Keçid linkləri

2026, 30 İyul, cümə axşamı, Bakı vaxtı 15:57

İranın İordaniyaya hücumu – hərbi strategiyada dönüş nöqtəsi?

İordaniya, Küveyt və Bəhreyndəki ABŞ hədəflərinə doğru İran raketinin buraxılması
İordaniya, Küveyt və Bəhreyndəki ABŞ hədəflərinə doğru İran raketinin buraxılması

İyulun 28-də gecə İran İordaniyadakı ABŞ hərbi bazalarına ballistik raketlər atıb. Bu, fevralın sonunda müharibə başlayandan bəri Tehranın ABŞ hədəflərinə qarşı özünün başlatdığı ilk hücum kimi qiymətləndirilir.

İslam Respublikası indiyədək "müqavimət müharibəsi" apardığını, özünü müdafiə etdiyini bildirib. İordaniyaya hücumda üç amerikalı əsgər öldürülüb. Ekspertlərin fikrincə, bu, İranın strategiyasında dəyişiklikdən xəbər verə bilər.

"İran rəhbərliyi güc nümayiş etdirmək istəyir, bu hərbi addımlar da məhz həmin kontekstdə başa düşülməlidir", - Praqadakı Karl Universitetinin baş elmi işçisi, İran üzrə ekspert Meysam Badamçi AzadlıqRadiosunun "Radio Fərda" xidmətinə söyləyib.

ABŞ prezidenti Donald Tramp isə qəzəbli xəbərdarlıq edərək İranı ağır zərbələrlə vuracaqlarını bildirib.

İranın hücumu iyulun 24-dən bəri davam edən nisbi sakitliyi pozub. Ondan əvvəlki iki həftə ərzində ABŞ İran ərazisinə hava zərbələri endirir, Tehran buna cavabında Yaxın Şərqdə Amerika bazalarını hədəfə almışdı. Bununla da iyunda imzalanmış müvəqqəti sülh razılaşmasına faktiki son qoyulub.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 28-də İranın atdığı bir neçə ballistik raketi zərərsizləşdirdiyini bildirib.

"ABŞ-yə xəbərdarlıq"

Ekspertlər AzadlıqRadiosunun jurnalisti Frud Bejana deyiblər ki, iyulun 28-dəki hücum İranın hərbi strategiyasında mühüm dönüşə işarə edə bilər. Görünür, Tehran artıq Vaşinqtonu çəkindirmək məqsədilə qabaqlayıcı zərbələr endirməyə hazırdır.

"Bu hücum ABŞ-yə yeni hərbi kampaniyaya qoşulmamaq və ya onu başlatmamaq barədə xəbərdarlıq kimi görünür", – Almaniyanın Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun qonaq tədqiqatçısı Həmidrza Əzizi sosial şəbəkədə yazıb.

İranın hücumu İsrailin baş naziri Binyamin Netanyahunun Vaşinqtona səfərindən bir neçə saat sonra baş verib. Netanyahu Tehrana qarşı müharibənin davam etdirilməsini istəyir. Bu səfər prezident Trampın İranla bağlı növbəti addımlarını nəzərdən keçirdiyi vaxta təsadüf edib.

Tramp iyulun 23-də "Axios"a müsahibəsində İrana qarşı "kütləvi hücum" variantını ciddi nəzərdən keçirdiyini demişdi. Amma iyulun 27-də bildirib ki, İranla yeni diplomatik danışıqlar irəliləyişə səbəb ola bilər.

İran isə ABŞ rəsmiləri ilə danışıqlar apardığını təkzib edib. Tehran Hörmüz boğazına faktiki nəzarəti və mübahisəli nüvə proqramı ilə bağlı yeni güzəştlərə hazır olduğuna dair heç bir siqnal verməyib.

SEPAH-ın güclənməsi... 'Naxçıvana gedən yola təhlükə yarada bilər'
Gözlə

No media source currently available

0:00 0:02:54 0:00

Ekspertlərin fikrincə, İslam Respublikası sülh danışıqlarına qayıtmağa tələsmir, son addımları da taktiki dəyişiklikdən xəbər verir.

"İranın indiki rəhbərliyi qarşıdurmanın tempini özü müəyyənləşdirməyə çalışır, artıq yalnız Vaşinqtonun qərarlarına reaksiya verməklə kifayətlənmir", – İsraildə yerləşən Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun İran üzrə baş tədqiqatçısı Danni Tsitrinoviç sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, "Tehran üçün hücum təşəbbüsü İranın hələ də strateji təşəbbüsü əlində saxladığını göstərməyin yoludur".

"Tehran ABŞ-nin tərəddüdünü zəiflik və genişmiqyaslı müharibəyə sürüklənmək istəməməsi kimi qəbul edir. İran düşünür ki, əlavə təzyiq Vaşinqtonun qətiyyətini sınağa çəkəcək, Ağ evdə qərarların qəbuluna təsir göstərəcək", – Tsitrinoviç əlavə edib.

Müharibənin genişlənməsi qorxusu

İranın İordaniyadakı ABŞ bazalarına hücumundan sonra ABŞ və müttəfiqi Səudiyyə Ərəbistanı İraqda İranın dəstəklədiyi silahlı qruplara birgə hava zərbələri endirib. Bu, iyulun 24-dən bəri ABŞ-nin Yaxın Şərqdə ilk hava əməliyyatı olub.

Vaşinqton və Ər-Riyad bildiriblər ki, zərbələr son günlər İraq ərazisindən Səudiyyə Ərəbistanının neft obyektlərinə dron hücumlarına cavab olub. Səudiyyə Ərəbistanı dünyanın ən böyük xam neft ixracatçısıdır.

İrana yaxın silahlı qrupları birləşdirən Xalq Səfərbərlik Qüvvələri hücum nəticəsində azı 20 üzvünün öldüyünü açıqlayıb. Bağdad hökuməti bu hücumu pisləyib.

Son zərbələr müharibənin daha da genişlənəcəyi ilə bağlı narahatlıqları artırıb. Axı, bu, beynəlxalq enerji bazarlarında ciddi qeyri-sabitlik yarada bilər.

Yəməndə İranın dəstəklədiyi husi üsyançıları ötən həftə müharibədə yeni cəbhə açaraq Səudiyyə Ərəbistanının neft obyektlərini, Qırmızı dənizdə neft tankerlərini hədəfə alıblar. Onlar bunu Səudiyyə Ərəbistanına qarşı dəniz blokadasının bir hissəsi kimi təqdim edirlər. Hörmüz boğazı faktiki bağlanandan bəri qlobal neft tədarükü üçün ikinci əsas boğaza da risk yaranıb.

Karl Universitetindən M.Badamçi bildirib ki, husilərlə Səudiyyə Ərəbistanı arasında döyüşlərin yenidən başlaması regionu Tehran- Ər-Riyad yaxınlaşmasından əvvəlki vəziyyətə qaytarır.

2023-cü ildə Yaxın Şərqin iki rəqibi diplomatik münasibətləri bərpa etmişdi.

XS
SM
MD
LG