Keçid linkləri

2026, 04 Sentyabr, cümə, Bakı vaxtı 09:07

Putin: Ukrayna üzrə danışıqlar şansı qalır

Vladimir Putin Şərq İqtisadi Forumunda
Vladimir Putin Şərq İqtisadi Forumunda

"Ukrayna məsələsinin həlli üçün hələ də şans qalır", – Rusiya prezidenti Vladimir Putin bunu sentyabrın 3-də deyib. O, Ukrayna ilə sülh və konstruktiv danışıqlar üçün minimum perspektivin qalıb-qalmadığı barədə sualı cavablandırıb. Putin bu barədə Şərq İqtisadi Forumunun plenar iclasında danışıb.

Putinin dediyinə görə, "Rusiya bu məsələnin həllinə töhfə verməyə çalışan hər kəsə minnətdardır".

"İlk növbədə Rusiya və Ukrayna öz aralarında razılığa gəlməlidir" deyən Rusiya prezidenti mümkün təmaslarla bağlı detallı danışmayıb. Xəbəri AzadlıqRadiosunun rus xidməti yayıb.

Ukraynanın Rusiya hava məkanında təyyarələr üçün təhlükələrlə bağlı xəbərdarlıqlarını Putin "dövlət terrorizmi" adlandırıb. O, Moskva ilə Kiyev arasında xüsusi xidmətlər vasitəsilə təmasların qaldığını bildirib.

Sentyabrın 1-də Ukrayna prezidenti Volodimir Zelenski dron hücumları səbəbindən Rusiya səmasının "tam təhlükəli" olduğunu deyib, aviaşirkətləri bunu nəzərə almağa çağırıb.

Tramp: "Bu, biznes üçün əla olardı"

Ukrayna istənilən vaxt sülh danışıqlarına və atəşkəsə hazır olduğunu bildirir. Rusiya isə bir sıra tələblərdən əl çəkmir. Əsas tələb Ukrayna qoşunlarının Donetsk vilayətindən çıxarılmasıdır. Zelenski Putinin danışıqlar aparmaq üçün Moskvaya gəlmək təklifini də ciddi və məqbul saymır.

ABŞ prezidenti Donald Tramp sentyabrın 2-də Ağ evdə jurnalistlərlə söhbətində Rusiya və Ukraynanı yenidən "mənasız" müharibəni dayandırmağa çağırıb. Tramp Putinlə görüşməyə hazır olduğunu, lakin yalnız müharibə bitərsə, belə bir görüşü məqsədəuyğun sayacağını bildirib.

"Rusiya, Ukrayna və hamı ilə yaxşı münasibətlərimizin olmasını istəyirəm. Bu, biznes üçün əla olardı", – Tramp deyib.

Vaşinqton qarşıdakı həftələrdə Rusiya-Ukrayna sülh danışıqlarının bərpasının mümkün olub-olmadığını müəyyənləşdirməyə çalışacaq. Bunu ABŞ dövlət katibi Marko Rubio bir neçə gün əvvəl "Fox News" telekanalına müsahibəsində deyib. Rubioya görə, ABŞ hər iki tərəfin kifayət qədər aydın qırmızı xətlərinin olduğunu anlayır, Tramp administrasiyasının səyləri bu qırmızı xətləri bir-birinə yaxınlaşdırmağa yönələcək.

Tramp ilə Putinin ötən ilin avqustunda Ankoricdəki görüşündən sonra ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında bir neçə raund danışıqlar keçirilib. Sonuncu görüş fevralda olub. ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayandan yeni görüş keçirilməyib.

XS
SM
MD
LG