Türkmənistanda insanın immunçatışmazlığı virusuna (İİV) yoluxan pasiyentlərə dərman verilməsinin dayandırıldığı və onların ayrıseçkiliyə məruz qaldığı bildirilir. Həmçinin hakimiyyətin infeksiyanın yayılma miqyasını gizlətdiyi iddia olunur. Türkmənistan Helsinki İnsan Hüquqları Fondu yayılan bu xəbərlərdən narahatlığını ifadə edib. Hüquq müdafiəçilərinin fikrincə, bu vəziyyət vətəndaşların sağlamlığının qorunması ilə bağlı konstitusion hüquqlarını pozur.
AzadlıqRadiosunun türkmən xidməti – "Radio Azatlık" noyabrın 14-də Balkan vilayətinin tibb müəssisələrində İİV xəstələrinə bəzi dərmanların verilməsinin dayandırıldığı barədə xəbər yayıb. Tibb işçiləri bildirirlər ki, zəruri müalicənin aparılmaması xəstələrin vəziyyətini ağırlaşdırır, bəzi hallarda isə hətta ölümlə nəticələnir.
Hüquq müdafiəçiləri oktyabrın 16-da Aşqabadda vəfat edən 38 yaşlı Artyom Avdeyevin yaxınlarının müraciətini ictimailəşdiriblər. Mərhumun bacısı Yuliya Belovanın sözlərinə görə, qardaşı lazımi müalicəni ala bilməyib, yerli həkimlər isə ona İİV əvəzinə vərəm diaqnozu qoyublar.
"Qardaşım Türkmənistan ordusunda xidmət edərkən İİV-ə yoluxub. Müalicəsi üçün ona Amerikadan dərman göndərməli olurdum, çünki ölkədə İİV diaqnozu qoymaq qadağandır. Bunun əvəzinə vərəm diaqnozu qoyurlar, ona görə də düzgün müalicə aparılmır", – Belova deyib.
Türkmənistan hakimiyyəti illərdir ki, ölkədə İİV-in yayılmasına dair statistik məlumatları açıqlamır. Hələ 2024-cü ildə tibb işçiləri "Radio Azatlık"a bildirmişdilər ki, əvvəlki beş-altı il ərzində ölkədə bu virusa yoluxanların sayı bir neçə dəfə artıb.
Həmin ilin avqustunda Türkmənistanın Səhiyyə Nazirliyi İİV-ə yoluxmuş şəxslərə tibbi yardım göstərilməsi qaydalarını təsdiqləyib. Radioya danışan mənbələrin sözlərinə görə, 2020-ci illərin əvvəllərində pasiyentlərə zəruri dərmanlar Türkmənistan hökuməti hesabına deyil, beynəlxalq təşkilatların dəstəyi ilə verilirdi.