Tramp: HƏMAS-ın tərksilahı ilə bağlı razılaşma əldə olunub

Qəzza şəhərinin qərbində, əş-Şati qaçqınlar düşərgəsi yaxınlığındakı binaların dağıntıları

ABŞ prezidenti Donald Tramp bildirib ki, iyulun 30-da Qahirədə vasitəçilərlə HƏMAS liderləri arasında danışıqlarda Qəzzada HƏMAS-ın mərhələli tərksilahı üzrə razılaşma əldə olunub. HƏMAS təmsilçisi isə sənədi yalnız "layihə" adlandırıb. ABŞ rəsmilərinin sözlərinə görə, İsrail qruplaşmanın silahları real olaraq təhvil verəcəyinə şübhə ilə yanaşır.

ABŞ, İsrail və Avropa İttifaqı HƏMAS-ı terror təşkilatı kimi tanıyır.

"Bu gün Sülh Şurası HƏMAS və Qəzzadakı digər bütün silahlı qrupların TAM TƏRKSİLAHI ilə bağlı TARİXİ razılaşma əldə edib", – Tramp sosial şəbəkədə yazıb. O, tərksilah prosesinin mərhələli aparılacağını bildirib.

Vaşinqtondakı İsrail səfirliyi Trampın açıqlaması ilə bağlı sorğuya dərhal cavab verməyib.

HƏMAS-dakı mənbə "Reuters"ə bildirib ki, razılaşma layihəsi ağır silahların yalnız Fələstin administrasiyasının nəzarətində saxlanılmasını nəzərdə tutur, bu silahlar İsrailə təhvil verilməyəcək.

"İsrail Qəzza zolağından çıxmayanadək tərksilahla bağlı heç bir addım atmayacağıq", – HƏMAS-ın danışıqlardakı heyətinin üzvü Qazi Həmmad "Əl-Cəzirə"yə deyib.

ABŞ rəsmisi jurnalistlərə söyləyib ki, İsrail HƏMAS-ın silahı təhvil verəcəyinə çox skeptik yanaşır.

Adının açıqlanmasını istəməyən İsrail rəsmisi bildirib ki, Trampın bəyanatından əvvəl İsrail təqdim olunan təklifi rədd edib. Rəsmiyə görə, müzakirə olunan 15-bəndlik sənəd bu tələblərə cavab vermir və İsrail öz etirazlarını vasitəçilərə çatdırıb.

Bu arada İsrailin Qəzzaya endirdiyi zərbələrdən azı altı fələstinli, o cümlədən iki uşaq həlak olub.

İsrailin baş naziri Binyamin Netanyahu bundan əvvəl bildirmişdi ki, Qəzzanın bərpası yalnız HƏMAS-ın tam tərksilah olunmasından və bölgənin demilitarizasiyasından sonra mümkündür. Netanyahu bu şərtlər yerinə yetirilmədən İsrailin heç bir bərpa layihəsinə razılıq verməyəcəyini vurğulayıb.

2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu nəticəsində 1200 nəfərin öldürüldüyü, 250-dən çox insanın isə girov götürüldüyü açıqlanıb. İsrailin bu hücuma cavab olaraq Qəzzaya endirdiyi zərbələr nəticəsində azı 70 min insanın həlak olduğu bildirilir.

Ötən ilin oktyabrında Tramp Qəzzada atəşkəs elan edib. O vaxtdan Qəzzada atəşkəs dəfələrlə pozulub. Qəzza səhiyyə rəsmiləri İsrailin hücumları nəticəsində 1200-dən çox fələstinlinin, əsasən mülki şəxslərin həlak olduğunu bildirir. İsrail hakimiyyətinin məlumatına görə, silahlı qruplaşmaların hücumları nəticəsində dörd israilli hərbçi öldürülüb. HƏMAS isə adətən öz itkilərini açıqlamır.