Yerevan iki ildən çoxdur Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlük haqqı ödəmir. Bu səbəbdən Ermənistanın qurumda səsvermə hüququndan məhrum edilməsi ilə bağlı qərar layihəsi üzv ölkə başçılarının müzakirəsinə çıxarılacaq.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 10-da KTMT-nin baş katibi Taalatbek Masadıkovla birgə mətbuat konfransında deyib.
"Burada ikili şərhə yer yoxdur. Yerevan 2024-cü ildən — artıq iki ildən çoxdur ki, üzvlük haqlarını ödəmir. Buna görə də KTMT Nizamnaməsinin 25-ci maddəsinin Ermənistan Respublikasına tətbiq edilməsi məsələsi qaldırılıb", – Lavrov bildirib.
KTMT altı postsovet ölkəsini – Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanı birləşdirir. Qurumun əsas məqsədi üzv ölkələri xarici silahlı hücumlardan qorumaqdır.
Təşkilatın Nizamnaməsinin 25-ci maddəsinə əsasən, büdcəyə üzvlük haqları üzrə iki illik borc yarandıqda, Kollektiv Təhlükəsizlik Şurası həmin ölkəyə qarşı sanksiya tətbiq edə bilər. Belə ki, qurum bu ölkənin kvota əsasında ayrılan vəzifələrə namizəd irəli sürmək hüququnu dayandıra və borc ödənilənədək onu səsvermə hüququndan məhrum edə bilər.
Paşinyan: "Bizi bu dilemmadan qurtararlar"
Ermənistanın baş naziri Nikol Paşinyan avqustda demişdi ki, ölkəsi yaxın beş ildə KTMT-yə qayıtmağı planlaşdırmır və təşkilatdan çıxarılarsa, buna sevinər: "Əminliklə deyə bilərəm ki, KTMT-dəki fəaliyyətimizi bərpa etmək niyyətində deyilik".
"Təşkilat Ermənistanı üzvlükdən çıxarmaq qərarına gəlsə, çox şad olaram. Heç olmasa, bizi təşkilatdan çıxaq, yoxsa çıxmayaq dilemmasından qurtararlar", – Paşinyan vurğulamışdı.
Lavrovun cavabı: "Ermənistanı qovmayacağıq"
Lavrov isə bugünkü çıxışında KTMT-nin Ermənistanı təşkilatdan "qovmayacağını" deyib.
"KTMT-nin artıq Ermənistanın maraqlarına cavab vermədiyi, ölkənin təhlükəsizlik ehtiyaclarını qarşılamadığı barədə fikirlər səsləndirilir... Əgər belədirsə, onda təşkilatdan özləri çıxmalıdırlar. Yox, əgər Ermənistanı bizim qovmağımızı istəyirlərsə, bunu etməyəcəyik", – o bildirib.
Yerevanla KTMT arasında gərginlik Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi fonunda artıb. Ermənistan Qarabağdakı Rusiya sülhməramlılarını Azərbaycanın 2023-cü ildə keçirdiyi hərbi əməliyyatın qarşısını almamaqda günahlandırıb. Bundan başqa, rəsmi Yerevan Azərbaycanın 2022-ci ildə onun ərazisinə girdiyini iddia edərək alyansı bunu qınamağa çağırmışdı. Bakı isə o zaman sadəcə sərhəddəki mövqelərini dəqiqləşdirdiyini açıqlamışdı.
Putin KTMT üzvlərini fəaliyyətlərini əlaqələndirməyə çağırır
Rusiya prezidenti Vladimir Putin beynəlxalq gərginliyin davam etdiyini əsas gətirərək, KTMT üzvlərini birgə fəaliyyətlərini daha sıx əlaqələndirməyə çağırıb. O, bunu Moskvada başlayan Beynəlxalq Kollektiv Təhlükəsizlik Forumunun iştirakçılarına ünvanladığı təbrikdə bildirib.
Putin əsas diqqətin müdafiə sahəsində əməkdaşlığa, terrorizm və ekstremizmlə mübarizəyə, həmçinin kibercinayətkarlığın, narkotik dövriyyəsinin və qanunsuz miqrasiyanın qarşısının alınmasına yönəldilməli olduğunu deyib.
Noyabrın 11-də Putin KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclasını keçirəcək.
KTMT sammiti də həmin gün Moskvada baş tutacaq.