Ankara Ermənistanla sərhədin yalnız Bakı ilə sülhdən sonra açılacağını bildirdi

Sizin brauzer HTML5-i dəstəkləmir

Qardaşlaşan türk və erməni şəhərləri: Dəmirəl Türkiyə-Ermənistan sərhədini necə açmışdı? (Arxiv videosu)

Ermənistan və Azərbaycan yekun sülh sazişi imzalayan kimi Türkiyə Ermənistanla sərhədini açmağa hazırdır. Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu AzadlıqRadiosunun erməni xidmətinə müsahibəsində bildirib.

Ankara onilliklərdir Yerevanla münasibətlərin normallaşmasını Ermənistan-Azərbaycan sülh sazişinin əldə olunması şərtinə bağlayır və bu mövqeyini bir daha təkrarlayıb.

"Ermənistan və Azərbaycanın tam razılığa gəlməsini gözləyirik. Bu, bizim üçün vacibdir", – Uraloğlu Antalyada keçirilən COP31 iqlim konfransı çərçivəsində vurğulayıb.

Nazir ermənistanlı həmkarı ilə danışdığını, həm Qars və Gümrü arasındakı dəmir yolu keçidinin, həm də Alicandakı quru sərhəd-keçid məntəqəsinin yenidən açılması üçün zəruri hazırlıq işlərinin tamamlandığını bildirib.

"Azərbaycanın həssas yanaşdığı məsələlər nəzərə alınmaqla razılıq əldə olunarsa, qənaətimizcə, bundan sonra sərhədin açılması çox vaxt aparmayacaq", – Uraloğlu əlavə edib.

2020-ci ildə Ermənistanla Azərbaycan arasında 44 günlük Qarabağ müharibəsindən sonra Ermənistan və Türkiyə münasibətlərin normallaşdırılması istiqamətində yeni mərhələyə başlayıblar. İki ölkə 2022-ci ildə quru sərhədini üçüncü ölkə vətəndaşları üçün açmaq barədə razılığa gəlsə də, Türkiyə, hələlik, bu qərarı icra etməyib.

Ermənistan və Azərbaycan ötən il Vaşinqtonda sülh sazişinin mətnini paraflasalar da, sənədi hələ də imzalamayıblar. Azərbaycan yekun sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasından özünə qarşı ərazi iddiaları saydığı müddəanın çıxarılmasını əsas şərt qoyub.

Ermənistan rəsmiləri isə Ankara ilə dialoqu konstruktiv hesab edirlər.

Noyabrın 11-də Ermənistanın baş naziri Nikol Paşinyanın Antalyada keçirilən COP31 Liderlər Sammitində iştirakı gözlənilir. Sammitə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək.

Azərbaycan prezidenti İlham Əliyev də sammitə qatılmaq üçün bir gün əvvəl Türkiyəyə səfər edib. Bundan əvvəl Türkiyə prezidenti Azərbaycana gələrək 8 Noyabr – Zəfər Günü tədbirlərinə qatılmışdı. Bu qarşılıqlı səfərlər Bakı və Ankara arasında son dövrlərdə yaranan diplomatik gərginlik fonunda baş verir. Həmin gərginliyin səbəbləri sırasında Azərbaycanın İsraillə əməkdaşlığı, eləcə də Azərbaycan məktəblərində vahid geyim forması ilə bağlı qaydalara dəyişikliklər göstərilirdi.

Bu gərginlik fonunda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə ilə sərhədlərin istənilən an açıla biləcəyini bəyan etmişdi.

"Bu proses o qədər yetişib və tərəflər bir çox məsələdə elə bir qarşılıqlı anlaşmaya nail olublar ki, Ermənistan-Türkiyə sərhədinin açılması və diplomatik münasibətlərin qurulması istənilən an baş verə bilər", – Mirzoyan noyabrın 5-də parlamentdəki çıxışı zamanı bildirib.