Keçid linkləri

2026, 22 Oktyabr, cümə axşamı, Bakı vaxtı 23:46

'Rusiya Dəmir Yolları'nın rəhbəri Paşinyanla 'çox yaxşı' danışıqlar aparıb

Nikol Paşinyan Oleq Belozyorovu qəbul edir
Nikol Paşinyan Oleq Belozyorovu qəbul edir

"Rusiya Dəmir Yolları" (RJD) dövlət şirkətinin rəhbəri oktyabrın 14-də Yerevanda baş nazir Nikol Paşinyanla görüşüb. Onun sözlərindən məlum olur ki, Paşinyan Ermənistan dəmir yollarının Rusiyanın idarəçiliyindən çıxarılmasında israr etməyib. Bu haqda AzadlıqRadiosunun erməni xidməti yazır.

2008-ci ildə Rusiya ilə Ermənistan arasında imzalanmış sazişə əsasən, bu ölkənin dəmir yollarının idarəçiliyi 30 il müddətinə RJD-yə verilib. Oleq Belozyorov Ermənistanın paytaxtına məhz bu sazişin gələcəyini müzakirə etmək üçün gəlib.

Fevralda Paşinyan Ermənistanın dəmir yolu şəbəkəsini Rusiyaya aid olmayan başqa bir şirkətin idarə etməli olduğunu bildirmişdi. Onun sözlərinə görə, dəmir yollarının hazırkı statusu Türkiyə və Azərbaycanı tranzit məqsədilə Ermənistan ərazisinin daha böyük hissəsindən istifadə etməkdən çəkindirir.

O vaxtdan bəri Rusiya-Ermənistan münasibətləri daha da pisləşib, Moskva isə Paşinyanın tələblərini dəfələrlə rədd edib.

Birgə işçi qrup yaradılacaq

"Konsessiyanın saxlanılıb-saxlanılmaması məsələsi gündəlikdə deyil. Biz konsessiya sazişinin icrasını müzakirə etdik. Saziş icra olunur və biz birgə işləmək barədə razılığa gəldik", – Belozyorov Paşinyanla danışıqlardan sonra jurnalistlərə bildirib.

O, danışıqların "çox yaxşı" keçdiyini söyləyib.

Ermənistan hökumətinin yaydığı bəyanatda bildirilir ki, Paşinyan və Belozyorov "Ermənistan dəmir yollarının idarə olunmasında səmərəliliyi, mövcud problemləri və onların həlli yollarını", həmçinin Türkiyə və Azərbaycan sərhədlərinə uzanan, hazırda istifadə olunmayan dəmir yolu hissələrinin bərpası planlarını müzakirə ediblər. Görüşdə birgə işçi qrupun yaradılması barədə razılıq əldə olunub.

Avqustda Paşinyan RJD-ni beynəlxalq məhkəməyə verməklə, yaxud dəmir yollarının idarəetmə hüququ qarşılığında Rusiya şirkətindən ildə 2 milyard dollara qədər ödəniş tələb etməklə hədələmişdi.

Həmin vaxt Belozyorov bildirmişdi ki, Yerevan 2009-cu ildən bəri Ermənistana yatırıldığını iddia etdiyi təxminən 400 milyon dollarlıq sərmayəyə görə onun şirkətinə kompensasiya ödəməli olacaq.

Sonradan Paşinyan bu məsələ ilə bağlı ritorikasını yumşaldıb.

Bu arada Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə daha bir çətin görüşü gözlənilir. Onlar sonuncu dəfə sentyabrın 1-də görüşüblər. Həmin görüşdə Putin bir daha Ermənistanı Avropa İttifaqına üzvlük kursu ilə Rusiyanın rəhbərlik etdiyi iqtisadi blok arasında tezliklə seçim etməyə çağırıb.

Rusiya hakimiyyəti artıq bu ilin əvvəlindən Ermənistandan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub.

​
XS
SM
MD
LG