"ToplumTV işi" üzrə həbsdə olan jurnalistlər iqtisadiyyat naziri Mikayıl Cabbarovla Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin məhkəməyə çağrılıb dindirilməsini tələb edirlər. Onlar fevralın 2-dəki məhkəmədə bu tələbi irəli sürüblər.
"ToplumTV işi" üzrə doqquz nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Jurnalistlərə başqa ittihamlarla yanaşı, vergidən yayınma ittihamı da verilib. Onlar toplam 79 min manatdan çox vergidən yayınmaqda suçlanırlar. Jurnalistlər bu ittihamı qəbul etmir və bu məbləğin necə hesablandığının açıqlanmasını istəyirlər. Bu üzdən, fevralın 2-dəki məhkəmədə həmin rəyi hazırlamış Dövlət Vergi Xidməti mütəxəssisi Nəsimi Süleymanov dindirilib.
Təqsirləndirilən şəxslərdən ToplumTV-nin təsisçisi, media hüquqçusu Ələsgər Məmmədli, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov və başqaları mütəxəssisdən rəyini hansı araşdırmaya dayanaraq hazırladığını soruşublar. Onlar səyyar və ya kameral yoxlama aparılıb-aparılmadığına, təqsirləndirilən şəxslərin hər birinin ayrı-ayrılıqda nə qədər vergi borcunun olmasına da aydınlıq gətirilməsini istəyiblər.
N.Süleymanovun cavabından aydın olub ki, yoxlamanı özü aparmayıb, rəyi istintaq materialları əsasında hazırlayıb.
Jurnalistlər Müşfiq Cabbarov, Əli Zeynalov və digərlərinin ayrılıqda hər birinin vergi borcu haqqında sualını isə N.Süleymanov bu məsələni sənədlərlə aydınlaşdırıb, gətirərkən cavablandıracağını bildirib.
Media eksperti Ələsgər Məmmədli
"Qanunda bununla bağlı heç bir tələb yoxdur"
Ə.Məmmədli 25 il vergi ödəyicisi olduğunu, 2024-cü ilin martında - həbs olunanadək heç vaxt bununla bağlı qaydaları pozmadığını, hesabatları gecikdirmədiyini vurğulayıb, hətta artıq vergi ödədiyini də söyləyib. O, həbsdən sonra vergi hesabatlarını ödəmək imkanının olmadığını deyərək hesabatlarını bir başqa şəxsin ödəyə bilməsi üçün yaxınlarından birinə etibarnamə verilməsini də xahiş edib.
Ə.Məmmədli vurğulayıb ki, bir sıra beynəlxalq təşkilatların layihələrinə media hüququ üzrə ekspert kimi xidmət müqaviləsi ilə qatılıb. Ancaq ToplumTV ilə bağlı cinayət işində həmin müqavilələr əsasında aldığı ödənişləri qrant kimi təqdim ediblər: "Xidmət müqaviləsini mən hansı dövlət orqanında qeydiyyatdan keçirməliydim? Qanunda bununla bağlı heç bir tələb yoxdur. Bu müqavilələr əsasında aldığım ödənişin vergisini ödəmişəm, sübutunu da təqdim etmişəm".
Jurnalist Fərid İsmayılov vergi mütəxəssisindən vergidən yayınma ilə bağlı sübutları təqdim etməsini istəyib. Mütəxəssis konkret sübutlar səsləndirməyərək bir daha istintaq orqanının ona təqdim etdiyi materiallara əsaslandığını təkrar dilə gətirib.
Fərid İsmayılov
Ardından F.İsmayılov iqtisadiyyat naziri M.Cabbarovla Dövlət Vergi Xidmətinin rəisi O.Nəzərlinin məhkəməyə çağrılması barədə vəsatət qaldırıb. Digər həmkarları da onu dəstəkləyiblər. Amma Azər Tağıyevin sədrlik etdiyi hakimlər kollegiyası bu vəsatəti rədd edib.
F.İsmayılovun başqa bir vəsatəti isə yaşadığı evdə aparılmış axtarış və tapıldığı iddia edilən pullarla bağlı olub. Jurnalist bildirib ki, məhkəmə qərarında evə baxış keçirilməsi yazılıb, amma faktiki, evdə axtarış və götürmə əməliyyatı aparılıb.
Jurnalist vurğulayıb ki, evindən tapıldığı iddia edilən 3 min avrodan çox vəsait ona məxsus deyil, axtarışı aparanlar özləri evə qoyub, özləri də götürüblər: "Demək istədiyim budur ki, o axtarışın özü qanunsuz olub, çünki məhkəmə qərarında "baxış" yazılıb. Axtarış və götürmə ilə bağlı qərar yoxdursa, deməli, o pul da qanunsuz götürülüb. O evdə olubsa, qaytarılmalıdır. Qaytarın pulumu...".
"ToplumTV işi" üzrə məhkəmə prosesi fevralın 9-da davam edəcək.
Xatırlatma
"ToplumTV işi" üzrə həbslər 2024-cü ilin martından başlanıb. O vaxt bu işlə bağlı yeddi nəfər, o cümlədən Ələsgər Məmmədli, Akif Qurbanov, Ruslan İzzətli qaçaqmalçılıq ittihamı ilə həbs olunub. Jurnalist Fərid İsmayılov və Elmir Abbasov haqqında alternativ qətimkan tədbiri seçilsə də, ötən ilin yanvarında F. İsmayılov həbs edilib.
Təqsirləndirilənlərə istintaqın sonunda qaçaqmalçılıqla yanaşı, cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakı leqallaşdırma, qanunsuz sahibkarlıq, vergidən yayınma, əmək müqaviləsi olmadan işçi cəlb etmə və başqa ittihamlar da açıqlanıb. Onlara ittiham verilən maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Onların heç biri ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını deyirlər.
2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30 nəfərdən çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 400-ə yaxın siyasi məhbus var.
Rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə, siyasi səbəblərlə həbs edilmir. Onlar iddia edirlər ki, adları həmin siyahılarda yer alanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar.