Putinlə Tramp telefonla danışıb

Danışıq bir saat çəkib

Sentyabrın 8-də Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub. Putinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, danışıq bir saat çəkib və müsbət atmosferdə keçib. "Liderlər onlara xas qarşılıqlı hörmət və işgüzar ruhda ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun və Cared Kuşnerin sentyabrın 5-6-da Moskva və Kiyevə səfərlərinin nəticələrini müzakirə ediblər", – Putinin köməkçisi deyib.

Uşakov telefon söhbətində amerikalı təmsilçilərin səfərinin nəticələrinin müsbət qiymətləndirildiyini bildirib. Rusiya prezidenti Ukraynada hərbi əməliyyatların mümkün qədər tez başa çatması üçün ABŞ-nin ata biləcəyi addımlardan danışıb.

Uşakova görə, Putin Trampa döyüş meydanındakı vəziyyətlə bağlı qiymətləndirməsini təqdim edib, Rusiyanın Avropaya qarşı düşmənçilik planlarının olmadığını deyib. Prezidentlər əlaqə saxlamaq və ehtiyac yaranacağı halda bir-birinə operativ zəng etmək barədə razılığa gəliblər.

Rusiya prezidenti qoşunlarının cəbhənin bütün istiqamətlərində daim irəlilədiyini, Donbasın bütünlükdə ələ keçirilməsinin zaman məsələsi olduğunu bildirir. Kiyev isə Donbasdan imtinanı özü üçün qəbuledilməz şərt sayır.

Uşakov şənbə günü Uitkoff və Kuşnerin Moskvada Putinlə danışıqlarından sonra verdiyi açıqlamaya oxşar danışıb. O, Rusiya hakimiyyətinin ABŞ tərəfi ilə təmaslarda "xüsusi hərbi əməliyyat"ın məqsəd və vəzifələrinin yerinə yetirilməsinə xüsusi diqqət ayırdığını bildirib. Moskva Ukraynaya qarşı genişmiqyaslı işğalını "xüsusi hərbi əməliyyat" adlandırır.

Yenə Uşakovun sözlərinə görə, ABŞ prezidenti Ukrayna münaqişəsinin mümkün qədər tez başa çatdırılmasının tərəfdarı olduğunu deyib. Putin köməkçisinin dediklərindən belə çıxır ki, Tramp sülh səyləri nəticə verərsə, Vaşinqtonla Moskvanın münasibətlərinin tam bərpasında maraqlı olduğunu bildirib.

ABŞ prezidentinin xüsusi nümayəndəsi S.Uitkoff sentyabrın 5-6-da Trampın kürəkəni C.Kuşner və ABŞ administrasiyasının nümayəndələri ilə birlikdə Moskva və Kiyevə səfər edib. O, sülh danışıqlarında "əhəmiyyətli" irəliləyişə nail olunduğunu bildirib.

AzadlıqRadiosuna danışan keçmiş diplomatlar isə danışıqlarda proqresin olmadığını deyiblər.

Uitkoffun sözlərinə görə, tərəflər əlavə üçtərəfli görüşlərin qrafikini müəyyənləşdirmək yönündə irəliləyiblər.

Ukrayna prezidenti Volodimir Zelenski isə jurnalistlərə bildirib ki, sentyabrın 20-dən sonra ABŞ prezidenti Donald Trampla görüşəcəyinə ümid edir. Rusiya ilə müharibənin mümkün başa çatmasından danışan Zelenski əlavə edib ki, tərəflər üçtərəfli danışıqlar formatına doğru irəliləyirlər.