ABŞ elçiləri Moskvaya və Kiyevə səfər ediblər. Keçmiş səfirlər irəliləyiş görmürlər

Cared Kuşner, Stiv Uitkoff və Volodimir Zelenski Kiyevdə mətbuat konfransında

Donald Tramp administrasiyası Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə son qoymaq üçün diplomatik səylərini yenidən işə salıb. Vaşinqtonun elçiləri Stiv UitkoffCared Kuşner həftəsonu Moskvaya, daha sonra Kiyevə səfər ediblər.

Onlar Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüblər. Bu təmaslardan sonra münaqişənin həllindən ötrü Moskvanın mövqeyində hər hansı dəyişikliyin baş verib-vermədiyi sualı qalır.

AzadlıqRadiosunun Vaşinqton müxbiri Aleks Raufoğlu ABŞ-nin Ukraynadakı üç keçmiş səfirindən müsahibə alıb. Onlar bu suala "xeyr" cavabını veriblər.

Uitkoff hər iki paytaxtdakı müzakirələri "konstruktiv" adlandırıb, Moskvadan "yeni ideyalar" eşitdiyini bildirib. Kuşner isə ABŞ-nin daha geniş sülh paketi üzərində işlədiyini deyib.

Zelenski amerikalılarla müzakirələrini "çox vacib" adlandırıb, Ukraynanın Kiyev, Vaşinqton və Moskva arasında üçtərəfli danışıqlara hazır olduğunu bildirib. Böyük Britaniya, Fransa və Almaniyadan milli təhlükəsizlik müşavirləri də Kiyevdəki müzakirələrin bir hissəsinə qatılıblar.

Keçmiş səfirlər isə fəallığın artmasını proqreslə səhv salmamağa çağırıblar.

ABŞ-nin Ukraynadakı səfiri vəzifəsində iki dəfə çalışmış Uilyam Teylor Kiyev səfərini "yaxşı xəbər" adlanır, amma əsas sınağın başqa yerdə olduğunu bildirib.

"Diplomatiyada əsl problem Kiyev deyil. Diplomatiyada əsl problem Vaşinqton deyil. Diplomatiyada əsl problem Moskvadır", – Teylor AzadlıqRadiosuna söyləyib.

Onun sözlərinə görə, Kremldən Putinin maksimalist tələblərindən geri çəkildiyini göstərən heç bir açıqlama eşitməyib.

Teylordan əvvəl, prezident kiçik Corc Buşun dövründə səfir olmuş Con Herbst də oxşar fikirdədir. Onun sözlərinə görə, yanvardan bəri diplomatik fəallıq, demək olar, baş vermədiyindən bu təşəbbüs son aylar ABŞ-nin ən ciddi diplomatik səyi sayıla bilər: "Sual budur ki, ciddi bir şey baş verirmi? Cavab isə belədir: Bilmirik".

2013-2016-cı illərdə ABŞ-nin Ukraynadakı səfiri olmuş Cefri Payett xəbərdarlıq edib ki, əsas maneə Rusiyanın gərginliyi azaltmağa hazır olub-olmamasıdır.

Rusiya prezidenti Vladimir Putin ABŞ-nin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner ilə Moskvada görüşür.

Çatışmayan məqam

Həftəsonu Uitkoffun amerikalıların Moskvada "yeni ideyalar" eşitdiyini deməsi maraqlı səslənir. Detallar açıqlanmadığından Rusiyanın mövqeyində yeniliyin olub-olmaması bilinmir.

Teylorun fikrincə, bunun əsas göstəricisi hərbi gərginliyin real azaldılması olardı. Məsələn, Rusiyanın hazırkı təmas xətti boyunca atəşkəsə razılaşması, uzaqmənzilli zərbələri dayandırması kimi. Əks halda "yeni" sözü Rusiyanın mövcud tələblərinin fərqli təqdimatı ola bilər.

Herbst keçmiş gözləntiləri yada salıb. Axı, ABŞ rəsmiləri əvvəllər də Moskvanın güzəştə hazır olduğunu deyiblər, indiyədək ortalıqda bir nəticə yoxdur.

Tramp administrasiyasının səfərlə bağlı informasiyalı vəzifəlisi AzadlıqRadiosuna deyib ki, Vaşinqton Moskva və Kiyevin iştirakı ilə növbəti danışıqlar mərhələsinin keçirilməsi ehtimalına hazırdır və buna nikbin yanaşır. Ancaq öncə elçilərin görüşlərinin nəticələri qiymətləndiriləcək. Qarşıdakı həftələr isə daha ətraflı yol xəritəsinin hazırlanması baxımından vacibdir.

Ərazi, təhlükəsizlik

Kuşnerin daha geniş sülh paketindən danışması həmin paketin nələri əhatələyəcəyi sualını doğurur. Keçmiş səfirlər ərazi və Ukraynanın gələcək təhlükəsizliyini əsas məsələlər kimi vurğulayırlar.

Moskva Kiyevdən ərazi güzəştləri tələb edir, Ukrayna isə Rusiyanın işğal etdiyi torpaqları öz suveren ərazisi sayır.

Teylor deyir, Ukrayna və Qərb tərəfdaşları Rusiyanın Ukrayna ərazisinin 19 faizinə nəzarət etməsi faktını qəbul edə, ancaq bunu hüquqi baxımdan legitim və ya daimi saymaya bilərlər.

Belə bir çərçivə ərazi mübahisəsinin faktiki dondurulması demək olardı. Rusiya bu halda faktiki nəzarəti saxlayar, ancaq işğal edilmiş ərazilər üzərində suverenliyinin beynəlxalq səviyyədə tanınması tələbindən imtina edərdi.

Ancaq Teylor Putinin belə bir variantı qəbul edə biləcəyi əlamətinin görünmədiyini vurğulayıb.

Zelenski də ərazi məsələsinin həli üçün ən yüksək siyasi səviyyədə qərarların tələb olunduğunu bildirib.

Herbstin qənaətincə, Putinin məqsədləri ərazi ilə məhdudlaşmır. Kremlin niyyəti Ukraynanın ərazisi və siyasi kursu üzərində geniş nəzarət əldə etməkdir. Bu hədəflər isə Ukraynanın suverenliyi və müstəqilliyinə əsaslanan davamlı razılaşma ilə bir araya sığmır.