Prezident Donald Tramp dronların və onların komponentlərinə, ABŞ-nin bəzi əsas müttəfiqlərindən idxal olunan məhsullara gömrük rüsumları tətbiq edəcəyini bildirib. Tramp administrasiyası ölkənin dron təchizatı baxımından xarici mənbələrdən həddindən artıq asılı olduğunu deyir.
"Reuters" yazır ki, Ağ ev avqustun 13-də Trampın imzaladığı fərman barədə açıqlama yayıb. Milli təhlükəsizlik baxımından həssas sayılan, müəyyən ölçü və ya texniki göstəricilərə malik dronlara 100 faizlik advalor (gömrük dəyərinə mütənasib) gömrük rüsumu, daha kiçik dronlara 25 faizlik rüsum qoyulacaq.
Avropa İttifaqı, Yaponiya, Lixtenşteyn, Cənubi Koreya, İsveçrə və Tayvandan idxal olunan dron və onların komponentlərinə 15 faiz, Böyük Britaniyadan gətirilən pilotsuz uçuş aparatlarına isə 10 faiz rüsum tətbiq ediləcək.
Tramp deyib ki, ticarət naziri Hovard Latnik dronların idxalının təsirlərini araşdırıb. "Nazir müəyyən edib ki, xarici istehsalçıların dronlarının ABŞ bazarındakı payı xeyli böyükdür, Birləşmiş Ştatlar dron və onların komponentləri baxımından xarici mənbələrdən həddindən artıq asılıdır", – Tramp bildirib.
Ağ evin yaydığı fərmana görə, gömrük rüsumları 21 gündən sonra qüvvəyə minəcək.
Milli təhlükəsizlik baxımından xüsusilə həssas sayılmayan dron komponentlərinə rüsumlar fərman imzalanandan 180 gün sonra tətbiq olunacaq.