"ToplumTV işi" çərçivəsində həbs olunan Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayevin saxlandığı Bakı İstintaq Təcridxanasında təzyiqlərlə üzləşdiyi bildirilir. Bu barədə onun yaxınları məlumat yayıb. Onların deməsinə görə, təcridxana rəhbərliyi R.Babayevə aclıq aksiyasını dayandırmayacağı təqdirdə digər məhbusların şəraitinin və onlara münasibətin daha da ağırlaşdırıla biləcəyi barədə xəbərdarlıq edib.
Yaxınları vurğulayırlar ki, R.Babayev bu məlumatı telefon danışığı zamanı çatdırıb, amma söhbət başa çatmadan əlaqə kəsilib.
Babayev bildirib ki, aclıq aksiyasının əsas məqsədlərindən biri penitensiar müəssisədə saxlanan şəxslərə qarşı pis rəftarın dayandırılmasına nail olmaqdır.
Bu məlumata Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Amma bundan əvvəl qurumdan oxşar şikayətlərlə bağlı bəyan edilib ki, təcridxana və cəzaçəkmə müəssisələrində saxlanan şəxslərlə yalnız qanun çərçivəsində davranılır.
R.Babayevin bu il aprelin sonunda aclıq aksiyasına başladığı, səkkiz gün sonra isə onu dayandırdığı bildirilmişdi. Fəal o zaman Bakı İstintaq Təcridxanası rəhbərliyinin irəli sürdüyü tələblərin əksəriyyətini yerinə yetirdiyini açıqlamışdı. Amma yaxınlarının bildirdiyinə görə, Babayev təcridxanada növbəti dəfə bir məhbusun zorakılığa məruz qalmasının şahidi olduğunu vurğulayaraq mayın 25-də aksiyanı yenidən bərpa edib. Onun irəli sürdüyü tələblər arasında təcridxanada işgəncə hallarının aradan qaldırılması, cərimə kameralarında sanitar şəraitin yaxşılaşdırılması, məhbus şikayətlərinin aidiyyəti qurumlara çatdırılması və siyasi məhbusların görüşlərinin gizli dinlənilməməsi yer alır.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təxminən 340 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti və ya siyasi səbəblərə görə həbs edilmir. Onların sözlərinə görə, həmin siyahılarda yer alan şəxslər törətdikləri konkret əməllərə görə məsuliyyətə cəlb olunublar.
Xatırlatma
"ToplumTV işi" üzrə həbslər 2024-cü ilin martından başlayıb. Həmin vaxt bu işlə əlaqədar 7 nəfər qaçaqmalçılıq ittihamı ilə həbs olunsa da, daha iki şəxs — Fərid İsmayılov və Elmir Abbasov barəsində alternativ qətimkan tədbiri seçilmişdi. Amma İsmayılov 2025-ci ilin yanvarında həbs edilib.
"ToplumTV işi" üzrə təqsirləndirilən şəxslərə istintaqın sonunda qaçaqmalçılıqla yanaşı, cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakın leqallaşdırılması, qanunsuz sahibkarlıq, vergidən yayınma və əmək müqaviləsi bağlamadan işçilərin işə cəlb edilməsi kimi yeni ittihamlar irəli sürülüb. Bu maddələr üzrə təqsirləndirilən şəxsləri 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Təqsirləndirilənlərin heç biri ittihamları qəbul etmir və peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını bildirirlər. Hazırda onların məhkəməsi davam edir.