Tramp İran qüvvələrinə təslim olmaq qarşılığında toxunulmazlıq təklif edir

Donald Tramp

ABŞ prezidenti Donald Tramp İran ordusu, polisi və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) üzvlərini silahı yerə qoymağa çağırıb, ölkənin hakim dini rəhbərliyini tərk edərlərsə, onlara "tam toxunulmazlıq" vəd edib.

Tramp martın 5-də Ağ evdə çıxışında təhlükəsizlik qüvvələrini İran xalqının tərəfinə keçməyə, hökumətin devrilməsinə kömək etməyə çağırıb. 1979-cu il İran inqilabından bəri ölkəni dini rejim idarə edir.

"Bir daha İran İnqilab Keşikçiləri, ordu və polisin bütün üzvlərini silahı yerə qoymağa çağırıram. İran xalqının müdafiəsinə qalxmaq, ölkənizi geri almağa kömək vaxtıdır", – Tramp deyib.

O, təslim olanların qorunacağını vurğulayıb: "Sizə toxunulmazlıq verəcəyik". Tramp tərəf dəyişənlərin tarixin doğru tərəfində qalacaqlarını bildirib.

ABŞ prezidenti xaricdəki iranlı diplomatları sığınacaq istəməyə, İranın gələcəyinin formalaşdırılmasına kömək etməyə çağırıb:

"Dünyadakı iranlı diplomatları sığınacaq istəməyə, böyük potensiala malik yeni və daha yaxşı İranın qurulmasına kömək etməyə çağırırıq", – Tramp söyləyib.

Ağır hərbi itkilərlə bağlı iddia

Prezidentin iddiasına görə, son döyüşlərdə İranın hərbi imkanları ciddi zəiflədilib: "Üç gün ərzində onların zenit silahları məhv edilib. Onların hava qüvvələri yoxdur. Hava hücumundan müdafiələri yoxdur. Bütün təyyarələri, rabitə sistemləri məhv edilib".

Tramp deyib ki, İranın raketlərinin təxminən 60 faizi, buraxılış qurğularının 64 faizi məhv edilib, ölkənin donanması isə 24 gəmi itirib: "Onların donanması artıq yoxdur".

Tramp açıq şəkildə bildirib ki, ABŞ İranın gələcək rəhbərliyinin region ölkələrinə, Amerikanın maraqlarına təhdid yaratmayacağını təmin edəcək.

"Ölkənin növbəti rəhbəri kim olursa olsun, İran Amerika və ya qonşularını, İsraili, başqalarını təhdid etməyəcək, ABŞ bunu təmin edəcək", – o vurğulayıb.

Prezident Tehranı bundan öncə Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də daxil, bir neçə Körfəz ölkəsinə raket yönəltməkdə ittiham edib: "Onlar bütün Yaxın Şərqi təhdid edirdilər. Sonra biz gəldik. Onların məclisini dağıtdıq".

Neft bazarı ilə bağlı tədbirlər

ABŞ və İsrailin İrana zərbələrindən sonra enerji qiymətlərinin artacağı ilə bağlı narahatlıqlar var. Tramp Vaşinqtonun neft bazarını sabitləşdirmək üçün addımlar atdığını bildirib. Bunlardan biri də Fars körfəzindən keçən neft tankerləri üçün siyasi risk sığortası təklif etməkdir. Tramp bu ərazini "təhlükəli zona" adlandırıb.

Onun sözlərinə görə, neft qiymətlərinə təzyiqi azaltmaq üçün tezliklə əlavə tədbirlər də elan olunacaq.