ABŞ prezidenti Donald Tramp deyir ki, Hörmüz boğazında vəziyyət "son dərəcə yaxşıdır", ABŞ Hərbi Dəniz Qüvvələrinin köməyi ilə boğazdan hər gecə ortalama 30 gəmi keçir.
"Hörmüz boğazında vəziyyət son dərəcə yaxşı səviyyədədir. Bilirsiniz ki, nəzarəti ələ alırıq", – Tramp avqustun 31-də Oval kabinetdə jurnalistlərə deyib.
"Ötən gecə Hərbi Dəniz Qüvvələrinin köməyi ilə çoxlu sayda gəmi keçdi və biz hər gecə ortalama 30 gəminin keçməsini təmin edirik", – o bildirib.
Prezident bunun çox böyük rəqəm olduğunu, xeyli neft daşındığını, buna görə də neftin qiymətinin gözlənildiyi qədər artmadığını vurğulayıb.
Tramp İranı "uğursuz dövlət" adlandırıb, ölkədə inflyasiyanın 350 faizə çatdığını, milli valyutanın artıq işləmədiyini və hökumətin hərbçilərin maaşlarını çətinliklə ödədiyini iddia edib.
O, İranın rəhbərlik strukturunun da qeyri-müəyyən olduğunu söyləyib: "Düşünürəm ki, onlar özləri də liderlərinin kim olduğunu bilmirlər".
Tramp ABŞ-nin İrana qarşı yeni hərbi əməliyyatlar keçirə biləcəyini istisna etməyib: "Bu, o demək deyil ki, biz onları yenidən vurmayacağıq. Görək nə baş verir".
İRAN HÖRMÜZ BOĞAZINDA 'NƏZARƏT SAHƏSİ' YARATDIĞINI BƏYAN EDİR
Tramp: ABŞ İrana 'ağır zərbə' endirəcək
ABŞ prezidenti Donald Tramp Amerika qüvvələrinin İrana "ağır zərbə" vuracağını bildirib. Maliyyə naziri Skot Bessent isə Tehrana iqtisadi təzyiqi daha da artıracaqlarını deyib. Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyadakı iki ABŞ bazasına raket buraxmışdı.
"Onları bərk vuracağıq. Cavab veriləcək", – "Fox News"un müxbiri avqustun 31-də Trampın belə dediyini xəbər verib.
SEPAH İordaniyadakı Kral Hüseyn və Əl-Əzraq bazalarına ballistik raketlər atdığını və böyük dağıntılar törətdiyini bildirmişdi. SEPAH-ın hücumlarla bağlı məlumatları müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb.
Trampın sözlərinə görə, ABŞ-nin hava hücumundan müdafiə sistemləri İranın təhlükə törədə biləcək bütün raketlərini zərərsizləşdirib.
İordaniyaya hücumdan əvvəl ABŞ qüvvələri İranın Larak adasındakı raket buraxılış qurğularına zərbə endirmişdi.
"Fox News"un xəbərinə görə, Tramp onu da deyib ki. Tehrana qarşı sərt iqtisadi tədbirlər İran iqtisadiyyatına ciddi təsir göstərir.
Bessent isə bildirib ki, ABŞ ilə İran arasında son qarşılıqlı zərbələr Tehranın yeni sanksiyaların ölkə iqtisadiyyatında ciddi problemlər yaratmasına aqressiv reaksiyasını göstərir.
"Onlar bunu çox ciddi qəbul edirlər... İqtisadiyyatlarının vəziyyəti onları şoka salıb", – Bessent ABŞ-nin Şimali Karolina ştatında 20 ölkənin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin toplantısında jurnalistlərə deyib.
"Təzyiqi davam etdirəcəyik, burada çox yaxşı müzakirələr aparmışıq", – Bessent söyləyib.
Onun sözlərinə görə, qarşıdakı həftələr və ya aylar ABŞ-nin təzyiq kampaniyasında dönüş nöqtəsi ola bilər. Bessent əlavə edib ki, Vaşinqtonun məqsədlərinə çatması üçün İran iqtisadiyyatının tamamilə çökməsinə ehtiyac olmaya bilər.
Fransanın maliyyə naziri Rolan Lekür toplantıda jurnalistlərə deyib ki, "hamımız bunun üzərində işləməliyik".
"ABŞ-nin sanksiyaları gücləndirməklə bağlı öz yanaşması var. Bu yöndə onlara kömək edib-etməyəcəyimizi müzakirə edəcəyik", – o vurğulayıb.