Tramp Putinin elçisi ilə görüşüb

ABŞ-ın birinci xanımı Melaniya Tramp, Rusiyanın işğalı altındakı Oleşki şəhərində humanitar atəşkəs münasibətilə Ağ Evdə keçirilən tədbirdə Rusiya və Ukrayna prezidentlərinə ünvanlanmış şəxsi məktublarını nümayəndələrə təqdim edir.

ABŞ prezidenti Donald Tramp noyabrın 5-də Rusiya prezidenti Vladimir Putinin xüsusi elçisi ilə təkbətək görüşdüyünü bildirib. Bundan əvvəl isə Rusiya rəsmisi Kirill Dmitriyev Ukrayna təmsilçiləri ilə birlikdə ABŞ-nin Birinci xanımı Melaniya Trampın Ağ Evdə təşkil etdiyi tədbirə qatılıb.

Tramp Dmitriyevlə nələri müzakirə etdiyini açıqlamayıb, amma bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoyacaq razılaşma tezliklə əldə oluna bilər.

Noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək Rusiya-Ukrayna danışıqlarına ABŞ-nin vasitəçilik edəcəyi gözlənilir.

Tramp Ağ Evdə jurnalistlərə müharibənin başa çatmasına az qaldığını və onu dayandıracaq razılaşmanın bütün Avropanı əhatə edə biləcəyini söyləyib: "Böyük bir razılaşma olacaq və bu, təkcə Ukrayna ilə məhdudlaşmayacaq... Hətta deyə bilərəm ki, bütün Avropanı əhatə edə bilər. Bu, böyük, möhtəşəm bir razılaşma olacaq və hamı bundan məmnun qalacaq".

Son həftələrdə Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini bitirməyə yönəlmiş danışıqlar intensivləşib.

Tramp Ukrayna nümayəndə heyəti ilə görüşmədiyini bildirib.

Prezidentin xüsusi elçisi Cared Kuşner isə deyib ki, noyabrın 5-də ABŞ rəsmiləri Brüsseldə Ukrayna, NATO və Avropadakı tərəfdaşları ilə görüşərək Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi və Avropada daha geniş təhlükəsizlik arxitekturasının qurulması barədə "məhsuldar və məzmunlu" müzakirələr aparıblar.

M.Trampın Ağ Evdə təşkil etdiyi tədbir onun vasitəçiliyi ilə Ukraynanın Rusiyanın işğalı altında olan Oleşki şəhərində əldə edilmiş altıgünlük atəşkəsə həsr olunub. Atəşkəs ötən bazar günü – noyabrın 1-də başa çatıb.

Tədbirə Ukrayna parlamentinin deputatı David Araxamiya və ölkənin insan hüquqları üzrə müvəkkili Dmitro Lubinets də qatılıblar.

Hər iki tərəf Birinci xanıma hədiyyələr təqdim edib.