Netanyahu: İsrail hərbçiləri Livanda qalacaq

Binyamin Netanyahu və Donald Tramp

İsrailin baş naziri Binyamin Netanyahu bildirib ki, ABŞ və İranın təzyiqlərinə baxmayaraq, İsrail hərbçiləri Livanda qalacaqlar. "The Times of Israel" nəşrinin yazdığına görə, baş nazir bu barədə İsraildə yeni avtomobil yolunun açılış mərasimində danışıb.

Netanyahunun sözlərinə görə, İsrail qoşunları Livanın cənubundan çıxarılmayacaq və "İsrailin təhlükəsizlik ehtiyacları tələb etdiyi müddətdə" həmin ərazidə təhlükəsizlik zonasını qoruyacaqlar.

İyunun 17-də ABŞ və İranın İsrailin iştirakı olmadan imzaladığı anlaşma memorandumu Livan da daxil olmaqla hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutur.

İyunun 18-də "Reuters" agentliyi yüksək vəzifəli israilli rəsmiyə istinadla xəbər verib ki, Təl-Əviv Livanın cənubunda İsrail qoşunlarının mövqelərini saxlamaq üçün Ağ evlə "çətin" danışıqlar aparır.

İyunun 15-də İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bildirib ki, Vaşinqton ilə Tehranın əldə etdiyi razılaşmalar İsrail üzərinə heç bir öhdəlik qoymur. Onun sözlərinə görə, İsrail yalnız "Hizbullah" təşkilatının tam məhvinə razılaşa bilər və İsrail qoşunları nəzarətə götürdükləri ərazilərdə qalacaqlar.

ABŞ və İsrail "Hizbullah"ı terror təşkilatı kimi tanıyır. Avropa İttifaqı isə onun yalnız hərbi qanadını qara siyahıya salıb.

"Axios" iyunun əvvəlində yazmışdı ki, ABŞ prezidenti Donald Tramp telefon danışığı zamanı Livandakı hərbi əməliyyatlara görə Netanyahunu sərt tənqid edib. Nəşrin ABŞ-dəki mənbəsinin iddiasına görə, Tramp hesab edib ki, İsrailin hərəkətləri ABŞ-İran danışıqlarına təhlükə yarada bilər.

İsrail baş nazirinin ofisi isə açıq bəyan edib ki, ölkənin mövqeyi dəyişməz olaraq qalır.

Donlad Tramp

18 iyun

Tramp: ABŞ İranda rejim dəyişikliyinə nail olub

ABŞ prezidenti Donald Tramp iyunun 17-də Fransada keçirilən G7 sammiti çərçivəsində jurnalistlərə bildirib ki, ABŞ İranda rejim dəyişikliyinə nail olub.

"Rejim dəyişikliyindən danışırsınız, bəlkə də, heç kim bunu belə adlandırmaz, amma məncə, elədir. Birinci liderlər qrupu artıq yoxdur, ikinci liderlər qrupu da yoxdur. Üçüncü liderlər qrupunun da bir hissəsi artıq yoxdur... Məncə, bu, elə rejim dəyişikliyidir", – Tramp deyib.

Prezident əlavə edib ki, hazırda İranda əvvəlkilərlə müqayisədə daha "ağıllı" və "xeyli az radikallaşmış" yeni rəhbərlik hakimiyyətdədir və bununla da faktiki olaraq rejim dəyişikliyinə nail olunub.

"Daha yumşaq ola bilərdi"

ABŞ prezidenti İranla imzalanan anlaşma memorandumunun bir nüsxəsinin İsrailə də təqdim olunduğunu bildirib. O, son günlər İsrailin baş naziri Binyamin Netanyahudan narazılığını ifadə etsə də, İsraili "yaxşı tərəfdaş" adlandırıb.

Netanyahunun "yaxşı adam" olduğunu deyən Tramp əlavə edib ki, o, bəzən "bir az həddindən artıq emosional davranır".

"Onun bir az daha yumşaq yanaşması ola bilərdi. "Hizbullah" mənsubu bir binaya daxil oldu deyə, hər dəfə həmin binanı tamamilə dağıtmağa ehtiyac yoxdur", – Tramp vurğulayıb.

"Başqalarının raketi varsa, onların da olmalıdır"

D.Tramp bildirib ki, yekun razılaşma üzrə danışıqlar yalnız İranın nüvə proqramını deyil, həmçinin Tehranın adi ballistik raketləri də daxil olmaqla, digər qeyri-nüvə məsələlərini də əhatə edəcək.

Prezidentin sözlərinə görə, ona İrana bütün növ raketləri qadağan etmək tövsiyə olunsa da, bunun real olmadığını düşünür: "Belə alınmır. Başqalarında raket varsa, onların da müəyyən qədər raketi olmalıdır".

ABŞ prezidenti həmçinin xəbərdarlıq edib ki, Tehran razılaşmanı pozarsa, Vaşinqton İrana yenidən ağır zərbələr endirməyə hazırdır: "Öhdəliklərə əməl etməsələr, yenidən zərbə alacaqlar. Amma onlar bombardman olunmaq, zərbə almaq istəmirlər".

İyunun 17-də ABŞ və İran prezidentləri anlaşma memorandumu imzalayıblar. Bu sənəd münaqişəyə son qoymağa yönəlmiş və dərhal qüvvəyə minən ilkin sülh razılaşması kimi təqdim olunur.