Türkiyə İstanbul Konvensiyasından rəsmən çıxdı

Türkiyədə etirazlar

“Amnesty International” iyulun 1-də Türkiyənin sənəddən rəsmən çıxmasını “biabırçılıq” adlandırıb

İyulun 1-də Türkiyə qadınlara qarşı zorakılığın qarşısının alınması və onunla mübarizəyə dair beynəlxalq sazişdən rəsmən çıxıb. “Amnesty International” insan haqları təşkilatı bu addımın “ehtiyatsız və təhlükəli mesaj” göndərdiyini bildirib.

Prezident Recep Tayyip Erdoğan martda fərman verərək ölkənin Avropa Şurasının İstanbul Konvensiyasında iştirakını dayandırıb. Bu addım beynəlxalq ictimaiyyət tərəfindən qınanıb, Türkiyədə etirazlara səbəb olub.

Buna da bax: 'Onları qadın kimi danışdıqlarına görə cəzalandırmaq...'

Milli fəaliyyət planı

Erdoğanın iyulun 1-də deməsinə görə, bu, qadınların hüquqlarının təmin olunması yönündə geriyə addım olmayacaq. O, Qadınlara qarşı Zorakılıqla Mübarizə üzrə Milli Fəaliyyət Planının anonsunu verib. Plana ədliyyə prosedurana yenidən baxılması, qoruma xidmətlərinin yaxşılaşdırılması, zorakılıq üzrə data yığılması daxildir.

Amma İstanbul, İzmir, Ankara, Türkiyənin digər şəhərlərində minlərlə insan küçələrə çıxıb, əllərində “Biz İstanbul Konvensiyasından əl çəkmirik. O bizim üçün bitməyib” plakatını tutublar.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın deməsinə görə, Türkiyənin İstanbul Konvensiyasından çıxması “dərindən məyusedici” addımdır, qadınlara qarşı zorakılığa son qoyulması yönündə beynəlxalq fəaliyyətdə geriləmədir.

Avropa Şurasının bu konvensiyasında deyilir ki, qadınlarla kişilərin hüquqları bərabərdir və dövlət üzərinə qadınlara qarşı gender əsaslı zorakılığı önləməkdən ötrü tədbirlər görmək vəzifəsi qoyur.

Buna da bax: HRW-dan İstanbul Konvensiyası xəbərdarlığı

Türkiyənin arqumenti

Türkiyə prezident idarəsinin martda yaydığı bəyanata görə, konvensiya “Türkiyənin sosial və ailə dəyərləri ilə uyğun gəlməyən homoseksuallığı normallaşdırmağa çalışanlar tərəfindən ələ keçirilib”.

Erdoğanın islamçı meylli partiyasından bəzi rəsmilərin iddiasına görə, sənəd boşanmalara həvəsləndirir, ənənəvi ailəyə zərbə vurur və bunlar ölkənin mühafizəkar dəyərlərinə ziddir.

“Amnesty International” iyulun 1-də Türkiyənin sənəddən rəsmən çıxmasını “biabırçılıq” adlandırıb.

“Bu gün gecəyarısından Türkiyə qadınların və qızların təhlükəsizliyi kimi qızıl standarta arxa çevirdi. Bu addım pis davranan, şikəst edən və öldürənlərə ehtiyatsız və təhlükəli mesaj verir: yəni, onlar bunu cəzasız qalaraq davam etdirə bilərlər”, – Londonda yerləşən qrupun baş katibi Aqnes Kalamard deyib.