Keçid linkləri

2026, 27 May, çərşənbə, Bakı vaxtı 22:19

FT: Trampın Sülh Şurası fonduna hələ bircə dollar da yatırılmayıb

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda Sülh Şurasının təsis iclasında çıxış edir.
ABŞ prezidenti Donald Tramp Vaşinqtonda Sülh Şurasının təsis iclasında çıxış edir.

ABŞ prezidenti Donald Trampın Sülh Şurası üçün yaradılmış rəsmi fondunda vəsait yoxdur; mövcud hüquqi və siyasi qeyri-müəyyənlik Qəzzanın bərpası layihələrini ləngidir. "The Financial Times" (FT) qəzeti bu barədə məsələdən xəbərdar dörd mənbəyə istinadən məlumat yayıb.

Dünya liderləri bu fonda "ömürlük üzvlük" üçün 1 milyard dollar ödəməlidir. Üzv dövlətlər Qəzza üçün nəzərdə tutulan yardım paketinə 7 milyard dollar ayıracaqlarını vəd ediblər, Tramp isə əlavə olaraq ABŞ adından 10 milyard dollarlıq maliyyə öhdəliyi götürüb.

Amma nəşr qeyd edir ki, qurumun təsis olunmasından dörd ay keçməsinə baxmayaraq, Dünya Bankındakı hesaba donorlardan hələ də vəsait daxil olmayıb. Mənbələrdən biri qəzetə açıqlamasında "Hesaba bircə dollar belə yatırılmayıb", — deyə bildirib.

Məsələ burasındadır ki, ianələr Dünya Bankı və BMT-nin dəstəklədiyi fonda deyil, birbaşa şuranın "JPMorgan" bankındakı hesabına köçürülür. Bunu mövzuya bələd olan şəxslərdən biri və şuranın rəsmi sözçüsü təsdiqləyib.

Qəzet yazır ki, "JPMorgan" hesabı üçün hər hansı müstəqil şəffaflıq tələbi mövcud deyil. Dünya Bankı isə Qəzza fondunun maliyyə vəziyyəti barədə donorlar və şura üzvlərinə hesabat verməyə borcludur.

Şura rəsmisinin bildirdiyinə görə, maliyyənin qəbulu üçün bir neçə mexanizm qurulub və hazırkı mərhələdə donorlar Dünya Bankı modelinə deyil, digər variantlara üstünlük veriblər.

Təmsilçinin sözlərinə görə, Sülh Şurası maliyyə hesabatlarını "münasib vaxtda" öz icra şurasına təqdim edəcək. Bu şura isə Tramp administrasiyasının rəsmilərindən və digər müşavirlərdən ibarətdir.

Mərakeşin şuraya təxminən 20 milyon dollar, BƏƏ-nin isə 100 milyon dollar ayırdığı qeyd olunur.

Qəzetin yazdığına görə, ABŞ Dövlət Departamenti şuranın gündəliyindəki layihələr üçün təxminən 1.2 milyard dollarlıq yardım vəsaitini yenidən bölüşdürməyi planlaşdırır. Amma bu pullar hələ xərclənməyib və birbaşa şuraya ötürülməyəcək. Departament əməliyyat xərcləri üçün şuraya birbaşa təxminən 50 milyon dollar ayırmaq niyyətindədir, ancaq bu vəsait də hələ köçürülməyib. Konqresə bildirilib ki, maliyyə nəzarəti və digər zəruri sistemlər qurulanadək şuranın bu pullardan istifadəsinə icazə verilməyəcək.

D.Tramp fevralın 19-da Sülh Şurasının iclasında Qəzza üçün 7 milyard dollar toplandığını elan etmiş, Azərbaycan, Qazaxıstan və Özbəkistanın da bu məbləğə töhfə verən ölkələr sırasında olduğunu vurğulamışdı. Amma Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sonradan "X" hesabında yazdı ki, "həmin maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur"; respublika gələcəkdə Sülh Şurası vasitəsilə Qəzzada yalnız sərmayə layihələrində iştirakı nəzərdən keçirə bilər.

Şura artıq Qəzzada təhlükəsizlik və yenidənqurma işləri üzrə tenderlər elan etməyə başlasa da, hələlik heç bir rəsmi müqavilə imzalanmayıb. Şuranın sözçüsü bunu regionda faktiki işlərin hələ başlamaması və HƏMAS-ın tərksilah olunmaması ilə əsaslandırıb.

XS
SM
MD
LG