Tramp-Si-Putin görüşü: Kim nə qazandı? – 4 əsas nəticə

Vladimir Putin, Si Cinpin və Donald Tramp Çinin Şençjen şəhərində keçirilən APEC sammitində.

ABŞ prezidenti Donald Tramp, Çin lideri Si Cinpin və Rusiya prezidenti Vladimir Putin noyabrın 19-da Çində tarixi görüş keçirdilər. Hər üç lider bu sammitdən müəyyən uğurla ayrılsa da, köklü dəyişiklik yaradacaq razılaşmalar əldə olunmayıb.

AzadlıqRadiosunun jurnalisti Metyu Fulko akademiklər və təhlilçilərlə müsahibələr əsasında görüşün dörd əsas nəticəsi barədə yazır.

Ən çox qazanan Putin oldu

"Putinin bu görüşdən çıxarı hamıdan çox oldu. O, sammitin ən böyük qalibidir", – ABŞ-də müdafiə sahəsində ixtisaslaşmış CNA analitik mərkəzinin Çin-Rusiya münasibətləri üzrə eksperti Elizabet Vişnik belə deyib.

2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı işğala başlayandan bəri Putin beynəlxalq miqyasda əsasən təcrid vəziyyətində idi.

"Rusiya liderinin təcridi azından görüntü olaraq xeyli azaldı, amma görüşdən sonra qəbul edilən birgə "sülh bəyannaməsi" sayəsində bu, reallığa da çevrilə bilər". Bunu isə Britaniyanın təhlükəsizlik məsələləri üzrə araşdırmalar aparan Kral Birləşmiş Xidmətlər İnstitutunun (RUSI) elmi əməkdaşı Sari Arho-Havren söyləyib.

Birgə bəyannamədə nüvə risklərinin azaldılmasına və beynəlxalq sabitliyin gücləndirilməsinə çağırış yer alıb. Üç ölkə Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) öz yurisdiksiyasından sui-istifadə etməməli olduğunu bildirib. BCM 2023-cü ilin martında Ukraynada törədildiyi iddia olunan hərbi cinayətlərə görə Putinin həbsinə order verib.

Görüşün ictimaiyyətə açıq hissəsində Tramp BCM-ni "özbaşına fəaliyyət göstərən qlobalist qurum" adlandırıb.

Sammitin Çinə faydası

Putinlə müqayisədə S.Cinpinin üçtərəfli görüşdən qazancı daha az olub. Çin Rusiya kimi diplomatik və iqtisadi çətinliklər yaşamır.

Si ABŞ-Çin əlaqələrinin hazırkı istiqamətini müəyyənləşdirməklə yanaşı, buna ad da qoyub – "konstruktiv strateji sabitlik".

"Sammit yüksək səviyyədə təşkil olunmuş və yaxşı ssenariləşdirilmişdi. Bunu Çin üçün uğur saymaq olar", – Vaşinqtonda yerləşən Stimson Mərkəzinin Çin proqramının direktoru Yun Sun AzadlıqRadiosuna bildirib.

"Məncə, Si Cinpin istədiyinə əsasən nail oldu. O, qlobal məsələlərdə sükan arxasında dayandığını nümayiş etdirdi", – Havren belə deyir.

Çinin Şençjen şəhərində Vladimir Putin, Si Cinpin və Donald Trampın üçtərəfli görüşü.

Tramp da gözlədiyini aldı

Təhlilçilər ABŞ prezidentinin sammitdən əvvəl qarşısına məhdud hədəflər qoyduğunu və istəyinə çatdığını deyirlər.

"Prezident Tramp dünyanın diqqət mərkəzində ikən digər iki böyük nüvə dövləti ilə birlikdə bu silahlara nəzarət etdiyini göstərmək istəyirdi və buna nail oldu", – Taybeydə yaşayan hüquqşünas və siyasi risklər üzrə analitik Ross Darrell Faynqold AzadlıqRadiosuna söyləyib.

Tramp sammitdən öncə İran müharibəsini də müzakirə etmək niyyətində olduğunu demişdi. Amma birgə bəyanatda bu münaqişənin adı çəkilməyib. Nə Putin, nə də Si APEC sammitində İran müharibəsi barədə açıq danışıb.

Faynqoldun fikrincə, Çin və Rusiya Trampa İranla münaqişəni bitirmək üçün heç bir kömək göstərə bilməz və buna getməyəcək, eyni zamanda İranı ABŞ ilə döyüşməyə də təşviq etməyəcəklər: "Çin və Rusiya üçün ən təhlükəsiz yanaşma sülhə çağırmaqdır və onlar bu siyasəti davam etdirirlər".

Böyüklərin diplomatiyasının da sərhədləri var

Təhlilçilər üçtərəfli sammitin əldə edə bilmədiklərindən də danışıblar.

Ukrayna və Avropa ölkələri bu görüşdən narahat idilər, Rusiya liderinin onların iştirakı olmadan sülh razılaşması bağlamağa çalışacağından ehtiyat edirdilər. Ancaq Pekinin Avropa ilə münasibətlərini korlamaq istəmədiyini nəzərə alsaq, belə bir nəticə əvvəldən real görünmürdü.

Havren deyir ki, Çinin iqtisadi baxımdan hələ də Avropaya ehtiyacı var və o, özünü neytral güc kimi təqdim etməyə çalışır. Onun sözlərinə görə, Ukrayna məsələsinin gündəliyə salınmaması Pekinin "strateji seçimi" idi.

Vişnikin fikrincə, Ukraynanın APEC sammitindən az əvvəl Krım körpüsünə dron və raket zərbələri endirməsi təsadüfi deyildi. Hücum nəticəsində körpünün avtomobil yolunun bir hissəsi çöküb: "Bu, dünya liderlərinə mesajdır ki, Ukrayna və Avropa ölkələri olmadan bu münaqişəyə son qoymaq mümkün deyil".

Ukraynaya qarşı müharibədə Rusiyaya həm silah, həm də hərbçi göndərən Şimali Koreya lideri Kim Çen In isə Trampla görüşmədən APEC sammitini tərk edib. Halbuki ABŞ prezidenti iki liderin bir araya gələ biləcəyini demişdi.

Vişnikin fikrincə, böyük dövlətlərin təsir imkanları geniş olsa da, döyüş meydanını tam nəzarətdə saxlamaq iqtidarında deyillər: "Dünya liderlərinin bir masa arxasında oturub dünyanın taleyini həll etdiyi dövr başa çatıb. Problemlərin həlli üçün onlar digər dövlətlərlə daha geniş əməkdaşlıq etməli olacaqlar".