III Respublika Platformasının sədri, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov deyir ki, özü də daxil, "ToplumTV işi" üzrə doqquz nəfərin məhkəməsində protokollar saxtalaşdırılır. Onun sözlərinə görə, harada dövlət başçısı İlham Əliyevin adı çəkilirsə, "ailə hakimiyyəti", "diktatura" kimi ifadələr səslənirsə, həmin çıxışlar protokollarda əksini tapmır. O bu barədə martın 2-də keçirilən məhkəmə iclasında danışıb.
ToplumTV internet televiziyası ilə bağlı cinayət işi üzrə doqquz nəfərin işinə 11 aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Azər Tağıyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.
Ötən iclasda təqsirləndirilən şəxslər məhkəmə protokolları ilə tanış olublar.
Martın 2-də keçirilən məhkəmə iclasında A.Qurbanov bildirib ki, protokollarla tanış olarkən, məhkəmədəki çıxışlarının təhrif edildiyini görüb. Onun sözlərinə görə, məhkəmə zallarında sistem elə quraşdırılıb ki, audio və videoyazı zamanı da bəlli ifadələr səslənəndə avtomatik fasilə yaranır: ""İlham Əliyev" və "ailə hakimiyyəti", "diktatura", "Əliyev rejimi" kimi fikirlər səslənəndə hamısı avtomatik olaraq yazılmır".
Məhkəmə prosesinə sədrlik edən hakim A.Tağıyev məhkəmə prosesinin audio və videoyazısında kəsintilər barədə deyilənləri qəbul etməyib. Məhkəmə iclas protokollarında sözügedən ifadələrin yazılmamasına gəlincə, hakim belə əsaslandırıb ki, baxılan cinayət işinin mahiyyətinə aid olmadığından belə fikirlər protokolda əksini tapmayıb.
A.Qurbanov və digər təqsirləndirilən şəxslərsə bunu məhkəmədə səslənən ifadələrin saxtalaşdırılması kimi dəyərləndiriblər.
Fərid İsmayılov
"Bilirəm ki, nə sifariş verilsə..."
Jurnalistlərdən Fərid İsmayılov məhkəmədə iştirak etmək istəmədiyini söyləyib və bununla bağlı vəsatət qaldırıb. O bildirib ki, sağlamlığında problemlər var, hər dəfə Kürdəxanıdan – Bakı İstintaq Təcridxanasından məhkəməyə gəlib-getmək onun üçün əlavə əziyyətdir: "Ən əsası, bu məhkəmədən heç bir gözləntim yoxdur. Onsuz da bilirəm ki, nə sifariş verilsə, o hökm də elan olunacaq. Boş yerə əziyyət çəkməyin nə mənası var?".
F.İsmayılovun vəsatəti təmin edilməyib.
Məhkəmə prosesində indi sənədlər araşdırılır. Hakim bir sıra sənədləri açıqlasa da, təqsirləndirilən jurnalistlər orada yazılanlara etirazlarını bildiriblər. Məsələn, Müşfiq Cabbarov deyib ki, sənəddə onun hərəkətdə olarkən saxlandığı, üstündəki çantadan içində pullar olan bir neçə zərf tapıldığı yazılıb. Onun sözlərinə görə, bu haqda yazılanlar yalandır, dayanacaqda dayandığı vaxt bir neçə nəfərin qaça-qaça ona tərəf gəldiyini görüb. Bu da təxminən 30-40 saniyə çəkib: "Əgər doğrudan da üstümdə elə bir şey olsaydı, atmaq imkanım vardı".
Ələsgər Məmmədli isə evə baxış keçirilməsi haqda qərar olsa da, faktiki axtarış aparıldığını söyləyib və cinayət işinin materiallarında axtarış qərarının olmadığını vurğulayıb.
"ToplumTV işi" üzrə məhkəmə prosesi martın 16-dək ertələnib.
Xatırlatma
"ToplumTV işi" üzrə həbslər 2024-cü ilin martından başlanıb və bu işlə əlaqədar yeddi nəfər, o cümlədən Ələsgər Məmmədli, Akif Qurbanov, Ruslan İzzətli qaçaqmalçılıq ittihamıyla həbs olunub. O zaman jurnalist Fərid İsmayılov və Elmir Abbasov haqqında alternativ qətimkan tədbiri seçilsə də, ötən ilin yanvarında F. İsmayılov həbs edilib.
Təqsirləndirilənlərə istintaqın sonunda qaçaqmalçılıqla yanaşı, cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakı leqallaşdırma, qanunsuz sahibkarlıq, vergidən yayınma, əmək müqaviləsi olmadan işçiləri cəlb etmə və başqa ittihamlar da elan edilib. İttiham maddələrində 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Təqsirləndirilənlərin heç biri ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını deyirlər.
2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30 nəfərdən çox jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 400-ə yaxın siyasi məhbus var.