Putin Ukraynanın dörd bölgəsini tam tələb edir

V.Putin

Rusiya prezidenti Vladimir Putin deyir ki, Ukrayna "münaqişənin sülh yolu ilə başa çatdırılmasından imtina edir", amma eyni zamanda Kiyevdən dialoqa hazır olmasına dair müəyyən siqnallar da gəlir. Putin dekabrın 19-da Moskvada mətbuat konfransı keçirir. O, Rusiyanın müharibəni ötən il Xarici İşlər Nazirliyindəki (XİN) çıxışında səsləndirdiyi şərtlərlə başa çatdırmağa hazır olduğunu bildirib. Həmin çıxışda Ukraynadan onun Rusiyanın iddia etdiyi dörd vilayətindən qoşunlarını tam çıxarması tələb olunurdu.

Sülh sazişinin ilkin layihəsi Ukrayna qoşunlarının Donetsk vilayətindən çıxarılmasını nəzərdə tutub. Zaporojye və Xerson vilayətlərindən söz açılmırdı. Qeyd olunurdu ki, bu halda Rusiya Xerson və Zaporojye vilayətlərində cəbhə xəttinin dondurulmasına razı ola bilər. Ukrayna isə heç Donbasdan da qoşunların çıxarılması ilə razılaşmır.

Putinin bugünkü açıqlamalarının Moskvanın mövqeyində növbəti dəyişiklik olub-olmadığı aydın deyil.

Güzəştə gedəcəyinin əlaməti görünmür

Rusiya prezidenti Vladimir Putin illik mətbuat konfransında Moskvanın Ukraynadakı müharibədə mövqeyində inamla danışıb, sülh adına hansısa güzəştə gedəcəyinin əlaməti görünməyib.

"Qoşunlarımız bütün təmas xəttində irəliləyir. Bəzi yerlərdə daha sürətli, bəzilərində daha ləng. Amma bütün istiqamətlərdə düşmən geri çəkilir", – o, çıxışının əvvəlində deyib.

"Əminəm ki, ilin sonunacan yeni uğurlar görəcəyik", – Putin əlavə edib.

Rusiya qüvvələri 1100 kilometrlik cəbhə xətti boyunca tədricən irəliləyirlər.

Putin Moskvanın Xarkov vilayətindəki Kupyansk şəhərini, demək olar, ələ keçirdiyini, orada Ukrayna əsgərlərini mühasirəyə saldığını bildirib.

Amma Ukrayna qüvvələri ötən ay Kupyanska əks-hücum təşkil edib. Bu həftə Ukraynanın ali baş komandanı Kiyevin şəhərin böyük hissəsinə nəzarət etdiyini deyib. Prezident Volodimir Zelenski də ötən həftə cəbhə bölgəsinə səfər edib, Kupyanskın girişində selfilər çəkərək şəhərin tutulmadığını göstərməyə çalışıb.

Putin həmçinin deyib ki, istənilən sülh sazişi müharibənin "əsl" səbəblərini aradan qaldırmalıdır. Bunlar Ukraynanın dörd bölgədən çıxması, NATO-ya üzvlük niyyətindən əl çəkməsi və s. şərtlərdir.

Makron və Tramp

18 dekabr

Tramp Ukrayna danışıqlarında 'hansısa' nəticədən danışır, Makron Rusiya ilə əməkdaşlıqdan

ABŞ prezidenti Donald Tramp dekabrın 18-də deyib ki, Ukraynada müharibəni bitirməyi hədəfləyən danışıqlar "hansısa nəticəyə yaxınlaşır". Bu həftəsonu ABŞ-də Rusiya təmsilçiləri ilə görüş gözlənilir.

"Reuters"in xəbərinə görə, Tramp Oval ofisdə onu da deyib ki, "ümid edirəm, Ukrayna sürətlə davranacaq".

"Hər dəfə ukraynalılar çox yubananda Rusiya fikrini dəyişir", - Tramp sözlərinə əlavə edib.

Həftəsonu Trampın elçiləri Stiv Uitkoff və Cared Kuşner Mayamidə Rusiya nümayəndə heyəti ilə görüşməlidir. Qərb Rusiya ilə Ukrayna arasında münaqişənin dayandırılması üçün razılaşma əldə etməyə çalışır.

Dekabrın 14-15-də Uitkoffla Kuşner Berlində Ukrayna nümayəndə heyəti ilə görüşüblər. ABŞ təmsilçilərinin sözlərinə görə, onlarda elə bir təəssürat yaranıb ki, tərəflər razılaşmadan o qədər də uzaq deyillər, amma ən kəskin məsələ – Ukrayna ərazisinin bir hissəsinə nəzarətlə bağlı Rusiyanın tələbi həll edilməmiş qalır.

Fransa prezidenti Emmanuel Makron isə deyir ki, Rusiya prezidenti Vladimir Putinlə yenidən əlaqə yaratmağın Avropa üçün "faydalı" olacağına inanır. Bunu BBC yazır.

"İnanıram ki, bu müzakirəni yenidən aparmaq üçün düzgün çərçivə tapmaq avropalılar kimi bizim və ukraynalıların marağındadır", – Makron bildirib. Onun sözlərinə görə, avropalılar "gələn həftələrdə" bunu gerçəkləşdirməyin yolunu tapmalıdırlar.

Kremlin mətbuat katibi Dmitri Peskov dekabrın 18-də deyib ki, Moskva Vaşinqtonla kontakta hazırlaşır, avropalılar və Ukrayna təmsilçiləri ilə danışıqlardan sonra Amerikanın sülh planının nə qədər dəyişdiyini anlamaq istəyir.