Keçid linkləri

2026, 27 Aprel, bazar ertəsi, Bakı vaxtı 16:23

Təhlilçi: Putin İranı nüvə güzəştlərinə sövq edə bilər

Rusiya Prezidenti Vladimir Putin və İranın xarici işlər naziri Abbas Araqçi Kremldəki görüş zamanı əl sıxırlar. 2025
Rusiya Prezidenti Vladimir Putin və İranın xarici işlər naziri Abbas Araqçi Kremldəki görüş zamanı əl sıxırlar. 2025

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın etibarını qazanmaq üçün İranı ABŞ ilə danışıqlarda güzəştlərə sövq etməyə cəhd göstərə bilər. Bunu mühacirətdə yaşayan iranlı siyasi təhlilçi Əmir Çahaki AzadlıqRadiosunun fars xidmətinə açıqlamasında deyib.

İranın xarici işlər naziri Abbas Əraqçi Sankt-Peterburqda Putinlə danışıqlara gedib. Çahakinin sözlərinə görə, bu görüş diplomatik irəliləyiş üçün zəmin yarada bilər.

"Fikrimcə, bu gün Rusiya Tehranı nüvə proqramı ilə bağlı geri addım atmağa inandıra bilər. Eyni zamanda, Moskva Vaşinqtonu da qismən güzəştlərə sövq edə bilər. Məsələn, daha sərt nəzarət mexanizmləri müqabilində, bəlkə də, 10 ildən sonra məhdud zənginləşdirməyə icazə verilməsi kimi. Putinin masasında hazırda belə bir vasitəçilik imkanı var", – Berlində yaşayan təhlilçi bildirib.

ABŞ-İran danışıqlarında həlli çətin olan əsas mövzu İranda saxlanılan 450 kiloqram yüksək səviyyədə zənginləşdirilmiş uranın gələcək taleyidir.

"Əgər Rusiya həm Tramp, həm də Tehranla — istər Ali lider Müctəba Xamenei, istərsə də digər güc mərkəzləri vasitəsilə — bu problemi həll edə bilsə, Putin Trampa böyük bir jest etmiş olar. İranın uran ehtiyatının bir hissəsini seyrəltməsi və ya qalan hissəni Rusiyaya təhvil verməsi belə bir həll yolu ola bilər", — Ə.Çahaki vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat brifinqində medianın suallarını cavablandırır.
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat brifinqində medianın suallarını cavablandırır.

Trampdan Tehrana 'zəng et' təklifi. Əraqçi Putinin qonağıdır

ABŞ prezidenti Donald Tramp bildirib ki, Tehran danışmaq istəyirsə, "bizə zəng edə bilər". Ancaq əlavə edib ki, İran nüvə silahı hazırlamaq planlarından imtina etməlidir, əks halda görüşməyə səbəb yoxdur.

"Danışmaq istəyirlərsə, bizimlə görüşə gələ, yaxud bizə zəng edə bilərlər. Bilirsiniz, telefon var. Bizim yaxşı, təhlükəsiz xətlərimiz var", – Tramp aprelin 26-da "Fox News"a bildirib.

"Onlar razılaşmada nələrin olmalı olduğunu bilirlər. Bu çox sadədir: onların nüvə silahı ola bilməz, əks halda, görüşməyə səbəb yoxdur", –o əlavə edib.

Tehran israrla nüvə proqramının yalnız mülki məqsədlər daşıdığını bildirir. ABŞ və İsrail isə İranı gizli şəkildə nüvə silahı hazırlamağa çalışmaqda ittiham edir.

Tramp Tehrandan nüvə silahı istehsalında istifadə oluna biləcək uranın zənginləşdirilməsini dayandırmağı və mövcud yüksək zənginləşdirilmiş ehtiyatın təhvil verilməsini tələb edib. İran bundan imtina edib.

Pakistan vasitəçiliyi ilə təklif

"Axios" nəşri aprelin 26-da yazıb ki, Tehran Pakistan vasitəçiləri ilə işləyərək ABŞ-yə yeni təklif verib. Təklifdə Hörmüz boğazının yenidən açılması və ABŞ-nin İran limanlarına tətbiq etdiyi blokadanın qaldırılması nəzərdə tutulur, İranın nüvə proqramı üzrə danışıqlar isə sonraya saxlanıla bilər. Bunu nəşrə adı açıqlanmayan ABŞ rəsmisi və mövzuya bələd iki mənbə bildirib.

İkinci raund təxirə salınıb

Danışıqların ikinci raundunun həftəsonu Pakistanda başlaması planlaşdırılırdı. Tehran nümayəndə heyətinin amerikalılarla görüşməyi planlaşdırmadığını bildirəndən sonra Tramp Ağ evin təmsilçiləri Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin İslamabada səfərini ləğv etdiyini açıqlayıb.

Tramp sosial şəbəkədə yazıb ki, İran təmsilçiləri ilə ölkə daxilindəki hakimiyyət arasında fikir ayrılıqları var: "Səfərlərə çox vaxt getdi, iş isə çoxdur! Üstəlik, onların rəhbərliyi daxilində böyük çəkişmə və qarışıqlıq var".

Əraqçi Putinlə danışıqlar aparmaq üçün Rusiyaya gəlib.
Əraqçi Putinlə danışıqlar aparmaq üçün Rusiyaya gəlib.

Əraqçi Putinin qonağıdır

İranın xarici işlər naziri və danışıqlarda əsas təmsilçisi Abbas Əraqçi Sankt-Peterburqa gedib. Onun aprelin 27-də Rusiya prezidenti Vladimir Putin ilə görüşəcəyi gözlənilir.

Əraqçi aprelin 11-12-də Pakistanda danışıqların ilk raunduna parlament sədri Məhəmməd Baqer Qalibaf ilə qatılıb. Nazir hazırda İrana beynəlxalq dəstəyi gücləndirmək məqsədilə diplomatik səfərlər həyata keçirir.

O, Pakistandan sonra Omana gedib və Hörmüz boğazından keçid üçün birgə rüsum tətbiqi ideyasını irəli sürüb. Dünya ölkələrinin çoxu bu təklifi qətiyyətlə rədd edir.

Əraqçi daha sonra qısa müddətə Pakistana qayıdıb, oradan Rusiyaya yollanıb. Qərb sanksiyalarına məruz qalan İran və Rusiya son illərdə güclü siyasi və hərbi ittifaq qurublar.

Livanda döyüşlər

ABŞ, İsrail ilə İran arasında atəşkəs qüvvədə qalsa da, İsrail-Livan razılaşması zəifləyir.

Livan rəsmilərinin bildirdiyinə görə, aprelin 26-da İsrailin zərbələrindən azı 14 nəfər ölüb, 37 nəfər yaralanıb. Bundan əvvəl İsrail ordusu sakinləri nəzarətində olan bufer zonasından kənardakı yeddi yaşayış məntəqəsini tərk etməyə çağırıb.

İsrail ordusu İranın müttəfiqi olan "Hizbullah" qruplaşmasını atəşkəsi pozmaqda ittiham edib və cavab verəcəyini bildirib.

"Hizbullah" həm silahlı qruplaşma, həm də siyasi partiya olaraq Livanda güclü təsirə malikdir. ABŞ onu terror təşkilatı kimi tanıyır. Avropa İttifaqı (Aİ) isə yalnız silahlı qanadını qara siyahıya salıb.

XS
SM
MD
LG