Ötən gün İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyada Amerika qüvvələrinin yerləşdiyi iki bazaya ballistik raketlər atdığını bildirib. Bunun Hörmüz boğazındakı Lark adasına ABŞ-nin zərbəsinə cavab olaraq həyata keçirildiyi açıqlanıb.
İordaniya ordusu isə avqustun 31-i səhər ölkənin hava məkanına girən səkkiz raketin vurulduğunu bildirib.
ABŞ avqustun 30-da Lark adasına zərbə endirib. Bu, bir aydan artıq müddətdə Amerika qüvvələrinin İran obyektlərinə ilk hücumu olub.
Hörmüzdən keçən gəmi sayı azalıb
AzadlıqRadiosuna danışan ekspertlərə görə, ABŞ-nin zərbəsi ayrıca götürülmüş hərbi əməliyyat kimi az əhəmiyyət daşıyır. Buna Vaşinqtonun İranın Hörmüz boğazında gəmiçiliyə təhdidlərinə qarşı güc tətbiqinə hazır olduğunu göstərməsi kimi baxılmalıdır.
Atlantik Şuranın qeyri-rezident baş elmi işçisi və Pentaqonun keçmiş rəsmisi Aleks Plitsas bildirib ki, son qarşılıqlı zərbələr İranın Oman sahillərində bir gəmiyə hücumundan sonra başlayıb.
Plitsasın fikrincə, İranın gəmiyə hücumu "ABŞ-nin son həftələr Hörmüz boğazından neft daşımalarının artması ilə bağlı açıqlamalarına birbaşa cavab" olub.
"Boğazın özü fiziki olaraq açıqdır. Hazırda gəmi axınının azalması əsasən İranın gəmilərə hücum riski ilə bağlıdır", – Plitsas deyib.
Müharibənin yeni mərhələsi deyil
"United Against Nuclear Iran" təşkilatının siyasət direktoru Ceyson Brodski hesab edir ki, bu zərbə ABŞ-dən gələn bir xəbərdarlıqdır: Vaşinqton Hörmüz boğazında gəmilərin sərbəst hərəkətini qorumaq üçün indiyə qədər əldə etdiyi uğurların itirilməsinə imkan verməyəcək.
Təhlilçi hücumu münaqişənin yeni mərhələsinin başlanğıcı kimi təqdim etməməyə çağırıb: "Bu, qətiyyən müharibənin yeni mərhələsinə keçid deyil. Əksinə, ABŞ-nin Hörmüz boğazında təhlükəsizliyi təmin etmək üçün iradəyə malik olduğunu xatırladır".
Dəniz təhlükəsizliyi üzrə "Auxilium Worldwide" şirkətinin rəhbəri İan Ralbi deyir ki, ABŞ-nin zərbəsi Vaşinqtonla Tehran arasındakı münaqişənin həll olunmamış qaldığını göstərir.
"Bugünkü zərbə vəziyyəti diqqətlə izləyən hər kəsə çoxdan bəlli olan bir reallığı göstərir– ABŞ və İran arasında beynəlxalq silahlı münaqişə davam edir", – o söyləyib.
"Vəziyyət çox tez alovlana bilər"
Ralbi Hörmüzdə gəmilərin hərəkətinin hələ də aşağı səviyyədə qalmasına diqqət çəkir. Hər iki istiqamətdə gündə təxminən beş gəmi keçir, bəzi günlər isə, ümumiyyətlə, hərəkət olmur.
Onun fikrincə, son zərbələr Vaşinqtonun məqsədlərinə nail olmaq üçün həm dənizdə, həm də İranın suveren ərazisində İrana qarşı güc tətbiq etməyə hazır və istəkli olduğunu göstərir.
Amma təkcə hərbi əməliyyat kommersiya operatorları üçün riskləri aradan qaldıra bilməz. SEPAH da artıq İordaniyadakı bazalara cavab hücumu etdiyini açıqlayıb.
Ralbi xəbərdarlıq edib ki, mümkün eskalasiya yalnız Hörmüzlə məhdudlaşmaya bilər. Onun sözlərinə görə, regionda bir neçə potensial gərginlik ocağı var və mövcud vəziyyətdən narazılıq tərəflərdən birini yenidən zorakılığa səbəb olacaq addıma sövq edə bilər.
"Hörmüzdəki vəziyyətin yaxın vaxtlarda həll olunacağı ehtimalı azdır. Bir sıra oyunçular arasında gərginlik yüksəkdir və vəziyyət çox tez alovlana bilər", – Ralbi vurğulayıb.
Şirkət rəhbəri növbəti eskalasiyanın Hörmüz boğazının coğrafi sərhədlərindən xeyli kənara yayıla biləcəyini əlavə edib. Livan və Qəzzanı İranı və ya husiləri yeni hücumlara sövq edə biləcəyi gərginlik ocaqları kimi göstərib.