"ToplumTV işi" üzrə 12 ildən 15 ilədək həbs cəzası almış doqquz jurnalist və ictimai-siyasi fəalın apellyasiya şikayəti üzrə ilk məhkəmə iclasında qalmaqal yaşanıb. Bakı Apellyasiya Məhkəməsində sentyabrın 21-də keçirilən ilkin baxış iclasında doqquz nəfərdən yeddisi hissə-hissə məhkəmə zalından çıxarılıb. Nəticədə onlar öz məhkəmələrində iştirak edə bilməyiblər.
Bu iş üzrə apellyasiya şikayətinə Zəfər Əhmədovun sədrliyi ilə Faiq Qəniyev və Əfqan Ələkbərovdan ibarət hakimlər kollegiyası baxır. Məhkəmə iclasının əvvəlində həbsdəki jurnalistlərdən Fərid İsmayılov bu heyətlə işə baxılmasına etiraz edib. O yada salıb ki, Z.Əhmədov "AbzasMedia işi" üzrə həbs olunan jurnalistlərin də apellyasiya şikayəti məhkəməsinə sədrlik edib: "Həmin məhkəmə prosesini də biabırçı şəkildə apardınız...".
O işdə də sifarişlə qərar verildiyini və jurnalistlərin hüquqlarının pozulduğunu vurğulayan F.İsmayılov xatırladıb ki, hakim Z.Əhmədov məhkəmə sistemindən əvvəl prokurorluq orqanlarında çalışıb. O, Qaradağ rayonunun prokuroru olub: "Özünüzü hələ də prokuror kimi aparırsınız...".
Z.Əhmədov 20 il (2005-2025) Milli Məclisin deputatı olmuş Vahid Əhmədovun oğludur.
Ötən ilin avqustunda "AbzasMedia işi" üzrə keçirilən apellyasiya məhkəməsində də jurnalistlər prosesə Z.Əhmədovun sədrlik etməsinə qarşı çıxmış, onun hakimlik təcrübəsinin olmadığını demişdilər.
Hakim Z.Əhmədov indiyədək barəsində səslənən bu fikirlərə ictimai şəkildə heç bir münasibət bildirməyib.
Fərid İsmayılov
Jurnalist digər hakimə də etirazını bildirib
F.İsmayılov kollegiya tərkibindəki digər hakim F.Qəniyevin də sifarişli qərarların qəbulunda iştirakını vurğulayıb, həm də 11 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi olan qardaşı Şakir Qəniyevin fəaliyyətindən danışıb: "Qardaşı da məhbuslara verdiyi işgəncələrlə ad çıxarıb. Mühakimə etməyə qalanda əvvəl elə qardaşından başlamalıdır".
Hakim Z.Əhmədov bu çıxışına görə F.İsmayılovun məhkəmə zalından çıxarılması barədə göstəriş verib. Penitensiar Xidmətin əməkdaşları Fəridi çıxarmaq istəyəndə ToplumTV-nin həbsdə olan digər jurnalistləri buna etiraz ediblər. Onlar bildiriblər ki, bu cür başlanğıc hakimlərin özlərinin mahiyyəti və baxdıqları işə necə yanaşdıqlarının göstəricisidir. F.İsmayılov məhkəmə zalından çıxarılıb. Ardınca ToplumTV-nin video-redaktoru Müşfiq Cabbarov, jurnalistlər Əli Zeynalov və Ramil Babayev də zalı tərk ediblər.
Məhkəmə zalında qalanların anket məlumatları dəqiqləşdirilərkən, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov hakim Z.Əhmədovun ona "sən" deyə xitab etməsinə etirazını bildirib: "Etikaya riayət edin, bir qədər tərbiyəli olun, mənə "sən" deyə bilməzsiniz".
Hakim isə ona "tərbiyəsiz özünsən, bura sənin üçün siyasi tribuna deyil, şou göstərirsən" - cavabını verib.
Bu qalmaqal da Qurbanovun zaldan çıxarılması ilə nəticələnib. Ardınca isə təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı, ictimai fəal İlkin Əmrahov zaldan gedib..
Ruslan İzzətli
"Hətta atanız da etiraf edib ki..."
III Respublika Platformasının qurucularından Ruslan İzzətli hakim Z.Əhmədova xatırladıb ki, atası V.Əhmədov sonuncu deputatlıq dövründə bloqer Mehman Hüseynova müsahibəsində ölkədə siyasi məhbusların olduğunu etiraf etmişdi. Elə buna görə də cəzalandırılaraq ona töhmət vermişdilər: "Hətta atanız da etiraf edib ki, bu ölkədə insanları siyasi sifarişlə həbs edirlər...".
Hakim onun sözünü kəsərək məhkəmənin ata-oğul söhbətlərinin yeri olmadığını deyib.
"Axı siz özünüzü hakim kimi aparmırsınız. Siz özünüzü jandarm kimi aparırsınız", - R.İzzətli cavab verib.
Hakim R.İzzətliyə də "tərbiyəsiz" deyib və qarşı tərəf ona "özünsən" cavabını qaytarıb.
Ardından onun da zaldan çıxarılmasına göstəriş verilib və bu əmr yerinə yetirilib.
Məhkəmə zalında təqsirləndirilən şəxslərdən yalnız iki nəfər –ToplumTV-nin təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədli və Elmir Abbasov qalıb.
Ələsgər Məmmədli
Ə.Məmmədli deyib ki, rahatlıqla "zaldan çıxarın" göstərişi verilən şəxslərin hər biri ali təhsilli, savadlı, ziyalı insanlardır. O xatırladıb ki, R.İzzətli Qarabağ döyüşlərinin iştirakçısı olub, buna görə medallarla təltif edilib, A.Qurbanov isə illərlə Mərkəzi Seçki Komissiyasının üzvü vəzifəsində çalışıb: "Mən özüm Türkiyədə təhsil almış hüquqşünam. Bu gün siz vəzifədəsinizsə, güc sizin tərəfinizdədirsə, bu sizə ixtiyar vermir ki, belə ziyalı insanlarla yüksək tonla danışasınız. Xüsusən də ədalətsizlik edirsinizsə...".
Vəsatətlərin müzakirəsinə imkan verilməyib
Hakim Z.Əhmədov vəkillərə vəsatətlərini səsləndirməyi təklif edib. Vəkillər hakimə xatırladıb ki, təqsirləndirilən şəxslər zalda yoxdur və onlar vəsatətlərin müzakirəsində iştirak edə bilməyəcək. Hakim isə vəsatətləri müzakirəyə çıxarmağa ehtiyac olmadığını bildirib.
Vəkillər təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılması, apellyasiya şikayətlərinə qismən məhkəmə istintaqı aparılmaqla baxılması (bəzi şahidlərin dindirilməsi, müəyyən sübutların araşdırılması və s.) barədə vəsatətlər qaldırıblar.
Qanuna görə, hər bir vəsatətə digər vəkillər, təqsirləndirilən şəxslər və prokuror münasibət bildirdikdən sonra hakimlər qərar çıxarmalıdır. Lakin ToplumTV-nin məhkəməsində vəsatətlərin müzakirəsinə imkan verilməyib. Hakimlər müşavirəyə gedib, az sonra geri qayıdaraq heç birinin təmin olunmadığını elan ediblər.
Bu iş üzrə məhkəmə baxışı isə oktyabrın 5-nə təyin olunub.
Qardaşı: 'Ələsgər Məmmədli yolda huşunu itirib'
Sentyabrın 21-də Bakı Apellyasiya Məhkəməsində "ToplumTV işi" üzrə keçirilən prosesdən sonra təqsirləndirilən hüquqşünas Ələsgər Məmmədlinin səhhətinin kəskin pisləşdiyi bildirilir.
Bu barədə məlumat yayan qardaşı Nəsimi Məmmədlinin sözlərinə görə, məhkəmə iclası saat 16:45-də yekunlaşsa da, Ə.Məmmədli və digər şəxsləri Kürdəxanı təcridxanasına yalnız saat 21:00 radələrində aparıblar: "Təxminən dörd saat ərzində səhhətində ciddi problemlər olan Ələsgər bəy "voronok" adlandırılan xüsusi nəqliyyat vasitəsində havasız və ağır şəraitdə saxlanılıb".
N.Məmmədlinin vurğulamasına görə, bu da Ə.Məmmədlinin səhhətinə mənfi təsir göstərib: "Təcridxanaya aparılarkən Ələsgər bəyin təzyiqi yüksəlib, kəskin başağrısı və ürəkbulanması yaranıb. Ələsgər Məmmədli yolda bir neçə dəfə qusub və huşunu itirib. Onunla birlikdə məhkum olunmuş gənclərin müdaxiləsi və köməyi nəticəsində Ələsgər bəy birtəhər özünə gəlib. Daha sonra ona tibb müəssisəsində ilkin tibbi yardım göstərilib".
Bu açıqlamaya Penitensiar Xidmət və digət cavabdeh qurumlardan münasibət almaq mümkün olmayıb.
Yaxınları Ə.Məmmədlinin bir neçə xəstəlikdən əziyyət çəkdiyini bildirirlər.
Xatırlatma
"ToplumTV işi" üzrə həbslər 2024-cü il martın 6-dan başlayıb. Həmin gün həm ToplumTV-nin, həm də Demokratik Təşəbbüslər İnstitutunun ofisində, həmçinin əməkdaşların evlərində axtarışlar aparılıb.
Bu cinayət işi üzrə həbsdə olan doqquz nəfər jurnalist və ictimai-siyasi fəala ümumilikdə 121 il həbs cəzası kəsilib. Hökmə əsasən, Akif Qurbanov və Ruslan İzzətlinin hər biri 15 il, Ələsgər Məmmədli və Əli Zeynalov 14 il, Müşfiq Cabbarov, Ramil Babayev və İlkin Əmrahovun hərəsi 13 il, Fərid İsmayılov və Elmir Abbasov isə 12 il azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxslərə qaçaqmalçılıq, cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakı leqallaşdırma, qanunsuz sahibkarlıq, vergidən yayınma və s. ittihamlar verilib. Onların heç biri ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını deyirlər.
2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30 nəfərdən artıq jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 328 nəfər siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, ölkədə heç kimin sırf peşə fəaliyyətinə görə və ya siyasi səbəblərlə həbs edilmədiyini vurğulayırlar. Onlar iddia edirlər ki, həmin siyahılarda yer alan şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar.