İran: ABŞ ilə heç bir danışıq aparılmır

İsmayıl Bəqai

İran avqustun 3-də ABŞ ilə heç bir danışığın aparılmadığını, hər hansı görüşün planlaşdırılmadığını bəyan edib. Bir gün əvvəl isə ABŞ prezidenti Donald Tramp bazar ertəsi günortadan sonra danışıqların başlanacağını demişdi. O, İrana hücumları bu səbəbdən dayandırdığını bəyan etmişdi.

İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai bildirib ki, ABŞ ilə heç bir danışıq aparılmır və heç bir görüş planlaşdırılmayıb. Onun sözlərinə görə, İran yaxın günlərdə nə xarici nümayəndə heyətlərini qəbul etməyi, nə də öz nümayəndələrini xaricə göndərməyi planlaşdırır.

Bəqai əlavə edib ki, xarici işlər naziri Abbas Əraqçi İraqa dini ziyarətə gedib, digər iranlı danışıqçılar hazırda İrandadır. Onun sözlərinə görə, hazırda yalnız Hörmüz boğazının idarə olunması ilə bağlı Omanla müzakirələr aparılır.

Adı açıqlanmayan yüksəkrütbəli İran rəsmisi də "Reuters" agentliyinə deyib ki, ABŞ ilə heç bir danışıq planlaşdırılmayıb, Əraqçi azı həftənin sonunadək bu cür təmaslarda iştirak edə bilməyəcək.

Donald Tramp "Air Force One" təyyarəsində

2 avqust

Tramp: 'İkinci Dünya müharibəsindən bəri ən böyük hücumu dayandırdım'

ABŞ prezidenti Donald Tramp İrana qarşı "İkinci Dünya müharibəsindən bəri ən böyük hücumu" dayandırdığını bildirib. O, qərarını Tehranın müraciəti və ABŞ-nin Körfəz regionundakı müttəfiqlərinin xahişi ilə izah edib. Trampın sözlərinə görə, sülh danışıqları avqustun 3-də bərpa olunacaq, Hörmüz boğazı ilə bağlı razılaşma isə "qaçılmazdır".

"İndi bunu danışıqlar yolu ilə həll etməyə çalışırıq. Danışıqlar sabah (3 avqust) günortadan sonra başlayır", – Tramp avqustun 2-də "Air Force One" təyyarəsində jurnalistlərə deyib.

Tramp yeni danışıqlara kimlərin qatılacağını, onların harada keçiriləcəyini açıqlamayıb. Vaşinqtonla Tehranın danışıqlarına indiyədək Qətər və Pakistan vasitəçilik edib. Trampın əvvəlki açıqlamalarına baxmayaraq, Qətərin Xarici İşlər Nazirliyi iyulun 30-da bildirmişdi ki, yaxın günlərdə Dohada yüksək səviyyəli görüş planlaşdırılmır.

"Xeyli insanın həyatını xilas edərdi"

"Razılaşmanın əldə olunmasını çox istərdim. Xeyli insanın həyatını xilas edərdi... Hazırladığımız hücum İkinci Dünya müharibəsindən bəri ən böyük hücum olacaqdı və İran üçün fəlakətli olacaqdı. Onlar bunu istəmədilər", – Tramp deyib.

Prezidentin dediyinə görə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və İran planlaşdırılan hava zərbələrinin dayandırılmasını istəyiblər.

"İran çox israrla bizdən gözləməyi xahiş etdi. Dedilər ki, razılaşma əldə etmək istəyirik", – Tramp əlavə edib.

Onun sözlərinə görə, müttəfiqlər də hücumu dayandırmağını istəyiblər, çünki razılaşma əldə olunacağını düşünürlər: "Hörmüz boğazı və nəticə etibarilə İranın nüvə silahından təmizlənməsi ilə bağlı razılaşma qaçılmazdır".

Tramp bir gün əvvəl də razılaşmanın əsas parametrlərinin razılaşdırıldığını, İsrailin də bu mövqeyə qoşulduğu üçün yeni hücumların təxirə salındığını bildirib.

İranın Hörmüz boğazında yaratdığı nəzarət zonası

İran təkzib edir

ABŞ prezidenti Tramp dəfələrlə İranı genişmiqyaslı hücumlarla hədələyib, ancaq son anda Vaşinqtonla Tehran arasında razılaşmanın yaxın olduğunu bildirib. Bununla belə, indiyədək uzunmüddətli sülh sazişi əldə olunmayıb, tərəflər arasında qarşılıqlı zərbələr yenidən davam edib.

İran mediası hərbi mənbələrə istinadən, Trampın "Tehran Vaşinqtondan yeni hücumlardan çəkinməyi xahiş edib" iddiasını təkzib edib. "Mehr" agentliyi avqustun 2-də adları açıqlanmayan mənbələrə istinadla yazıb ki, Trampın bəyanatı "növbəti yalandan başqa bir şey deyil" və "Fars körfəzi ölkələrinin rəhbərlərini şantaj edərək təzyiq altında saxlamaq cəhdidir".

Tehran danışıqların bərpası ilə bağlı Trampın son açıqlamalarına, hələlik, münasibət bildirməyib.

Hörmüz düyünü

Tramp fevralın 28-də başlayan ABŞ-İsrail müharibəsinin əsas məqsədinin İranın nüvə təhlükəsini aradan qaldırmaq olduğunu deyirdi. Son həftələr isə əsas diqqətini Hörmüz boğazında gəmiçiliyin bərpasına yönəldib.

Müharibədən əvvəl dünyada neft və qaz tədarükünün 20 faizindən çoxu Hörmüz boğazından keçirdi. İran bəzən Tehranın icazəsini almayan gəmilərə hücumlar edərək bu su yolunu faktiki bağlayıb. Tehran boğazdan keçən gəmilərdən rüsum almaqla hədələyib.

ABŞ və digər ölkələr Hörmüz boğazının beynəlxalq su yolu kimi heç bir dövlətin nəzarətində olmadığını bildirirlər.

Vaşinqton və Tehran iyunun 17-də döyüşlərin dayandırılması və Hörmüz boğazının yenidən açılması məqsədilə 60 günlük Anlaşma Memorandumu imzalayıblar. Amma sənədin şərtlərinin müxtəlif cür yozulub və tərəflər arasında yeni hücumlar baş verib.