ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda rusiyalı həmkarı Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşün təşkil olunacağını bəyan edib. Tramp jurnalistlərlə söhbətində ABŞ-nin Rusiya və Ukrayna məsələsində böyük irəliləyiş əldə etdiyini düşündüyünü bildirib. ABŞ prezidenti bu görüşün hansı formatda keçiriləcəyini dəqiqləşdirməyib. Moskva və Kiyev isə hələlik bu bəyanata münasibət bildirməyib.
Bundan əvvəl yayılan xəbərlərə görə, noyabrın birinci yarısında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların keçirilməsi planlaşdırılır. Zelenskinin sözlərinə görə, görüşdə enerji obyektlərinə hücumların dayandırılması, Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi və taxıl ixracı məsələləri müzakirə oluna bilər. Ərazi iddiaları və müharibənin dayandırılması isə yalnız dövlət başçıları səviyyəsində müzakirə edilə bilər.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Əbu-Dabidəki müzakirələrin Rusiya və Ukrayna üçün təhlükəsizlik sisteminin qurulmasına həsr olunmalı olduğunu bildirmişdi. Uşakovun fikrincə, görüş ilkin xarakter daşıyacaq və orada mühüm məsələlərin həlli çətin görünür.
Oktyabrın 27-də Putin Finlandiya prezidenti Aleksandr Stubb və Norveçin baş naziri Yonas Qar Störe ilə telefonla danışıb. Bu, 2025-ci ilin iyulundan bəri Putinlə Avropa liderləri arasında ilk birbaşa təmas idi. Uşakovun sözlərinə görə, Stubb və Störe Putinlə söhbətlərində Zelenskinin Rusiya prezidenti ilə birbaşa danışmaqda maraqlı olduğunu çatdırıblar.
"The Financial Times" qəzeti yazır ki, Putin söhbətin böyük hissəsində "slavyanların orta əsrlər tarixi haqqında mühazirə oxuyub". Əvvəlcə telefon danışığının yarım saatdan az davam edəcəyi gözlənilsə də, söhbət 90 dəqiqə çəkib. Qəzetin həmsöhbətləri Putinin Kremlin "münaqişənin ilkin səbəbləri" adlandırdığı məsələlər barədə uzun-uzadı danışdığını bildiriblər. Mənbələrin məlumatına görə, Ukraynanın əsas tələbi olan dərhal atəşkəs məsələsi isə, demək olar ki, müzakirə edilməyib.
Qarşılıqlı hücumlar
Rusiya hərbçiləri ötən gecə Xarkova dronlarla hücum ediblər. Yaşayış binasına zərbədən dördyaşlı uşaq da daxil olmaqla, beş nəfər xəsarət alıb.
Ukrayna tərəfi Rusiyanın gecə ərzində 88 zərbə dronu buraxdığını bildirir. Onlardan 38-i reaktiv mühərrikli "Qeran" dronları olub. Rusiya isə Ukraynada yalnız hərbi hədəfləri vurduğunu iddia edir və mülki əhali arasındakı itkiləri şərh etmir.
Ukrayna qüvvələri oktyabrın 28-nə keçən gecə Rusiyanın Tula vilayətindəki "Azot" kimya zavoduna hücum ediblər. Bu barədə "Astra" nəşri və Ukraynanın "Exilenova+" və "Supernova+" monitorinq Teleqram kanalları məlumat yayıb.
Yerli rəsminin sözlərinə görə, Novomoskovsk şəhərində yaşayış binalarına, fərdi evlərə və sənaye zonasındakı infrastruktura ziyan dəyib, bir nəfər isə xəsarət alıb. Rusiya Müdafiə Nazirliyi isə bir sıra vilayətlər və Moskva regionu üzərində Ukraynaya məxsus 531 dronun vurulduğunu açıqlayıb.