Kreml: Putin Kiyevə zərbələri fevralın 1-dək dayandırmağa razılaşıb

Rusiyanın mülki infrastruktura raket və dron hücumlarından sonra elektrikin kəsilməsinə görə yaşayış binalarının qarşısında humanitar yardım çadırları qurulur.

Kreml yanvarın 30-da bildirib ki, Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampın şəxsi xahişini qəbul edərək Kiyevə zərbələri fevralın 1-dək dayandırmağa razılaşıb. Məqsəd sülh danışıqları üçün "əlverişli" şərait yaratmaqdır.

Tramp bir gün öncə demişdi ki, Putin soyuq hava şəraitinə görə Kiyev və digər Ukrayna şəhərlərinə bir həftə atəş açmamağa razılaşıb.

Kremlin sözçüsü Dmitri Peskov isə jurnalistlərin suallarını cavablandırarkən hava şəraitindən danışmayıb.

"Prezident Tramp danışıqlar üçün əlverişli şərait yaratmaq məqsədilə fevralın 1-dək bir həftə Kiyevə zərbə endirməməklə bağlı prezident Putinə şəxsi müraciət edib", – Peskov deyib.

Putinin bu xahişi qəbul edib-etməsinə gəlincə, Peskov "Bəli, əlbəttə. Prezident Tramp şəxsən xahiş edib" söyləyib.

'Onu Kiyevə dəvət edə bilərəm, gəlsin'. Zelenskidən Rusiyanın təklifinə cavab

Ukrayna prezidenti Volodimir Zelenski yanvarın 30-da jurnalistlərlə söhbətində Rusiya lideri Vladimir Putinlə görüşmək üçün Moskvaya dəvət olunmasına cavab verib.

"Əlbəttə, Putinlə Moskvada görüşməyim mümkün deyil. Bu, Putinin Kiyevdə mənimlə görüşməsi ilə eynidir. Mən də onu Kiyevə dəvət edə bilərəm, qoy gəlsin", – Zelenski deyib. O, daha öncə də dəfələrlə deyib ki, müharibənin bitməsinə köməyi dəyərsə, Rusiya prezidenti ilə görüşməyə hazırdır.

Yanvarın 29-da Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Ukrayna prezidenti Putinlə görüşmək istəyirsə, Moskvaya gələ bilər, onun təhlükəsizliyinə zəmanət veriləcək.

Sülh danışıqlarına vasitəçilik edən ABŞ də prezident Donald Trampın iştirakı ilə liderlərin üçtərəfli görüşünün mümkün olduğunu bəyan edib. Amma son vaxtlar bu haqda söhbət getmir.

Zelenski onu da vurğulayıb ki, Əbu-Dabidə üçtərəfli danışıqlarda enerji sahəsində atəşkəslə bağlı birbaşa razılaşmalar əldə olunmayıb. Dediyinə görə, Rusiya Ukraynanın enerji obyektlərinə hücum etməzsə, Ukrayna da Rusiyanın enerji infrastrukturuna zərbələr endirməyə bilər.

"The Financial Times"ın jurnalisti Kristofer Miller Kiyevdəki mənbələrə istinadla yazıb ki, Ukrayna tərəfi Rusiyadan heç bir siqnal almayıb, enerji sahəsində atəşkəsin gerçəkdən alınacağına əmin deyil.

Tramp: Putin Ukraynaya hava zərbələrinə bir həftə ara verməyə razılaşıb

ABŞ prezidenti Donald Tramp deyir ki, soyuq havada rusiyalı həmkarı Vladimir Putindən Kiyevə və digər şəhərlərə bir həftə atəş açmamağı xahiş edib.

"Heç vaxt indiki kimi soyuq olmayıb. Şəxsən prezident Putindən Kiyevə və digər şəhərlərə bir həftə atəş açmamağı xahiş etdim, razılaşdı", – Tramp deyib.

Kreml hələlik bu informasiyanı təsdiqləməyib. Ukrayna prezidenti Volodimir Zelenski isə Trampın bəyanatını alqışlayıb. O, həmin məsələnin ötən həftəsonu BƏƏ-də üçtərəfli danışıqlarda müzakirə olunduğunu deyib.

"Razılaşmaların icra olunmasını gözləyirik. Deeskalasiya addımları müharibəni bitirmək üçün real proqresə töhfə verir", – Zelenski X-də yazıb.

Yanvarda Ukraynada havanın temperatur mənfi 20 dərəcəyədək düşüb. Rusiyanın hava zərbələri isə ölkə boyunca istilik və elektrik infrastrukturuna ağır zərbə vurub.

Yanvarın 29-da Kiyevdə 400-dən çox yaşayış binasının istiliksiz qaldığı bildirilir. Digər vilayətlərdə də enerji verilişində fasilə yaranıb.

Həmin gün Rusiyanın çoxsaylı hücumlarından Ukraynada azı 6 nəfər həlak olub.

Fevralın 1-də Əbu-Dabidə Ukrayna və Rusiya arasında danışıqların yeni raundu gözlənilir.