ABŞ prezidenti Donald Tramp İranın Hörmüz boğazı ilə bağlı planını sərt tənqid edib, "ləyaqətsiz" olduğunu deyib. Bu arada ABŞ və İranın yüksəksəviyyəli rəsmilərinin birbaşa sülh danışıqları üçün aprelin 10-da İslamabada gedəcəyi gözlənilir.
"İran Hörmüz boğazından neftin maneəsiz keçidində çox pis, hətta bəzilərinə görə, ləyaqətsiz davranır. Razılaşmamız belə deyildi!", – Tramp aprelin 9-da "Truth Social" platformasında yazıb.
"Məlumatlar var ki, İran Hörmüz boğazından keçən tankerlərdən ödəniş tələb edir. Təki doğru çıxmasın, əgər doğrudursa, dərhal dayandırmalıdırlar!", – o, başqa paylaşımında yazıb.
ABŞ və İran arasında ikihəftəlik atəşkəs razılaşmasının əsas şərtlərindən biri Tehranın Hörmüz boğazından gəmilərin sərbəst keçidini təmin etməsidir. Fevralın 28-də ABŞ və İsrail İrana zərbələrə başlayanda İran boğazı faktiki bağlayıb. Tehran atəşkəs elanından sonra gəmilərin hərəkətini bərpa edəcəyinə söz verib, ancaq İran hərbçiləri ilə koordinasiyanı və rüsum ödənilməsini şərt qoyub.
Əvvəllər bu boğazdan keçid üçün ödəniş tələb olunmayıb. Hörmüz beynəlxalq su yolu sayılır, heç bir ölkənin yurisdiksiyasına daxil deyil.
Hörmüz boğazı
"Keçid rüsumsuz olmalıdır"
Avropa İttifaqı, Böyük Britaniya, Yunanıstan və digər ölkələr İranın rüsum planını pisləyiblər. "Bloomberg" xəbər verir ki, gəmi şirkətlərindən hər gəmi üçün 2 milyon dollara qədər ödəniş tələb oluna bilər. "The Financial Times" ödənişlərin yalnız kriptovalyuta və ya Çin yuanı ilə qəbul ediləcəyini yazıb.
Böyük Britaniyanın baş naziri Kir Starmer Körfəz ölkələrinə üçgünlük səfəri zamanı Tehranın Hörmüzdən istifadə üçün ödəniş qoyacağı ehtimalını rədd edib.
"Mövqeyimiz belədir – "açıq" o deməkdir ki, təhlükəsiz naviqasiya üçün açıqdır. Bu isə o deməkdir ki, keçid rüsumsuz olmalıdır, gəmilər sərbəst hərəkət edə bilməlidir", – o, Britaniya televiziyasına deyib.
Starmer aprelin 9-da ABŞ prezidenti Trampla telefon söhbətində Hörmüzdən gəmilərin keçidinin "mümkün qədər tez" bərpa olunmasının vacibliyinə toxunub.
"Atəşkəs və boğazın açılması üçün razılaşma əldə olunub, indi həllin növbəti mərhələsindəyik", – Dauninq Stritin yaydığı açıqlamada deyilir.
Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas isə bildirib: "Biz bütün tərəfləri bölgədə atəşkəsə tam riayət etməyə, bütün hərbi əməliyyatları dayandırmağa və beynəlxalq hüquqa uyğun olaraq Hörmüz boğazından sərbəst və təhlükəsiz keçidi tam təmin etməyə çağırırıq".
Yaponiyanın neft ehtiyacının təxminən 95 faizini Yaxın Şərq təmin edir. Baş nazir Sanae Takaiçi İran prezidenti Məsud Pezeşkianla telefon danışığında gərginliyin azaldılmasını və boğazdan keçən gəmilərin təhlükəsizliyinin təmin olunmasını istəyib.
İranın dövlət televiziyası aprelin 9-da ali rəhbər Müctəba Xameneiyə aid etdiyi bəyanat səsləndirib. Bəyanatda Tehranın boğaza nəzarət etmək, gəmilərin hərəkətini tənzimləmək niyyəti vurğulanıb.
Bəyanatda deyilir ki, "İran Hörmüz boğazının idarə olunmasını mütləq yeni mərhələyə keçirəcək", ancaq detalları açıqlanmır. "İran müharibə istəmir, lakin öz hüquqlarından imtina etməyəcək", – deyə vurğulanır. Müharibə başlayandan Xamenei ictimaiyyət qarşısında görünməyib, səhhəti ilə bağlı fərziyyələr dolaşır.
İslamabadda İran-ABŞ danışıqları öncəsi təhlükəsizlik tədbirləri gücləndirilib.
Görüş yeri – İslamabad
Aprelin 10-da ABŞ-nin vitse-prezidenti Cey Di Vens, xüsusi təmsilçi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner İslamabada gedəcək, İran rəsmiləri ilə görüşəcəklər.
İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi və son həftələr ABŞ-yə qarşı sərt bəyanatları ilə seçilən parlament sədri Məhəmməd Baqer Qalibafın rəhbərlik edəcəyi gözlənilir.
Rəsmi danışıqların aprelin 10-da, yoxsa 11-də başlayacağı hələ dəqiq deyil. Ancaq danışıqlar öncəsi Pakistan paytaxtında ikigünlük tətil elan olunub. Belə tədbirlər adətən təhlükəsizlik məqsədilə həyata keçirilir.
Təhdidlərinə baxmayaraq, Tramp aprelin 9-da "NBC News"a bildirib ki, İranla sülh razılaşması sarıdan çox nikbindir, İsrail də Livandakı zərbələri azaldıb.
Prezident telefonla müsahibəsində deyib ki, Tehran liderləri qapalı görüşlərdə "daha məntiqli davranır". "Razılaşma alınmasa, bu, çox ağrılı olacaq", – o əlavə edib.
Bu arada gələn həftə İsrail və Livan təmsilçilərinin Vaşinqtonda görüşəcəyi bildirilir. Bunu Dövlət Departamentindən AzadlıqRadiosuna deyiblər.
ABŞ və İsrail Livanın atəşkəs razılaşmasına salınmadığını deyirlər. Tehran isə bildirib ki, "Hizbullah"a yenə hücum olarsa, atəşkəsdən çıxa bilərlər. Son iki gündə Livana zərbələrdə azı 300 nəfər öldürülüb.
ABŞ və İsrail "Hizbullah"ı terrorçu təşkilat sayır.