2022-ci ilin mayında İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Tacikistanın müdafiə naziri ilə birlikdə Düşənbə yaxınlığında böyük bir layihənin açılışını elan edib. Dediklərinə görə, bu, İranın xaricdə ilk dron istehsalı zavodu idi. "Ababil-2" taktiki kəşfiyyat dronları istehsal olunacaqdı. Təxminən 200 km uçuş məsafəsi olan bu dronlar İran hərbi ixracının brendinə çevrilmiş "Şahed" dronlarından daha kiçik və ucuzdur.
Bu rəsmilərin heç biri indi vəzifədə deyil. Müdafiə naziri Şerali Mirzo ötən ilin yanvarında vəzifədən kənarlaşdırılıb. General mayor Məhəmməd Baqeri isə ötən ilin iyununda İsrail və İran arasında 12-günlük müharibədə öldürülüb.
Baqeri 2022-ci ildə bu layihənin perspektivlərindən ağızdolusu danışmışdı. Ertəsi gün onu Tacikistan prezidenti Emoməli Rəhmon da qəbul etmişdi. Üstündən dörd il keçir, bu zavodda dron istehsal olunurmu, onlar hara gedir, kim istifadə edir, bəlli deyil.
Zavod yerindəmi?
AzadlıqRadiosunun tacik xidməti ölkə rəsmilərindən sorğularına cavab ala bilməyib. Düşənbədə iki yüksəkrütbəli rəsmi isə zavodun heç açılmadığını deyiblər.
"Dron zavodu açmaq "Pepsi-Cola" istehsalı deyil ki. Min faiz əminəm ki, Tacikistanda belə bir zavod yoxdur. Qətiyyən yoxdur", – bir rəsmi deyib.
Düşənbədə bir Qərb diplomatı da oxşar fikir səsləndirib: "Bu barədə oxuduq, davamı gəlmədi. Nə Amerikalılar, nə bizimkilər bir söz dedilər. Mövcud olsaydı, bu haqda soruşardılar, yoxlardılar".
İran mediası zavodun Düşənbədə, şəhər ətrafında yerləşdiyini yazmışdı. Bəzi müşahidəçilər onu Ayni aerodromu yaxınlığında ola biləcəyini təxmin edirdilər. Burada vaxtilə Rusiya hərbi obyektləri olub, indi tacik qüvvələri yerləşir.
Kiyevdə Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru İqor Semivolos deyir ki, açıq mənbələrdən kəşfiyyat məlumatı toplamağın (OSINT) bugünkü imkanlarını nəzərə alsaq, peyk təsvirləri belə bir istehsalı üzə çıxarardı: "Dronların heç yerdə görünməməsi o deməkdir ki, bu layihə simulyasiya ola bilər".
Zavodun açılışı Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı müharibəyə başlayandan sonra elan olunub. Həmin ilin yayında İran Rusiyaya münaqişədə istifadə üçün "Şahed" dronları göndərməyə başlayıb.
Semivolosun fikrincə, İran dronları Tacikistan üçün siyasi baxımdan həssas mövzuya çevrildiyindən, ola bilsin, Düşənbə planlarını dəyişib.
"Yəqin, Tacikistan rəsmiləri həyatlarını çətinləşdirməməyi seçiblər və tədricən bu prosesin tempini azaldıb, arxa plana atıblar", – o vurğulayır.
Rusiya qüvvələrində "Ababil-2"nin iyi-sorağı yoxdur
Tacikistanın Xarici İşlər Nazirliyi (XİN) 2022-ci il oktyabrın 30-da bəyanat yayaraq bu ölkədə istehsal olunan dronların Ukraynada istifadə üçün Rusiya göndərildiyini təkzib edib.
Bəyanatda zavodun mövcud olması barədə bir söz deyilmir. Sadəcə vurğulanır ki, Tacikistan üçüncü ölkələrə hərbi avadanlıq ixrac etmir.
Semivolos da razılaşır ki, bu zavoddan çıxan dronlar Ukrayna cəbhəsində görünməyib: "Əslində "Ababil-2"ləri heç yerdə görməmişik. Bu dronlar Rusiya-Ukrayna cəbhəsində görünməyib. Zavodun istehsal gücünü, necə işlədiyini qiymətləndirmək çox çətindir".
Tacikistandan bir rəsmi AzadlıqRadiosuna anonim şəkildə deyib ki, 2022-ci ildəki açılış mərasimi yalnız İran propaqandasına xidmət edirdi. Məqsədlərdən detallı danışan olmamışdı.
Tacikistanda dron zavodunun açılışı təşkil olunubsa, məqsəd İranın mesajlarını çatdırmaq ola bilərdi. Bunu isə Florida Beynəlxalq Universitetindən dosent Erik Lob AzadlıqRadiosuna deyir.
"Belə təmtəraqlı görüşlərlə onlar beynəlxalq təcridə meydan oxuyur, İranın göründüyü kimi təcrid olunmadığını demək istəyirlər. Hətta yerli legitimlik baxımından siqnal göndərirlər ki, bu rejimin müttəfiqləri, tərəfdaşları və dostları var", – o bildirir.