ABŞ prezidenti Donald Tramp Tehranın münaqişəni bitirmək üçün təqdim etdiyi son təklifdən ciddi narazılıq bildirib. Aprelin 27-də AzadlıqRadiosuna danışan yüksəkvəzifəli ABŞ rəsmisi qeyd edib ki, narazılığın əsas səbəbi təklifdə İranın nüvə proqramının mürəkkəb tərəflərinin nəzərə alınmamasıdır. Ağ Evin mövqeyi dəyişməz qalır: istənilən razılaşma nüvə zənginləşdirməsinə ciddi nəzarət və məhdudiyyətləri ehtiva etməlidir.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt aprelin 27-də Trampın milli təhlükəsizlik müşavirləri ilə birgə İranın yeni təklifini müzakirə etdiyini təsdiqləyib.
"Axios"un məlumatına görə, Tehranın təklifinə Hörmüz boğazının yenidən açılması daxil olsa da, nüvə danışıqlarının sonrakı mərhələyə saxlanılması nəzərdə tutulur.
Mətbuat katibi prezidentin bu mövzuda "qırmızı xətlərinin" dəqiq olduğunu vurğulayıb.
Fevralın 28-də başlayan münaqişədə hazırda atəşkəs rejimi hökm sürür. Bununla belə, Tehran tərəfi hələlik sülh planının mövcudluğunu rəsmən təsdiqləməyib.
Rubio: İran rəhbərliyindəki parçalanma prosesi ləngidir
ABŞ dövlət katibi Marko Rubio "Fox News"a müsahibəsində iqtisadi təzyiqlər səbəbindən Tehranın bu dəfə danışıqlara daha ciddi yanaşdığını bildirib. Lakin o, İrandakı daxili parçalanmanın diplomatik həllə mane olduğunu qeyd edib: "Bizim danışıqçılar təkcə iranlılarla deyil, həm də öz aralarında razılığa gəlməyə çalışan tərəflərlə danışırlar".
Rubio həmçinin xəbərdarlıq edib ki, ABŞ Hörmüz boğazının İranın tam nəzarətinə keçməsinə imkan verməyəcək. O, Vaşinqtonun beynəlxalq su yolunda qaydaların İran tərəfindən təkbaşına müəyyən edilməsinə və gəmilərdən ödəniş tələb olunmasına heç vaxt göz yummayacağını bəyan edib.