölkəmizi azad etmək istəyirik. İnsanların necə çox işlədiyini görürəm. Hətta onları nahara çıxmağa məcbur edirəm, işdən ayrıla bilmirlər", – o danışır.

2 milyard avroluq dəstək

Hazırda bir sıra ölkələr Ukraynanın dron texnologiyalarının hazırlanması və istehsalındakı dərin təcrübəsindən yararlanmaq istəyir. Təkcə Almaniya və Avropada deyil, Yaxın Şərq və Körfəz regionunda da bu proses sürətlənir. İranın dron və raketlərinə qarşı müdafiə üçün Ukraynanın bilik və təcrübəsini öyrənirlər.

Almaniyada "Build with Ukraine" adlı proqram dövlət dəstəyi ilə həyata keçirilir. 2025-ci ilin dekabrında elan olunub, hökumət 2026-cı il üçün Ukraynanın müdafiə sənayesinə dəstək üçün təxminən 2 milyard avro ayırıb. Həm Ukrayna, həm də Almaniyada istehsal subsidiyalaşdırılır.

Münxen yaxınlığındakı bu layihənin açılışında Almaniyanın müdafiə naziri Boris Pistorius və Ukrayna prezidenti Volodimir Zelenski iştirak edib.

Moskva artıq bu məsələyə diqqət yetirib. "Onlar fəxrlə göstərirlər ki, Almaniyada istehsal olunan dronlar indi rusları öldürəcək. Bu dronlar yalnız Ukrayna deyil, həm də Almaniya bayrağını daşıyacaq!", – aparıcı Vladimir Solovyov Rusiyanın dövlət televiziyasında deyib.

2022-ci ilin fevralından Ukrayna və Rusiya yeni növ dronlar işləyib hazırlayırlar. Ekspertlərin fikrincə, onlar hərb işində inqilab edirlər.

"Ukrayna dron sənayesinin lokomotividir"

Bu müəssisədə "Linza" adlı dron modeli istehsal olunur. Təxminən 4 kiloqram ağırlığı var, 15 kilometrə qədər uça bilir. Bu, İranın istifadə etdiyi "Şahed", Rusiyanın "Qeran" tipli dron-kamikadze deyil.

Bu "logistik" dronlar yüngül kvadrokopterlərdir, cəbhə xəttinə su, tibbi ləvazimat, telefon, batareya, siqaret kimi kiçik yüklər daşıyırlar. Partlayıcı daşıyaraq hədəfləri vura da bilirlər.

Ən vacibi, Rusiyanın radioelektron mübarizə vasitələrinə qarşı dayanıqlıdır.

"Hazırda bütün dron sənayesini hərəkətə gətirən əsas qüvvə Ukraynadır", – birgə müəssisənin rəhbəri Mattias Lena belə deyir. "Onların texnologiyası dünyada ən yaxşıdır. Amma məsələ təkcə texnologiyada deyil. Geniş miqyasda effektiv əks tədbirlər görmək bacarıqlarını da göstərirlər", – o əlavə edir.

İnvestisiya cəlbi

Ukraynanın dron təcrübəsi kənardan da maraq və investisiya cəlb edir.

"Google"un keçmiş rəhbəri Erik Şmidt Ukrayna ilə süni intellektlə işləyən dronlar üzrə əməkdaşlıq elan edib.

İran müharibəsi bu marağı daha da artırıb. Son həftələrdə Zelenski Körfəz ölkələrinə səfər edib, müdafiə sahəsində əməkdaşlıq müqavilələri imzalayıb, Ukraynanın imkanlarını təbliğ edib. O bildirib ki, havadan müdafiə üzrə 200-dən çox ukraynalı mütəxəssis regiona göndərilib.

"Ukrayna hücum dronlarına qarşı mübarizədə dünyada ən böyük təcrübəyə malikdir", – Zelenski vurğulayıb.

Ukrayna prezidenti Volodimir Zelenski Birləşmiş Ərəb Əmirlikləri də daxil, bir neçə Körfəz ölkəsinə səfər edərək Kiyevin dron müharibəsi təcrübəsini xüsusi vurğulayıb.

Amma fərqli fikirdə olanlar da var. Almaniyanın "Rheinmetall" müdafiə şirkətinin rəhbəri Armin Papperqer Ukraynanın innovasiyalarını "Lego"ya bənzədib, istehza ilə "mətbəxdə 3D printer istifadə edən evdar qadınlar" ifadəsini işlədib. Bu açıqlama Ukrayna rəsmilərinin sərt təpkisinə səbəb olub.

"Quantum Systems" artıq Ukraynada bir neçə istehsal xətti açıb. "Frontline Robotics" ilə birgə yaradılan müəssisə isə Ukrayna və Almaniya bayraqları ilə bəzədilmiş anqarın bir hissəsini tutur.

"Sərt reallıq"

"Bu, dron müharibəsidir. İnsanlar artıq ön cəbhəyə getmək istəmir, robotları göndərirlər. Robot müdafiəsi və robot hücumlarına doğru gedirik", – bunu illərdir Almaniyada yaşayan, 40 yaşlı ukraynalı işçilərdən biri deyir.

Onun sözlərinə görə, dronlar getdikcə daha ağır yük daşıyır, daha uzağa uçur və texnologiya sürətlə inkişaf edir.

Şirkət Almaniyada istehsal olunan ilk dronları martda Ukraynaya göndərib. İldə 10 min "Linza" dronu istehsal etmək, 2026-cı ilin sonuna qədər işçi sayını 200-ə çatdırmaq nəzərdə tutulur.

Gələcəkdə bu dronların digər ölkələrə, o cümlədən Almaniya ordusuna da satılması planlaşdırılır.

Lenanın sözlərinə görə, Ukraynanın innovasiyası müharibənin təzyiqi altında sürətlənir: "Burada hər dərs qan bahasına öyrənilir. Bu, sərt reallıqdır, insanları daha sürətli uyğunlaşmağa məcbur edir. Burada etdiyin hər səhv birbaşa döyüş meydanına təsir göstərir. Ukraynanın isə çoxlu səhv buraxmaq kimi imtiyazı yoxdur".

Məqaləni AzadlıqRadiosunun jurnalistləri Mayk Ekkel və Sergey Stetsenko hazırlayıb.