ToplumTV ilə bağlı cinayət işi üzrə doqquz nəfər jurnalist və ictimai-siyasi fəala prokuror 13 ildən 16 ilədək həbs cəzası istəyib. Təqsirləndirilən şəxslər ötən 15 gün ərzində prokurorun çıxışının mətni ilə tanış olmadıqlarını, onun bu tələbi necə əsaslandırdığını bilmədiklərini deyirlər. Prokuror Rauf Malışovun məhkəmədəki çıxışı yalnız cəza tələbindən ibarət olub, sübut və dəlillər səsləndirilməyib. Təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, "III Respublika" Platformasının spikeri Akif Qurbanov iyunun 22-də məhkəmədə bu məqamlara diqqət çəkib. O da daxil, daha səkkiz nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Artıq məhkəmə istintaqı yekunlaşıb. Ötən iclasda prokuror çıxış etdiyindən iyunun 22-dəki iclasda vəkillərin müdafiə nitqi dinlənilməli idi. Di gəl, təqsirləndirilən şəxslər buna etirazlarını bildirərək prokurorun çıxışı ilə tanış olmaq hüquqlarının təmin edilməsini istəyiblər.
"Bu qədər saymazlıq, hörmətsizlik olmaz. Heç olmasa, öz hakimiyyətinizin müəyyənləşdirdiyi qaydalara hörmət edin", - A.Qurbanovun sözləridir. O, prokurorun çıxışı ilə tanış olmaq hüququnda israr edib. Məhkəmə prosesinə sədrlik edən hakim Azər Tağıyev belə israrı "şou göstərmək" adlandıranda isə A.Qurbanovdan bu cavabı eşidib: "Məhkəmə adı ilə şou göstərən sizsiniz. Məhkəməni məzhəkəyə döndərmisiniz. Proses başlayanda özünüzü elə göstərirsiniz ki, sanki İlham Əliyevin sifarişi ilə həbs olunmağımıza baxmayaraq, siz burada ədalətli araşdırma aparacaqsınız. Sonra nə oldu? Heç bir araşdırma aparmadınız. Qaldırılan vəsatətlərin heç birini təmin etmədiniz".
A.Qurbanov əlavə edib ki, 17 min manat pulu polislərin götürməsi və aqibətinin indiyədək bilinməməsi haqda da məhkəmədə danışaraq bu məsələnin araşdırılmasını istəsə də, məhkəmə bunu da araşdırmaqdan boyun qaçırıb. O, həbs olunmazdan üç ay öncə - 2023-cü ilin dekabrında artıq onlarla bağlı əməliyyat keçirilməsi haqda xəbər tutduğunu da məhkəmədə söyləyib. Bu üzdən, dekabrın 23-də "III Respublika" Platformasının qurucu heyət üzvlərindən Araz Əliyev (Bakı Dövlət Universitetinin keçmiş müəllimi - red.) onun əl çantasını ofisdən götürüb. A.Qurbanovun dediyinə görə, çantanın içində ona aid "MacBook Air 13" markalı iş kompüteri, pulqabı, bank kartları və 17 min manat olub. Ofisdən çıxandan az sonra saxlanılan A.Əliyev Nizami rayonu, 24-cü polis bölməsinə aparılıb və ardından ona polisə müqavimət ittihamı ilə 25 sutka həbs cəzası verilib. Amma çanta və içindəkilərin aqibəti bilinməyib.
Akif Qurbanov
"Sizə Daxili İşlər Nazirliyinin 17 min manatlıq cinayətini dedim"
A.Qurbanov deyir ki, çantası və içindəkilərin tapılması və məsələnin çözülməsindən ötrü dövlət qurumlarına rəsmi məktublar göndərsələr də, cavab alanadək onun özünü də həbs ediblər. Beləcə, həmin məsələ indiyədək araşdırılmayıb: "Mən məhkəmədə sizə Daxili İşlər Nazirliyinin 17 min manatlıq cinayətini dedim, bu məsələnin araşdırılmasını istədim. Bunu da araşdırmadınız. Siz nəyi araşdırırsınız?".
Digər təqsirləndirilən şəxslər də prokurorun çıxışı ilə tanış olmadan vəkillərin müdafiə nitqinə başlamasına etirazlarını dilə gətiriblər: "Malışov (prokuror - red.) ağzına gələn cəzanı istədi. Bir çıxışı oxuyaq, görək necə əsaslandırır...".
Bu səbəbdən "ToplumTV işi" üzrə məhkəmə prosesi iyunun 29-dək ertələnib. Qarşıdakı bir həftə içində təqsirləndirilənlərə prokurorun çıxışının mətni ilə tanışlıq imkanı yaradılmalıdır.
Məhkəmənin iki həftə öncəki iclasında prokuror iddia etmişdi ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş qaçaqmalçılıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma və s. ittihamlar məhkəmədə öz təsdiqini tapıb. O, təqsirləndirilən şəxslərdən Akif Qurbanov və III Respublika Platformasının qurucularından Ruslan İzzətlinin hər birinə 16 il, ToplumTV-nin təsisçisi, media hüquqçusu Ələsgər Məmmədli ilə jurnalist Əli Zeynalova 15 il, redaktor Müşfiq Cabbarov, fəallar İlkin Əmrahov və Ramil Babayevə 14 il, jurnalistlər Fərid İsmayılov və Elmir Abbasova isə 13 il həbs cəzası verilməsini təklif etmişdi.
Xatırlatma
"ToplumTV işi" üzrə həbslər 2024-cü ilin martından başlanıb. Həmin vaxt bu işlə bağlı yeddi nəfər qaçaqmalçılıq ittihamı ilə həbs olunub. O zaman jurnalist Fərid İsmayılov və Elmir Abbasov haqqında alternativ qətimkan tədbiri seçilsə də, ötən ilin yanvarında F.İsmayılov da həbs edilib.
Təqsirləndirilənlərə istintaqın sonunda qaçaqmalçılıqla yanaşı, cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakı leqallaşdırma, qanunsuz sahibkarlıq, vergidən yayınma, əmək müqaviləsi olmadan işçiləri cəlb etmə və başqa ittihamlar elan olunub.
Onların hamısı ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını deyir.
2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30 nəfərdən çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, indi Azərbaycan həbsxanalarında 328 nəfər siyasi məhbus var.
Rəsmilərsə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə, siyasi səbəblərlə həbs edilmir. Onlar iddia edirlər ki, adı həmin siyahılarda yer alanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar.